Yadigar Məmmədli: “Hətta cibində belə sayt gəzdirənlər var”
İnternet mediada qeyri-peşəkarlıq problemi...
Qulu Məhərrəmli: “İnternet media ənənəvi medianın davamı və ya eybəcərləşmiş formasıdır”
Yadigar Məmmədli: “Hətta cibində belə sayt gəzdirənlər var”
Yadigar Məmmədli: “Hətta cibində belə sayt gəzdirənlər var”
(əvvəli ötən sayımızda)
Azərbaycan mediasında hər keçən gün media etikasını pozan yazıların, reportajların sayı artır. Sifarişli yazılar, kiminsə haqqında ictimai rəyi mənfiyə doğru dəyişdirmək üçün əsaslandırılmamış, qurama sübutlarla hazırlanan reportajlar, bir şəxsin o biri şəxsə qarşı aşağılamalarla dolu yazıları artıq mediada adi haldır. Adətən belə yazılar qısa müddət fəaliyyət göstərən reket saytlar və qəzetlərdə yayılsa da, bəzən belə halları ciddi və böyük media orqanlarında da görürük. Halbuki jurnalistin peşə vəzifəsinə həm də cəmiyyəti lazımi informasiya ilə təmin etmək, əhali arasında maarifçilik işi aparmaq, mədəni dəyərləri daha geniş yaymaq kimi prestijli funksiyalar daxildir. Jurnalistika üçün ümumi olan elementar prinsiplərə riayət etmək isə hər bir mətbuat işçisinin sadəcə peşə borcudur.
Demokratik cəmiyyət düzənində mətbuat və söz azadlığı KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onun üzərinə həm də əlavə məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edən jurnalist həm peşə etikasına riayət etmiş olacaq, həm də peşə ləyaqətini yüksək tutmuş olacaq. Amma tez-tez şahidi oluruq ki, sensasiya və reytinq arxasınca qaçan və söz azadlığından şəxsi maraqları üçün istifadə edən bir qrup insanlar jurnalistika prinsiplərinə tamamilə zidd olaraq obyektivlikdən və etikadan uzaq mülahizələrin, yalan, böhtan və dezinformasiyaların mətbuata çıxmasına şərait yaradır, hətta özləri yol göstərirlər.
Qeyd edək ki, çap mediasındakı problemlərə qarşı mübarizə aparmağın daha asan və effektiv olduğunu vurğulayan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu günlərdə qeyri-peşəkar jurnalistlərlə bağlı maraqlı açıqlama ilə çıxış edib.
Millət vəkili, savadsız, qeyri-peşəkar şəxslərin onlayn mediada özlərinə yer tapdığını, elektron mediada məlum problemin ciddi şəkildə hiss edildiyini bildirib: "Hazırda onlayn media sahəsindəki vəziyyət deməzdim ki, ürəkaçandır. Əksinə, bizi ciddi düşündürən bir sıra mənfi meyillər hələ də aktuallığını saxlamaqdadır”.
İşini zamanın tələblərinə uyğun şəkildə quran onlayn media vasitələrinin də az olmadığını vurğulayan Ə.Amaşovun sözlərinə görə, məhz onların fəaliyyəti nəticəsində elektron medianın Azərbaycan cəmiyyətində qəbul olunduğunu söyləmək mümkündür: "Peşəkar yanaşma tərzi ilə seçilən internet media resursları ictimai rəyi doğru yönləndirmək missiyasını üzərlərinə götürməyi bacarıblar. İnsanlarda onlara inam yaranıb. Bu inam vaxtilə ənənəvi mediaya olan inam səviyyəsinə çatmasa da, nikbin düşünmək üçün əsaslar var. Ancaq bilirsiniz ki, ənənəvi mediadan onlayn mediaya keçid prosesi ümumən itkisiz ötüşmür. Vaxtilə Mətbuat Şurası ayrı-ayrı qəzetlərin qeyri-etik fəaliyyətinə qarşı mübarizə aparırdı. Mübarizə özünü doğruldurdu da. Bu sahədə nöqsanlar azalırdı. Ancaq informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində fərqli vəziyyət yarandı. Yeni vəziyyətdə söz və ifadə azadlığının sərhədləri nə qədər genişləndisə, ondan sui-istifadə etmək niyyətinə düşənlərin də plasdarmı bir o qədər genişləndi. Bəzən əldə etdiyimiz pozitiv meyillərin sıradan çıxdığına şahid olduq. Bu səbəbdən hazırkı vəziyyəti ürəkaçan saymaq çətindir. Əlbəttə, qeyri-peşəkarlığı səbəb kimi görmək mümkündür. Ancaq qeyri-peşəkarlıq ümumi səciyyə daşıyır. Bu cəhət özündə bir sıra mənfi meyilləri birləşdirir. Hansısa onlayn media vasitəsi bilərəkdən qərəz yağdırırsa, bunun özü də qeyri-peşəkar yanaşma tərzinin göstəricisidir”.
