İnflyasiya gözləniləndir...

ABŞ bahalı dollar siyasətini davam etdirəcək




ABŞ Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri Canet Yellenin sonuncu açıqlamasına görə, uçot dərəcəsinin artırılması prosesi davam etdiriləcək. FED rəhbərliyinin buna müsbət baxdığını qeyd edən C.Yellenin sözlərinə görə, gələn il istehlakçıların xərcləri, özəl sektorun yatırımları və ixracatçıların dəstəyi ilə ABŞ-da iqtisadi artım tempi 2,5 faiz təşkil edəcək və inflyasiya artım nümayiş etdirəcək.

Görəsən, dolların uçot dərəcəsinin qaldırılması Azərbaycanın manatına necə təsir edəcək?
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, Federal Ehtiyat Sisteminin növbəti toplantısı cari ilin noyabr ayının 1-də olacaq. Dekabr ayında isə uçot dərəcəsinin yenidən artırılması ehtimalı var: 

"Son günlər ABŞ dollarının məzənnəsində baş verən möhkəmlənmə meyilləri ilk növbədə Prezident Donald Trampın ABŞ Mərkəzi Bankının rəhbərliyinə Con Teylorun gətirilməsi barədəki düşüncələri olub. Sərt monitar siyasət aparmağın tərəfdarı olan C.Teylor uçot dərəcəsinin artırılmasının tərəfdarıdır. Görünən budur ki, o, FES-nin rəhbərliyinə gətirilərsə, ABŞ hökuməti bahalı dollar siyasətini sərgiləməkdə davam edəcək. Məqsəd bu yolla ABŞ iqtisadiyyatına daha çox kapital cəlb etməkdən ibarətdir. Dolların möhkəmlənməsi digər ölkələrin milli valyutalarının məzənnəsinin zəifləməsinə gətirib çıxara bilər. Manatın məzənnəsi isə daha çox neftin qiymətlərinin səviyyəsindən və qeyri-neft ixracının həcmindən asılı olacaq”.

Şəymən