İlqar Vəlizadə: " Düzdür, xarici işlər naziri Mnatsakanyan baş nazirə müəyyən məlumatlar verir. Amma məlumatların üzərində işləmək və onları qavramaq imkanları baş nazirdə aşağı səviyyədədir"
"Paşinyan proseslərə lazımlı dərəcədə yanaşa, onları təhlil edə bilmir. Onun görüşlə paralel sərsəm açıqlamalar səsləndirməsi ümumi prosesə zərbə vurur"
"Münaqişə tərəfləri arasında müəyyən kontaktlar olmalıdır ki, hansısa insident baş verərsə, proses idarə olunmaz vəziyyətə gələrsə, mövcud əlaqələr işə salınaraq durumu tənzimləmək mümkün olsun”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Ötən gün Nyu-Yorkda baş tutan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edən ekspertin sözlərinə görə, xarici işlər nazirləri 3 saatdan çox danışıblar. Görüşdən sonra Elmar Məmmədyarov müəyyən fikirlər səsləndirib. Bu o deməkdir ki, Ermənistan xarici işlər nazirliyi Azərbaycanın marağını kəsb edən bir sıra təkliflərlə çıxış edib:
"Əgər tərəflər oktyabrda növbəti dəfə sövdələşmək qərarı veriblərsə, deməli bu və ya digər formada danışıqlar prosesi gedir. Ən azından burada konstruktiv əsaslar var. Ancaq neqativ hal odur ki, Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlardan xəbəri yoxdur. Düzdür, xarici işlər naziri Mnatsakanyan baş nazirə müəyyən məlumatlar verir. Amma məlumatların üzərində işləmək və onları qavramaq imkanları baş nazirdə aşağı səviyyədədir. Paşinyan proseslərə lazımlı dərəcədə yanaşa, onları təhlil edə bilmir. Onun görüşlə paralel sərsəm açıqlamalar səsləndirməsi ümumi prosesə zərbə vurur. Əgər baş nazir siyasətin nə olduğunu bilsəydi, bir qədər ehtiyatlı açıqlamalar verərdi”.
Analitikin fikrincə, xarici işlər naziri Z.Mnatsakanyan baş nazirdən fərqli olaraq təcrübəli diplomatdır:
"O, uzun müddət BMT-də işləmiş adamdır. Amma küçə eyforiyası ilə yaşayan Paşinyanın yersiz bəyanatları Mnatsakanyanın mövqeyini əhəmiyyətsiz edir, görüşün nəticəsini heçə endirir. Sözünə və hərəkətinə görə məsuliyyət daşımayan Paşinyan hökuməti ilə normal danışıqlar aparmaq asan olmayacaq. Yəni indiki vəziyyətin mürəkkəbliyi Paşinyan faktoru ilə bağlıdır”.
İsmayıl