“İcra hakimləri Ali Baş Komandanın rayonlar üzrə bir nömrəli əsgərləridir”
Milli Məclisin fevralın 14-ü keçirilən iclasında yenidən hazırlanmış "Hərbi vəziyyət haqqında” qanun layihəsi əsas oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov məlumat verib. O, bildirib ki, hazırda qüvvədə olan "Hərbi vəziyyət haqqında” qanundan fərqli olaraq, yeni layihə 6 fəsil 27 maddədən ibarətdir. Qanuna görə, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı dövlət başçısı parlamentə müraciət edir. Parlament 72 saat ərzində bu məsələyə baxıb qərarını verir.
Yeni qanun layihəsində isə bu müddət 48 saata endirilib. Layihədə əks olunan digər məsələlər isə hərbi vəziyyətin elan olunması zamanı bütün qurumlarda hərbi rejim qaydalarının tətbiqi ilə bağlıdır. Hərbi komendaturaların yaradılması, hərbi vəziyyət zamanı əhalinin bir yerdən başqa yerlərə köçməməsi və digər məsələlər də layihədə əksini tapıb.
Dəyişikliklə bağlı "Şərq”ə fikirlərini bölüşən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Azərbaycan yerləşdiyi coğrafi məkana görə hər zaman diqqət mərkəzində olub. Ona görə də regionda baş verə biləcək istənilən hadisə zamanı Azərbaycanın səfərbər olması və real təhlükələrdən sığortalanması zəruridir.
"Hərbi vəziyyət haqqında” qanun SSRİ zamanında qəbul edilib və Azərbaycan müstəqilliyini qazananda tərcümə olunaraq kiçik dəyişikliklərlə olduğu kimi saxlanılıb. Yəni qanunun üzərində ciddi iş aparılmayıb. İndi müasir dövrdür, texnologiya inkişaf edib. Müharibə şəraitində olduğumuz üçün savaşla bağlı qanunlar daha təkmil olmalıdır. Nəzərə alaq ki, Azərbaycan Dağlıq Qarabağ problemi ilə yanaşı, şimal və cənub qonşuları tərəfindən də zaman-zaman təhdidlərə, təhlükələrə məruz qalır. Bu baxımdan 72 saatlıq müddətin 48 saata endirilməsi müsbət haldır. Dövrlə, zamanla ayaqlaşmaq lazımdır”. Ekspert bildirib ki, qanunun qəbul edilməsi yaxşıdır. Lakin paralel olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzərinə düşən işləri görməlidir: "Ümid edirəm, qanundan sonra qurum praktiki əmələ keçəcək. Çünki sadəcə qanunu qəbul etməklə iş bitmir. Mən ehtiyatda olan zabitəm, amma 10 ildən artıqdır ki, hansısa hərbi təlimə cəlb olunmamışam. Təbii ki, söhbət tək məndən getmir.
Bu işə ümumilikdə diqqət ayrılmalıdır. Xüsusilə rayon icra hakimiyyətləri səfərbərlik işində yaxından iştirak etməlidirlər. Konkret olaraq icra başçıları hərbi təlimlərə cəlb edilməlidir. Fikrim qəribə səslənməməlidir. İcra başçıları Ali Baş Komandanın rayonlar üzrə bir nömrəli əsgərləridir. Sabah hansısa təhlükə yaranarsa, səfərbərlik işləri icra hakimiyyətlərinin üzərində olur. Amma bizim merlər elə bilirlər ki, brend kostyum geyinib, bahalı maşın sürməklə işləri qurtatır”.
Ü.Cəfərovun fikrincə, səfərbərlik zamanı bütün texnika, axırıncı ata, uzunqulağa kimi bütün heyvanlar qeydiyyata salınmalıdır:
"O qədər görüləsi işlər var ki. Əgər Bakı şəhərinə havadan hücum olarsa, yaxud cəbhə xəttinə yaxın ərazilərdə ciddi təhlükələr meydana gələrsə, o zaman insanların təxliyə olunmalı, təhlükəsiz bölgədə yerləşdirilməlidir. Bəs biz buna hazırıqmı? Mümkün qədər yarımçıq işləri tamamlamağa çalışmalıyıq ki, sabah ciddi fəsadlarla üzləşməyək”.
İsmayıl