İlanlardan necə qorunmalı? - Zoologiya institutunun professoru izah edir





"Bölgələrdə, həyətyanı sahələrdə siçanlar olur, ilanlar da o ətraflarda həmişə cəmləşir”.

Bunu Sherg.az-a son günlərdə bölgələrdə havaların istiləşməsi ilə bağlı ilanların yayılmasına münasibət bildirərkən AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Sahib Əhmədov deyib. 

O bildirib ki, ilanlardan qorunmaq üçün ilk növbədə evlərin ətraflarında siçanlar olmamalıdır:

"Həmişə həyəti təmiz saxlamaq, lazımsız əşyaları yığışdırmaq, ilanların və ya siçanların peyda olmasına imkan yaratmamaq lazımdır. Bəzən çiy kərpicdən evlər tikilir ki, aralarında boşluqlar qalır. İlanlar onların arasında gizlənir. Mən bir neçə il əvvəl Quba rayonu ərazisində damda yaşayan bir ailənin ziyarətçisi oldum. Ailə elə vəziyyətdə yaşayırdı ki, həmin ərazidə 200-ə yaxın ilana rast gəlmək olurdu. Sonra İcra Hakimiyyətinə müraciət etdim ki, kasıb adamdır, ona bir qədər köməklik göstərsinlər.

Ümumi götürdükdə ilanları tamamilə məhv etmək mümkün deyil. Sadəcə sanitariya qaydalarına əməl etmək lazımdır. Əşyaları altında ilanların gizlənə bilməyəcəyi şəkildə yığmaq lazımdır. Bəzi hallarda gürzə ilanları evlərə yaxın gəlir. Onlar evin içərisində və ya ətrafında quş balaları olduqda ayaq açırlar. Ona görə, maarifləndirmə də həyata keçirilməlidir. Televiziyalarda hansı ilanların zəhərli, hansıların zərərsiz olduğu barədə məlumatlar verilməlidir. İnsanlar bilməlidir ki, gürzə ilanı hansıdır, zəhərsiz ilanlar hansıdır, əlamətləri nədir, hansıları necə məhv etmək olar. Yaranan vahimənin böyük qismi insanların ilanları tanımamasından irəli gəlir. İlan gördükdə hər kəs qaçır, panikaya düşür, qorxur. Lakin onların zəhərli olmaması ağıla gəlmir. Biz rayonlara getdikdə əhali ilə söhbətlər aparırıq ki, onlar ilanları tanısınlar. İlanı öldürmək olmaz, bu qeyri-humanistlikdir. Ən çətin vəziyyətdə mütəxəssislərə müraciət etmək lazımdır. İlanlar bəzən o qədər faydalı olur ki, biz onların qiymətini bilmirik. Amma ilanlardan qorunmaq üçün də diqqətli olmalıyıq”.

Qeyd edək ki, Oğuzun Padar kəndində bir ailənin yaşadığı evə ilanlar hücum çəkib. Havalar istiləşəndən sonra sürünənlər yenidən üzə çıxıb və getdikcə sayları artır. Vəziyyətlə bağlı aidiyyati qurumlara məlumat verilsə də, hələlik çarə tapılmayıb.

Aysel Aslan