Maraqlıdır, doğrudanmı savadsız və qeyri-peşəkar jurnalistlər yalnız onlayn mediada mövcuddur? Ümumiyyətlə, çap və ənənəvi media arasında belə bir bölgü aparmaq nə dərəcədə doğrudur?
Yazılı mediada uzun illərə söykənən bir ənənənin olduğunu vurğulayan Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin professoru, media eksperti Qulu Məhərrəmlinin sözlərinə görə, artıq 90-cı illərin əvvəllərində Azərbaycan jurnalistikası həmin ənənələri möhkəmləndirib və inkişaf elətdirib: "Yəni ki, yazılı medianın peşəkarlıq ənənələri ordan gəlir. Düzdür, ənənəvi mediada çalışan jurnalistlər arasında da qeyri-peşəkarları, savadsızları, reketçiliklə məşğul olanları olub. Amma sayları o qədər də çox deyildi. İnternet mediada isə vəziyyət bir qədər fərqli və mürəkkəbdir. Ona görə mürəkkəbdir ki, internet medianın hüdudları yoxdur. Bu sahə həddindən artıq insanı öz əhatəsinə alıb. Həm də ki, internet media iqtisadi baxımdan da ucuz və asan başa gəlir. Elə bir ciddi xərc çəkmədən sayt yaradıb, istifadə etmək olar. Onlayn media vasitələri arasında peşəkar kollektivi və formatı ilə seçilən, jurnalistikanın peşə fəaliyyətinə əməl edən saytlarımız da çoxdur. Amma çox təəssüf ki, onlayn mediada jurnalistikanın heç bir prinsipinə əməl etmədən ancaq öz şəxsi maraqlarını güdən, mətnə, sözə qeyri- peşəkar, dil-üslub qaydalarına biganə yanaşan jurnalistlər də az deyil. Əslində çap mediası ilə internet mediası arasında peşəkarlıq müqayisəsi aparmaq da bir o qədər düzgün olmazdı. Çünki hər iki media vasitəsində peşəkarlar da, qeyri-peşəkarlar da var. Belə deyə bilərik ki, internet media ənənəvi medianın davamı və ya eybəcərləşmiş formasıdır. Yeni fəaliyyətə başlayan qəzetlərə nəzər salsaq, onların da peşəkarlıqdan uzaq olduğunu görərik. Köşklər qəzetlərlə doludur, amma yenicə çıxan qəzetləri alıb oxuyan belə yoxdu. Oxunmayan, tələbat olmayan bir qəzetə sırf ənənəvi media yolunu gedir deyə, necə peşəkar demək olar? O cümlədən də internet media vasitələri arasında kifayət qədər oxucu auditoriyası olan saytlar var. Onları necə qeyri-peşəkar adlandırmaq olar?
