Əli Mirəliyev: “Hamısı məhkəmədə üzə çıxacaq”
"İlhamə Quliyevanı öldürən Orxandır. Hamısı məhkəmədə üzə çıxacaq”. Bunu hafta.az-a müsahibəsində tanınmış müğənni Əli Mirəliyev deyib. Mərhum xalq artisti İlhamə Quliyevanın dayısı oğlu Əli Mirəliyev hələ də yarımçıq qalan miras məsələsi ilə bağlı qarşıdan gələn məhkəmə proseslərindən danışıb.
- Siz də orada iştirak edəcəksinizmi?
- Hələ ki, məni çağıran yoxdur. Gedib-getməyəcəyimi bilmirəm. Çağırsalar, gedəcəyəm, çağırmasalar, özbaşına necə gedim ora. Mən bu prosesdə nə qədər lazımlı adam olduğumu deyə bilmərəm. Ola bilsin ki, qızımı çağırsınlar, amma məni yox...
- Mediada sizin mirasa şərik olmaq niyyətinizlə bağlı xəbərlər yayılmışdı. Sizdən isə açıqlama gəlmədi. Bu həqiqətdirmi? Qohumu olaraq İlhamə Quliyevanın mirasına varis kimi iddianız varmı?
- Bunları kim çıxarıb? Mənim belə iddiam olmayıb. Mediada çox şey yazırlar. Mediada bizim yüksək səviyyəli məmurları da pisləyirlər, indi buna inanmalıyıq? Belə bir şey olmayıb, heç vaxt mirasa iddia etməmişəm. Orxanın anası, yoldaşı Arifə, yaxud da Orxanın özü İlhamənin sağlığında o evə buraxılmırdı. Təsəvvür edin, İlhamə xanım rəhmətə gedib, bizə də tapşırmışdı ki, onları qapıdan içəri buraxma. Həmin bu adamlar da gəlib bir dəqiqənin içərisində evin sahibi oldular. Xidmətçini bayıra atdılar, qovdular. Siz onda necə olardınız həmin vaxt?.. Ona görə də incidim. Dedim siz nə edirsiniz, heç olmaya mərhumun qırxına kimi dözün, yola verin. Qırx mərasimindən sonra da, biz qohumlar bir araya gəlib, oturub söhbət edərik bu haqda, hara tələsirsiniz... Dedim ki, qapı açıq qalsın, xidmətçi öz işinə qayıtsın. Qırxına kimi camaat, el-oba gəlib-getsin. Bunlar hay-küy saldılar, prokurorluq əməkdaşları da gəlib qapını bağladı, bunları da qovdu bayıra. Vəssalam.
- Əli müəllim, necə düşünürsünüz, miras kimin haqqıdır? O da var ki, faktiki olaraq hüquqi sənəd-vəsiyyətnamədə yazılmayıb bununla əlaqədar olaraq. Belə olan halda kimə çatmalıdır bu miras?
- Bilmirəm, miras məsələsi necə olacaq. Onun bacısı İradə də var; Quliyeva İradə Məzahir qızı. İlhamənin də ad soyadı Məzahir qızı Quliyevadır. Əlavə bir bacısı da var, Gülbahar xanım. İlhamə xanım sağlığında demişdi ki, var-dövlətini əsgərlərə, kimsəsizlərə vəsiyyət edəcək. İndi isə bilmirəm necə həll edəcəklər, məhkəmə hansı qərar çıxaracaq.
- Orxan Nadirov İlhamə xanımın vəfatından sonra onun maşınını sürürdü. Sonra hüquq-mühafizə orqanları avtomobilin avtodayanacağa təhvil verilməsini ondan tələb etmişdilər. Qaytardımı Orxan maşını? Çünki miras hüquq-mühafizə orqanları tərəfindən möhürləndikdən sonra Orxan Nadirov avtomobilin hələ də onda qaldığını demişdi...
- Maşını elə həmin gün onun əlindən almışdılar. Sadəcə olaraq o, yalandan demişdi ki, guya maşın ondadır. Xeyr, nə evin, nə də ki, maşının açarları onda deyil. Hamısını əlindən alıblar. Yalandan telekanallarda çıxıb deyir ki, anamın evinin, avtomobilinin açarları məndədir. Birincisi, sənin anan Lalə, atan da Əhmədağa, soyadın da Nadirovdur. İlhamənin ümumiyyətlə, sənə aidiyyəti yoxdur.
Sadəcə olaraq, İlhamə sağ olanda onu şou xatirinə ora-bura aparıb öz oğlu kimi qələmə verirdi. Siz jurnalistlər çox şeyi bilmirsiniz. Orxan beş-on şou-biznes adamını, jurnalistləri başına yığıb, onlar da bunu dəstəkləyirlər. Orxanı İlhamənin oğlu kimi qələmə verirlər. Ümumiyyətlə, İlhamənin uşağı yoxdur. Ona baxan mənim qızım olub. Bacısı oğlu Eldar İsmayılov, bacıları İradə, Gülbahar...
İlhamənin əsl doğmaları, etibar etdiyi, inandığı bu adamlardır. Nə Orxan, nə də ki, onun ailəsi yaxın on beş ildə İlhamənin çevrəsində olmayıblar. Sadəcə olaraq, bir iki dəfə şou xatirinə çıxıb dedi ki, Orxan mənim oğlumdur. Sonra da Orxan bir-iki səhv etdi, İlhamə xanımı şantaj etdi, dedi ki, məndə sənin səsyazman var. Şantaj edirdi İlhamə xanımı, əvəzində pul alırdı. İlhaməni öldürən Orxandır, bilirsiniz. Onun ölümünə səbəb olan şəxs Orxan Əhmədağa oğlu Nadirovdur. Onun gördüyü işlərin sayəsində... Çox işlər görüb Orxan. Ona pul atıb, bundan pul alıb. Bilirsiniz, çox şeylər var. Məhkəmədə hamısı üzə çıxacaq.