İmzatoplama kampaniyası davam edir

Sərdar Cəlaloğlu, Əli Əliyev hələ imza vərəqələri almayıb, digər namizədlərdə isə proses davam edir




Məlum olduğu kimi, aprel ayının 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu, Azərbaycanda sayca 8-ci seçki olacaq. İndiyə kimi baş tutan 7 prezident seçkisində ümumilikdə 40 şəxs namizəd olaraq iştirak edib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, budəfəki prezident seçkisinə qatılmaq üçün 12 nəfər MSK-ya müraciət edib. Fevral ayının 20-dən etibarən isə namizədlər üçün imzatoplama kampaniyasına start verilib.

Toplanan imzaların və digər zəruri sənədlərin MSK-ya qəbulu martın 12-dək davam edəcək. Məlumat üçün bildirək ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, siyasi partiya prezidentliyə irəli sürdüyü namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdır. Qanuna əsasən, 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.
Yeni Azərbaycan Partiyası öz ənənəsinə uyğun olaraq, mövcud 125 dairənin hər birinin ərazisindən tələb edilən sayda imzaları toplayıb. Partiyadan verilən xəbərə görə, imzatoplama kampaniyası uğurla başa çatdırılıb: "İcra Katibliyində toplanmış imzalarla bağlı bir daha dəqiqləşdirmələr aparıldıqdan sonra sənədlər toplusu Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin imzatoplama kampaniyası ilə bağlı "Şərq”ə açıqlama verən partiya rəhbərinin müavini Niyaməddin Orduxanlı prosesin davam etdiyini deyib: 

"İmzatoplama kampaniyası başlayandan bugünədək hər gün qapı-qapı gəzib imza yığırıq. Bizim partiyanın 60 rayon şöbəsi mövcuddur. Prosesə uyğun olaraq hər rayon şöbəsinə maksimum halda 600-800, bəzi rayon şöbələrinə isə 1000-1500 imza toplamaq tapşırılıb. Rayonların potensialına görə, rəqəmlər müəyyənləşib. Hələlik proses sürətlə davam edir. Düşünürəm ki, çox yaxın günlərdə prosesi yekunlaşdıracağıq. Çünki bizim rayon şöbələrimiz güclüdür. Son 15 ildə böyük seçki təcrübəsi qazanmışıq. Ona görə də 45 imza toplamaq BAXCP üçün heç də çətin deyil”.
Prezidentliyə namizədliyini irəli sürən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə imza toplanma kampaniyasının 3 gündür davam etdiyini deyib: "Heç bir problem yoxdur. Ümid edirik ki, sənədləri vaxtında MSK-ya təqdim edə biləcəyik”.

Ağ Partiyanın sədri Tural Abbaslının imzatoplama kampaniyası ilə bağlı danışan sədr müavini Əhəd Məmmədli də prosesin davam etdiyini söyləyib:
 "Bakı, Sumqayıt və regionlarda imzatoplama prosesi gedir. Ancaq müəyyən səbəblərdən kampaniya çətin keçir, bəzi yerlərdə bizə çətinliklər törədilir. Məsələn, konkret Gədəbəydə imzatoplama kampaniyasına mane olmağa çalışırlar. Lakin bütün bunlara rəğmən imzatoplama kampaniyasını davam etdiririk”.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu isə imzatoplama kampaniyasına başlamadıqlarını bildirib:
 "Hələlik bizə imzatoplama vərəqələri verilməyib. Biz onu gözləyirik. MSK-nın iclası olacaq, bizim namizədliyimiz qeydə alınacaq və sonra vərəqələr veriləcək. ADP-də seçki ilə bağlı qərargah yaratmışıq. İmzatoplama işində iştirak edənləri də müəyyən etmişik. Lazım olan imzaları hardan, necə və nə qədər toplayacağımız bəllidir. Yəni planlaşdırmamız tam hazırdır”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də onlara imza vərəqələrinin verilmədiyini deyib: "Hələ qanunla nəzərdə tutulmuş müddət bitməyib. MSK imza toplamaq üçün vərəqələri bizə verən kimi kampaniyaya başlayacağıq. Bütün hazırlıqlarımız həyata keçirilib”.

İsmayıl