Orfoqrafiyanı bilmək və sözləri biri-birinin yanına düzmək hələ peşəkar jurnalist olmaq deyil. Peşəkar o insana deyilir ki, fəaliyyəti müddətində jurnalistikanın etik davranış kodeksinə, peşə standartlarına əməl edir və yazdığı hər cümlənin məsuliyyətini dərk edir. Peşəkar media orqanı odur ki, o, həm oxucunun, auditoriyanın marağını nəzərə ala, həm də özünün prinsiplərini gerçəkləşdirə bilir”. Jurnalistikanın cəmiyyətdəki bütün ictimai sferaların hamısı ilə bağlı olduğunu vurğulayan professor hesab edir ki, jurnalistikada peşəkar olmaq üçün həm auditoriyanın maraqlarını ifadə etməyi, həm də öz prinsiplərini qorumağı bacarmalısan. Yəni, sən qəzetin - oxucunun, xüsusən də aşağı zövqlü oxucunun və tamaşaçının səviyyəsinə düşmürsən, onu öz ritmində, öz səviyyəndə saxlamağı bacarırsan. Çünki jurnalistikanın məqsədi hamının xoşuna gəlmək deyil: "Jurnalistikanın məqsədi, missiyası məlumatlandırmaqdır, cəmiyyətə bilgilər verməkdir, onu maarifləndirməkdir, demokratiya yoluna işıq salmaqdır, insanlara yol göstərməkdir. Ona görə bunu bacaran, bu səviyyəni saxlaya bilən media qurumları dünyada nüfuzlu media qurumları sayılır”.
Ənənəvi media ilə yeni media arasındakı müqayisənin şərti olduğunu vurğulayan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli hesab edir ki, internet media vasitələrinin bu qədər geniş yayılması müsbət tendensiyadır. Həm jurnalistlər getdikcə texnologiyadan daha çox yararlanırlar, həm də mediamız inkişaf edir. Amma sözsüz ki, yeni medianın özü ilə gətirdiyi fəsadlar da yox deyil: "Təbii ki, bu da bizi narahat etməyə bilməz. Razıyam ki, ənənəvi mediada peşəkarlıq qalmaqdadır. İndi çıxan qəzetlərdə həmin prinsiplərə riayət olunur. Çünki qəzetçilərin şüurunda belə bir şey formalaşıb ki, yazılı mətbu orqanda səhv etmək olmaz, qəzet sənəd sayılır. Burda hər hansı qüsur yolverilməzdir. Bəziləri düşünür ki, internet mediada istənilən səhvə yol vermək olar. Bu, tamamilə yanlışdır. İnternet saytlar medianın bir qolu sayılır. Deməli, qəzetlərdə nəyi yazmaq olmazsa, eyni şey saytlar üçün də keçərlidir. Təəssüflər olsun ki, bəzi media nümayəndələri bunu dərk etmirlər.
Azərbaycan qanunvericiliyi imkan verir ki, istənilən şəxs KİV yaratsın. Bu fürsətdən istifadə edən "işbaz”lar da jurnalistikaya axın edərək ölkədəki söz və mətbuat azadlığından öz maraqları üçün istifadə eləməyə başladılar. İnternet media isə daha ucuz və əziyyətsiz olduğu üçün onlar üçün "göydəndüşmə” oldu. Çünki qəzet çıxarmaq xeyli maliyyə və əziyyət tələb edir. Ən azından bir redaksiya olmalı, mətbəə xərclərini ödəyəcək maliyyə olmalıdır. Amma bir kompyuterlə bir saytı işlətmək mümkündür. Hətta cibində belə sayt gəzdirənlər var. Jurnalistikanın qayda-qanunlarına tabe olan, peşə prinsiplərinə əməl edən saytların sayı çox azdır. Jurnalistikadan uzaq, naşı adamlar onlayn medianı bürüyüb. Artıq problem həmin saytlara qarşı inzibati tədbirlər görüləcək səviyyəyə çatıb. Amma qanunvericilikdə buna icazə yoxdur. Bu mənada Əflatun Amaşovun açıqlamasını bir SOS kimi dəyərləndirirəm. Bu narahatçılıq da həmin saytların öz fəaliyyətlərini milli maraqlarımıza zidd istiqamətdə qurması ilə bağlıdır”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb