İldə 8 milyon dollar o qədər də böyük rəqəm deyil

Trampın Azərbaycana yardımı dayandırmasının mənfi nəticəsi olmayacaq


ABŞ Prezidenti Donald Tramp Azərbaycana ayrılan maliyyə yardımını dayandırmaq niyyətindədir. Bu barədə məlumat ABŞ Dövlət Departamentinin büdcə layihəsində əksini tapıb. Layihədə Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrinə ayrılan vəsaitdən Azərbaycanın payına düşən 7,716 milyon dollar maliyyə yardımı tam dayandırılıb. Ermənistan üçün nəzərdə tutulan 17,633 milyon maliyyə dəstəyi isə 77,3 faiz azaldılaraq 4 milyona endirilib.

Sənəd təsdiqlənəcəyi təqdirdə, 100-dək ölkədə fəaliyyət göstərən USAİD regional bürolarının sayını 65 faiz azaldacağını açıqlayıb.
Bəs, ABŞ Dövlət Departamentinin xətti ilə Azərbaycana edilən yardımın kəsilməsi ölkəmizə nə dərəcədə təsir edəcək?
Trampın Azərbaycana ayrılan maliyyə yardımını dayandırmasının səbəbləri və ölkə iqtisadiyyatına təsirləri ilə bağlı suallarımızı cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov "Şərq”ə açıqlamasında deyib ki, Ağ Ev administrasiyasının yeni rəhbəri Donald Trampın ölkəmizə maliyyə yardımını dayandırmaq haqda qəbul edəcəyi qərarla bağlı sensasiya axtarmağa, məyus olmağa və yaxud təəccüblənməyə heç bir əsas yoxdur: "Bu, bütün inkişaf etməkdə olan ölkələrə münasibətdə atılacaq addımın bir tərkib hissəsidir. Yəni, təkcə bizə aid deyil. Təsəvvür edin ki, Qırğızıstan, Tacikistan və Ermənistan kimi inkişaf etməkdə olan ölkələr sırasına daxil olmayan ölkələrə də belə yardımların həcmi kəskin səviyyədə azaldılacaq. Ermənistana 18 milyon dollara yaxın yardım edilirdisə, bu, 4 milyona endiriləcək. Yəni, söhbət, 2018-ci ildən gedir. Belə ki, Dövlət Departamentinin növbəti il üçün büdcə lahiyəsində belə deyilir”.
P.Heydərovun sözlərinə görə, D.Tramp administrasiyasının xarici ölkələrə yardımları azaltması bu ölkə tərəfindən ümumiyyətlə, beynəlxalq maliyyə yardımlarının ixtisarı çərçivəsində həyata keçiriləcək: "Ağ Ev rəhbərliyi Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) proqramlarını azaltmaq və onu Dövlət Departamenti ilə birləşdirmək niyyətində olduğunu bildirib. Ümumiyyətlə, D.Tramp hələ hakimiyyətə gəlməmişdən öncə, xaricə yardımları azaldacağını və bir çox istiqamətlərdə kəsəcəyini bildirmişdi. Çünki əvvəla, Amerikada getdikcə, daha çox daxili siyasətə diqqət yetirilir. İkincisi də ki, ölkənin dövlət büdcəsi üzrə də vəziyyət perspektiv baxımdan heç də qənaətbəxş deyil”.
Azərbaycana yardımın kəsilməsinin heç bir mənfi nəticəsi olmayacağını vurğulayan iqtisadçı sözügedən vəsaitin həcminin bir o qədər də çox olmadığını, ildə cəmi 8 milyon dollara yaxın olduğunu deyib: "İkincisi, bizim maliyyə vəziyyətimiz yaxşıdır, buna faktiki heç ehtiyac yoxdur. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, ötən 25 il ərzində ABŞ Azərbaycana 1 milyard 300 milyon dollar məbləğində yardım edib. Və bu, Ermənistanla münaqişədən əziyyət çəkən insanlara, fermerlərə, yeni biznes müəssisələr qurmaq, sahibkarlıq biznesi ilə məşğul olmaq istəyənlərə kömək üçün verilib. Əlbəttə ki, 90-cı illərdə bu cür yardımlara indikindən daha çox ehtiyac və tələb olduğundan, sözügedən yardım əhəmiyyətli idi. Ancaq bu gün isə bizim yardıma deyil, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa ehtiyacımız var. Və dövlət də, özəl sektor da məhz buna çalışmalıdırlar”.
Şəymən