"Bank sistemində yaranmış problemlər öz həllini tapmasa, iqtisadiyyatda canlanma baş verməyəcək”.
Bunu Sherg.az-a "Parabank”ın BOKT-a çevrilməsinin nəticələrini izah edərkən iqtisadçı, ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, bank sahəsində mövcud olan geriləmə iqtisadiyyata ciddi təsir edir:
"Bank sahəsində problemlərin artması artıq rəsmi orqanları da, əhalini də narahat edir. Bank sistemi bütün dünyada, o cümlədən Azərbaycanda iqtisadiyyatın əsasını təşkil edir. Bu sistem normal fəaliyyət göstərməlidir ki, bütün iqtisadiyyatda da normal proses təmin olunsun. Bazarda da bununla bağlı yaranmış problemin əsasında dayanan məsələ problemli kreditlərin həcminin yüksək olmasıdır. Digər tərəfdən artıq manatın baha olduğunu nəzərə alaraq, Mərkəzi Bank 15 faiz uçot dərəcəsi ilə bankları maliyyələşdirə bilir. Banklar keçmişdən dərs götürərək daha sərt şərtlərlə kredit verir. Bu da kreditləri bahalaşdırır və əhalidə marağı azaldır. Bu problemləri həll etmək və canlanma yaratmaq üçün ya radikal addımlar atılmalıdır, ya da "Parabank”la bağlı verilən qərar kimi keçid edərək, yumşaq şəkildə öz aktivlərini və passivlərini idarə etməklə bu işi görə bilər”.
"Parabank”-ın BOKT-a çevrilməsinin eksperiment olduğunu qeyd edən N.Cəfərlinin sözlərinə görə, bu proses alınarsa, problemlərin həllində irəliləyiş əldə olunsa, digər banklarda da həmin modeli tətbiq etmək olacaq:
"Bu model də uğurlu olmayacaqsa, sonunda "Parabank”a da dövlətin yardımı ehtiyacı yaranacaqsa, yardım və kömək nəticəsində problemlərini həll edəcəklərsə, digər banklarda BOKT-a çevrilmə mexanizmi tətbiq olunmayacaq. Fikrimcə, bank sistemində daha radikal qərarların alınmasının vaxtı çatıb. Çünki sağlamlaşdırma tədbirləri o qədər güclü olmalıdır ki. ayaqda qalan güclü banklar iqtisadiyyatı maliyyələşdirməyə başlasın. Mövcud olan maliyyə və kredit çatışmazlığı olduqca bu iqtisadiyyatda maliyyə çatışmazlığı yaradır, pul dövriyyəsini zəiflədir. Ona görə, mənə elə gəlir ki. eksperimentdən asılı olaraq digər banklarla bağlı da qərar veriləcək. Uğurlu model olmasa, digər banklarla bağlı daha radikal qərarların verilməsi ehtimalı var”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən, "Para" Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-yə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya verilib.
Aysel Aslan