“İndi hörmətli sənətkarlar televiziyalara gəlmir”

Murad Arif: “Mən hələ ciddi musiqilərin bağlanmış qapılarından danışmıram”






Bu gün demək olar ki, bütün dünyada bəsit musiqiyə meyl çoxalıb. Bu proseslər hətta klassik musiqinin beşiyi sayılan Almaniya və Fransada da gedir. Təkcə bizdə bu problem yoxdu. Elə yəqin bu səbəbdən doğdu ki, dünyanın ayrı-ayrı yerlərində təxminən eyni dönəmdə 3 böyük kitab çıxdı ki, bunlardan biri Aleks Rossun Amerikada çap olunmuş "Daha sonra sükut...” kitabıdır.

"Hamlet”in məşhur olan son sözləri bu kitabın qayəsini təşkil etdi. Müəllif demək istədi ki, artıq musiqi susur. Martınovun Rusiyada çap olunan "Bəstəkarlar dövrünün sonu” kitabı da bu qəbildən olan kitab oldu. Üçüncüsü də Fukuyamanın bu problemə həsr olunmuş kitabıdır. Zamanla bu problemlər böyüyür.

Bu prosesləri görənlər də oldu. Fəlsəfə jurnalistlərin predmetinə çevrilib, iqtisadiyyat haqda artistlər danışır, elm kiməsə lazım deyil, klassik incəsənət öz yerini kütləvi mədəniyyətə verib.
Niyə musiqi zövqümüz bu qədər korlanıb? Son illər keyfiyyətli musiqiləri niyə eşidə bilmirik? Təəssüf ki, bayağı mahnı janrı klassik, ağır janrları üstələyib. Və bununla paralel bayağı, həvəskar musiqi, peşəkar musiqini kölgədə qoyur. Bəs yerli bəstəkarlarımız bu barədə nə düşünür? Sənət aləmində nə baş verir?

Suallarımıza şoumen, bəstəkar, müğənni Murad Arif cavab verdi.

- Bu yaxınlarda açıqlamalarınızdan birində qeyd etmisiz ki, dələduzluğun qurbanı olmusuz?

- Əslində sənət aləminin stereotipləri dəyişib. Səhnəyə olan hörmət fərqlidir. Qaldı mənə qarşı dələduzluğa, bəlkə də belə hallar çox olub, mən fərqinə varmamışam. Mən toya dəvət olunuram, müəyyən bir məbləğ tələb edirəm. Ev sahibini qane edirsə, məni şənliyinə dəvət edir. Əgər ortada vasitəçi olursa, ona da müəyyən faiz ödəyirəm. Bunu hamı edir. Sadəcə bəzən müğənnilərin yanında olan köməkçilər, disk daşıyanlar, yəni 3-cülər mənim dediyim qiymətin üstünə bir o qədər də deyib toy danışır. Mən xəbərsiz oluram. Halbuki o insana 10 faiz pulunu ödəyirəm. Amma o, əlavə də ev sahibindən pul qazanmış olur. Başqa bir məclisə dəvət alanda təsadüfən ev sahibləri ilə yenidən rastlaşanda, bilirəm ki, adımdan yalan deyilib, daha böyük məbləğ alınıb.

- Bayağı musiqilərə son vaxtlar meyl çoxalıb. Özünüz də bəstəkar kimi bir çox tanınmışlarla çalışmısız. Nədi bu bəsitliyə marağın səbəbi?

