İnternetdən istifadə olduqca asanlaşıb

Ona görə internet kluba gedənlərin sayında ciddi azalma müşahidə olunur
“Hazırda ölkəmizdə internetin əlçatanlığı ilə bağlı yox, keyfiyyətli internetə əlçatanlılıq problemi var”




Statistik göstəricilərə əsasən Azərbaycanda internetdən klublarda istifadə edənlərin sayı azalıb. 2011-ci ildə internetə qoşulanların 10,1 faizi şəbəkədən internet klublarda istifadə etdiyi halda, son 3 ildə bu rəqəm azalaraq, 2014-cü ildə 3,7, 2015-ci ildə 3,5, 2016-cı ildə isə 3,6 faizə enib.

Ötən ilin məlumatına əsasən, ümumilikdə Azərbaycanda əhalinin 78 faizi internetdən istifadə edir. Ölkədə qadınların 76,1-i, kişilərin 79,9 faizi internet istifadəçisidir.

Qeyd edək ki, əvvəlki illərlə müqayisədə hazırda ölkəmizdə internetdən istifadə olduqca asanlaşıb. Hər evdə internetin olduğunu görürük. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz statistik göstəricilərlə bağlı fikirlərini "Şərq”lə bölüşüb. 

Onun sözlərinə görə, hazırda hər yerdə, hətta küçələrdə də internetdən istifadə etmək mümkündür: 

"Ona görə də bu tendensiya onu göstərir ki, əvvəlki dövrlərdə internetə əlçatanlılıq olmadığına görə insanlar internet klublara daha çox meyil edirdilər. İndi isə evlərdə, iş yerlərində internet daha çoxdur, həm də bir çox ictimai yerlərdə internet əlçatandır. Bu baxımdan internet klublara gedənlərin sayınını azalması reallıqdır. Bu rəqəmlərin azalması təbii haldır. Hazırda ölkəmizdə internetin əlçatanlığı ilə bağlı yox, keyfiyyətli internetə əlçatanlılıq problemi var. Keyfiyyətli internet bizdə olduqca azdır”.

Yeganə Bayramova