İcra nümayəndəsinə CƏZA TƏLƏB OLUNDU




Dələduzluqda, vəzifə saxtakarlığında təqsirləndirilən Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edib. Prokuror A.Osmanovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi martın 1-də davam edəcək.

Qeyd edək ki, Ağaqədir Osmanov həbs edilən zaman Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışıb.

Bundan əvvəl isə rayonun daha bir neçə qəsəbəsində icra nümayəndəsi işləyib. Ağaqədir Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Osmanov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İş üzrə 4 nəfər zərərçəkmiş var. A.Osmanov vətəndaşlara torpaq satacağı adı ilə onlara qarşı dələduzluq edib. O, 4 il əvvəl vəfat edən Gülsüm Əhmədovanın adından yeni etibarnamə əldə edərək onun torpaq sahəsini başqa şəxslərə satıb.