- Cəmiyyətin mədəni səviyyəsinin aşağı olması müsiqi zövqümüzə də təsirini göstərir. İntellektual cəmiyyətdə bayağı musiqiyə, bəsit incəsənət növlərinə maraq olmur. Bunu birmənalı şəkildə qəbul etmək lazımdır. Sənətçilər də reytinqin, kütləvi musiqilərin qurbanına çevrilib. Çünki məhz bizim bayağı dediyimiz musiqilər daha çox dinlənilir. Youtub kanalında bu musiqilərə baxış daha böyükdü. Və belə halda sənətdə olanlar musiqinin arxasınca qaçmağa hardasa məcbur qalırlar. Bir misal çəkim sizə. Bizdə kinoteatrlar Oskar mükafatı alan filmləri təqdim etməkdən imtina etdilər. Afişanı belə buraxmadılar. Səbəb isə çox bəsitdi. Çünki həmin Oskar alan filmlərə bizim tamaşaçı baxmaq istəmir. Zallar boş qalır. Onları belə filmlər maraqlandırmır. Kinoteatrlarda yüngül , bəsit gülüşə səbəb olan kommersiya xarakterli filmlərə daha çox tamaşaçı gəlir. Kinoteatrlarda belə fimlərə baxış ciddi kinolardan qat-qat çoxdu. Komediya janrında olan bəsit filmlərdən daha böyük gəlir əldə olunur. Elə musiqimiz də o vəziyyətdədir. Müğənni də dolanmalıdır, televiziya da gəlirlərini ödəməlidir. Biz cəmiyyətin intellektual səviyyəsinə artıq xidmət edə bilmirik. Buna gücümüz qalmayıb. Çünki bir keyfiyyətli mahnı yazırsan, youtub kanalında 3 min baxış olmur. Amma avara, bəsit dediyimiz o musiqilərə milyonlarla baxış var. Bu çox acınacaqlı problemdir. Əslində bu çox ciddi bir problemdir. Bununla bağlı institutlar təşkil edilməli, intellektual mədəni səviyyənin yüksəldilməsi istiqamətində layihələr hazırlanmalıdır. Səhnə cəmiyyətin bir güzgüsüdür. Bizim bu gün cəmiyyətimiz hansı səviyyədədirsə, səhnəmiz də, musiqimiz də, kinomuz da o səviyyədədir.

- Efirlər bayağı musiqilərin piarında nə qədər günahkardı?

- Bilirsiz bəla nədir? Əvvəllər televiziyaya çıxmaq hər sənətçiyə qismət olmurdu. Televiziya ciddi musiqini, xalq musiqilərini, bəstəkar musiqisini təqdim etməyə maraqlı idi. Bu gün bu tendensiya pozulub. Burda da reytinq məsələsi özünü göstərmiş olur. Televiziya reytinqin əsirinə çevrilib. Televiziyada ciddi musiqiləri ifa edən müğənnilərə qulaq asan yoxdur. Əvvəllər efirə çıxmaq prestij sayılırdı. İndi efirə çıxmamaq prestij sayılır. Çünki efirlərə elə müğənnilər çıxır ki, əsl sənətkarların onlarla bir arada olması bəzən gülünc görünür. Ona görə də özünə hörmət edən, sənətkar adını dərk edən müğənniləri son vaxtlar efirlərdə görə bilməzsiz. Tünzalə Ağayeva, Mir Yusif və bu qəbildən olan digər müğənniləri son vaxtlar hansı verilişlərdə görə bilmisiz? Çox az hallarda verilişlərdə iştirak edirlər. İndi efirdə olmamaq, efirə gəlməmək prestij gətirir. İndi hörmətli sənətkarlar televiziyalara az gəlir. Mən hələ ciddi musiqilərin bağlanmış qapılarından danışmıram.

- Demək istəyirsiz ki, akademik, klassik musiqilərin qapısı bağlanıb?

- Əlbəttə. O barədə heç danışmaq istəmirəm. Çünki danışsam, ürək ağrıdar. Bu gün akademik janrda mahnı yazan varmı? Yazsalar belə, onları dinləyən auditoriya qalıbmı? Bu, həqiqətən dəhşətdir. Bəstəkarlar ciddi musiqiləri ancaq öz ruhlarını sakitləşdirmək üçün yazırlar. Çünki onların o musiqilərinə müğənnilər müraciət etməyə ehtiyac duymurlar. Çünki belə musiqilərə qulaq asan qalmayıb, onlar nə toylarda, nə efirlərdə bu musiqiləri səsləndirmək istəmirlər. Hamı çalışır ki, fürsət düşən kimi, populyar olan, repertuarında yer alan "çörək gətirən” musiqilər ifa etsin. Çünki bu musiqilər onlara reytinq gətirir, nəticədə qazanc klassik musiqinin gətirə biləcəyindən qat-qat artıq olur.

Tahirə