İqtidarla müxalifətin görüşü olacaq

Mirmahmud Mirəlioğlu: “Görüş baş tutacağı təqdirdə nəticəni görəcəksiniz”
Sərdar Cəlaloğlu: “Hər kəsin bu görüşlə bağlı müxtəlif fikirləri var”

İqbal Ağazadə: "Əsas təşəbbüskar Mirmahmud Mirəlioğludur”

Azərbaycanda iqtidarla müxalifətin görüşü məsələsi yenidən gündəmdədir. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyalar Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşəcək. Görüşlə bağlı mətbuata açıqlama verən Əli Həsənov Azərbaycanda fəaliyyət göstərən bir qrup partiya sədri ilə keçiriləcək görüşün dekabrın 13-də baş tutacağını bəyan edib. Şöbə müdiri həmçinin bildirib:

"Bir müddət əvvəl bəzi siyasi partiyalar hakimiyyətlə dialoq təşəbbüsü ilə çıxış etmişdilər. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla dialoqa və əməkdaşlığa həmişə hazırdır. Bu sahədə kifayət qədər təcrübə də toplanıb. Ayrı-ayrı vaxtlarda ictimai-siyasi qurumların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə keçirilmiş görüşlərdə Azərbaycanın ictimai-siyasi həyatında iştirak etməyin siyasi və hüquqi normaları, seçkilər, sağlam siyasi rəqabət, insan hüquq və azadlıqlarının təmin edilməsi və digər məsələlərə dair səmərəli fikir mübadiləsi aparılıb və irəli sürülən dəyərli rəy və təkliflər nəzərə alınıb”.

Ə.Həsənov qeyd edib ki, ADP, ALDP, KXCP, BAXCP, AXP, Böyük Azərbaycan, Ümid, Azadlıq, Aydınlar və digər partiyaların rəhbərlərinin iştirakı ilə keçiriləcək görüşdə müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunacaq.

Bir sıra müxalif partiya rəhbərlərinin ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün PA rəsmisi ilə görüşəcəklərini deyən KXCP sədri Mirmahmud Mirəlioğlu deyib ki, görüş olacaq və nəticə haqda da məlumat veriləcək. M.Mirəlioğlu görüşün vaxtını və digər detalları açıqlamaq istəməyib: "İnşallah, görüş baş tutduqdan sonra məlumat verəcəyik”.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla müxalifət partiyalarının görüşü barədə qarşı tərəf məlumat verəcək. Biz məlumat verə bilmərik. Ona görə ki, görüşün təşəbbüskarı bizik, təşkilatçıları isə onlardır. Onlar məsləhət bilsələr, məlumat verəcəklər. Bəlkə də həmin görüş mətbuat üçün açıq olacaq”. "Digər müxalifət partiyalarının da iştirakı ilə görüş üçün müraciət etməyi düşünürsünüzmü” sualına gəldikdə isə KXCP sədri belə cavab verib: "Görüş baş tutacağı təqdirdə nəticəni görəcəksiniz. O zaman biləcəksiniz ki, bu görüşdə iştirak edənlər təkcə özləri, öz partiyaları üçün yox, bütövlükdə cəmiyyət, iqtidar, müxalifət, Azərbaycan üçün önəmli olan məsələləri qaldıracaqlar. Nəticəsinin nə olacağını isə zaman göstərəcək”.

ADP sədri Sərdar Cəlaloğlu görüşlə bağlı geniş məlumat verməsə də, görüşə qatılacaqlarını deyib. İştirak etməyəcək digər müxalifət partiyalarından danışan ADP sədri vurğulayıb ki, digər müxalifət partiyaları belə hesab edirlər ki, o cür görüşlərin əhəmiyyəti yoxdur: "Ona görə belə görüşlərdən imtina edirlər. Bundan əlavə, belə düşünürlər ki, bu səviyyədə görüşmək olmaz. Ümumiyyətlə, hər kəsin bu görüşlə bağlı müxtəlif fikirləri var. Təbii ki, müraciət edən qüvvələrin bu məsələdə fikirləri üst-üstə düşüb”.

Ümid Partiyasının sədri İqbal Ağazadəiqtidar-müxalifət dialoqunda iştirak edəcəklərini deyib. Əlavə məlumatı olmadığını vurğulayan "Ümid” sədri əsas təşəbbüskarın Mirmahmud Mirəlioğlu olduğunu deyib.

Şəymən