İlahiyyatçıdan SOS: "Braşuralar dərc edib dini ayrıseçkiliyi təbliğ edirlər"

Hacı Şahin Həsənli:"Bəzi cərəyanlar zərərli ədəbiyyatın nəşri ilə məşğul olurlar və bunlara qarşı tədbirlər həyata keçirilir”




"Qeyri-qanuni yollarla, müxtəlif cərəyanlar ölkədə dini ədəbiyyat nəşr etməyə cəhd göstərirlər. Bunun qarşısı alınır”.

Bunu "Sherg.az”a qanunsuz dini ədəbiyyatın yayılmasından danışarkən ilahiyyatçı Hacı Şahin Həsənli deyib. 

O söyləyib ki, bəzən adi braşuralar dərc edilir və bu vasitələrlə, dini ayrıseçkilik, dözümsüzlük təbliğ edilir:

"Amma keçən illərə nisbətən bu sahədə vəziyyət müsbətə doğru dəyişib. Dini Qruplarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə çox sayda dini ədəbiyyat çap edilib. Yenə də, bunun tam kökünü kəsmək mümkün deyil. Bəzi cərəyanlar zərərli ədəbiyyatın nəşri ilə məşğul olurlar və bunlara qarşı tədbirlər həyata keçirilir”.

İnternet vasitəsilə yayılan zərərli dini fikirlərə, qadağan olunmuş dini ədəbiyyata gəlincə ilahiyyatçı bunların qarşısını almağın çətin olduğunu deyib:

"demək olar, belə mexanizm mövcud deyil. Çünki bu cür dini təbliğatlar eyni mənbədən qaynaqlanmır. Müxtəlif vasitələrlə internetdə bu məlumatlar yayılır və nəzarət etmək mümkün olmur. Sadəcə insanları diqqətli olmağa yönləndirə bilərik”.

Qeyd edək ki, yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu Sülh küçəsi 135 ünvanında yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan "Ənsar” mağazasında reyd keçirilib. Baxış zamanı müvafiq İcra hakimiyyəti orqanının razılığı ilə yaradılmış, ixtisaslaşdırılmış satış məntəqəsi olmayan "Ənsar” dükanında satışına razılıq verilməmiş, nəzarət markası ilə markalanmış 400 (dörd yüz) ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Aysel Aslan