Heydər Əliyev və iqtisadi islahatlar

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”


Tariximizdə öz şərəfli yerini tutmuş və müstəqilliyimizin simvoluna çevrilmiş ulu öndər Heydər Əliyevin təməlini qoyduğu inkişaf yolu bu gün də uğurla davam etdirilir. Zaman ötdükcə, ümummilli liderin dühasının möhtəşəmliyi bir daha üzə çıxır. Müasir dövr Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, ulu öndərin Vətənimizin bugününə və gələcəyinə möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir.

Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun mükəmməl bir məntiqdən meydana çıxdığını ortaya qoyur. Ümummilli lider nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə çox mühüm və həlledici addımlar atıb. Əminliklə söyləmək lazımdır ki, Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında müstəsna rolu olan əvəzsiz şəxsiyyət olub.

Heydər Əliyevin gəlişi ilə Azərbaycan iqtisadi inkişaf yoluna qədəm qoydu

Tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəb olur. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda həmin dövrü yaşadı. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda daxildən parçalanmaq təhlükəsi ilə də qarşı-qarşıya qaldı. Azərbaycanı bu ağır vəziyyətdən 1993-cü ildə xalqın israrlı istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli lider Azərbaycana qayıtdı. Xalq onu rəhbər seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu. Qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”. Mərhum Heydər Əliyev də fəaliyyətə başladığı ilk dövrdə iqtisadiyyatın nə qədər mühüm sahə olduğuna diqqət çəkmişdi: "Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifahı aşağı düşüb. Lakin ölkəmizin böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.

Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın iqtisadi modeli yaradıldı

Həqiqətən, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başladı. Ulu öndər digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. İlk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etdi. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı. Bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.

Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən əsası isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı. Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi. 1996-cı ildən ümumi daxili məhsul istehsalı ilbəil artmağa başladı və həmin ildən etibarən dirçəliş dövrü başladı.

İqtisadi sahədə həyata keçirilən düşünülmüş islahatlar dövlət büdcəsini bir neçə dəfə artırdı

Ulu öndərin dühası ilə 1997-ci ildən sənaye məhsullarının buraxılışında ciddi artım müşahidə edildi. Neft emalı, metallurgiya, ağac emalı, şüşə və çini-saxsı məhsulları istehsalında artım daha yüksək oldu. Digər istehsal sahələrində geriləmə meyilləri tamamilə dayandırıldı, hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru da inkişaf etdirildi. Sənayenin inkişafı ilə yanaşı, ümummilli lider ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox normativ-hüquqi akt qəbul edildi. Kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam sabitləşdi, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırıldı. Bir müddət əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan daha sonra xaricə məhsul ixrac etməyə başladı. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün oldu. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişləndi və inkişaf etdi. 1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə, hətta dördrəqəmli faizə qədər artması müşahidə olunduğu halda, aparılan iqtisadi islahatlar nəticəsində 1995-ci ildən sonra inflyasiyanın birrəqəmli həddə saxlanılmasına nail olundu. İqtisadiyyatda aparılan düşünlümüş islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə, xərcləri isə 72 dəfə artdı. Ulu öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı. Ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində ölkəmizdə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək oldu.

"Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının sürətli və güclü inkişafına səbəb oldu

Azərbaycanın iqtisadi siyasətinin öncül istiqamətlərindən biri neft strategiyasının hazırlanması idi. Müəllifi ümummilli lideri Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü il sentyabrın 20-də başlanıldı. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Heydər Əliyevin özünün də vurğuladığı kimi, "Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı. Bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaq”. "Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınan bu müqavilənin imzalanması və gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənilib hazırlanan yeni neft strategiyasının parlaq təzahürüdür. "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının istismarını nəzərdə tutan neft müqaviləsinin imzalanması ölkəyə külli miqdarda xarici investisiyanın axınına səbəb oldu. Bu hələ sovet dövründən başlanan danışıqların, Heydər Əliyev tərəfindən atılan konkret addımlarla həyata keçirilməsi idi. Heydər Əliyev düşünülmüş strategiya tətbiq edərək xarici ölkələrin şirkətlərini Azərbaycana gətirdi. "Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi.

Neft və qaz kəmərlərinin işə salınması ölkə iqtisadiyyatının hüdudlarını genişləndirdi

Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına nail oldu. Eyni zamanda hasil olunacaq əsas neftin nəqli üçün "Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsi reallaşdı. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə Prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzaladılar. Yaradılan çoxsaylı əngəllərə baxmayaraq, ulu öndərimizin siyasi iradəsi və uzaqgörənliyi sayəsində maneələr dəf edildi və layihə reallaşdı. 2003-cü ildə isə kəmərin tikintisinə başlanıldı. Nəticədə Azərbaycan neftinin dünya bazarına çıxarılması reallığa çevrildi. Bununla yanaşı, Heydər Əliyev Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan "Bakı-Tbilisi-Ərzurum” qaz kəmərinin də təməlini qoydu. Heydər Əliyev neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradılması kimi xidmətləri ilə də yadda qaldı. 1999-cu il dekabrın 29-da "Dövlət Neft Fondunun yaradılması haqqında” Fərman imzalandı. Ulu öndərin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Uğurlu iqtisadi siyasətin məntiqli davamı kimi, resursların daha da səmərəli paylanmasını təmin etmək üçün səmərəli büdcə sistemi və dövlət xərclərinin idarəetmə sistemi tələb olunurdu. Bu sahədə də ümummilli lider tərəfindən xeyli işlər görüldü. Azərbaycanda büdcə sisteminin təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən etmək məqsədi ilə 2002-ci ildə "Büdcə sistemi haqqında” yeni qanun qəbul olundu. Bununla yanaşı, dövlət büdcəsinin gəlirlər hissəsində önəmli xüsusi çəkiyə malik olan vergi daxilolmalarının artırılması, vergi siyasətinin təkmilləşdirilməsi istiqamətində də ulu öndərin rolu danılmazdı. Tam əminliklə demək olar ki, 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoydu.

Müasir iqtisadiyyatımız ümummilli liderin iqtisadi siyasət konsepsiyası üzərində qurulub

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial yönümlü bazar prinsiplərinə əsaslanan iqtisadi inkişaf siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında da uğurla davam etdirilir. Şübhəsiz ki, ölkəmizin tərəqqisinin əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olub. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Bu model Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir. Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir.


İsmayıl Qocayev

Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq
müsabiqəsinə təqdim edilir