"Biznesi olan məmurlar dövlət vəzifəsindən uzaqlaşıb, bizneslə məşğul olsalar, daha yaxşı olar"
"...İqtisadiyyatımızı digər ölkələrdən asılı vəziyyətə saldıq"- MÜSAHİBƏ
Nazim Bəydəmirli :"Devalvasiyanın qarşısını almaq mexanizmləri də var. Bu isə demonopolizasiya yaradılması və iqtisadi fəaliyyətin artırılmasından keçir"
"Biznesi olan məmurlar dövlət vəzifəsindən uzaqlaşıb, bizneslə məşğul olsalar, daha yaxşı olar"
"Biznesi olan məmurlar dövlət vəzifəsindən uzaqlaşıb, bizneslə məşğul olsalar, daha yaxşı olar"
Sabiq millət vəkili, iqtisadçı - ekspert Nazim Bəydəmirli "Sherg.az”a danışıb.
Onunla Azərbaycanda sahibkarlara edilən güzəştlər, ilin sonunda dolların bahalaşmasına dair proqnozlar, dünya bazarlarında neftin qiyməti, bütün bunların fonunda manatın gələcək taleyi və ölkədə ərzaq məhsullarının qiymətindəki bahalaşma və s. məsələlər ətrafında söhbət apardıq.
"Sherg.az” müsahibəni təqdim edir:
- Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Bu təklifi necə dəyərləndirirsiniz?
- Dəyişikliyi müsbət qarşılayıram. Çünki ölkə başçısı sahibkarlıq sahələrində yoxlamaların əsas hissəsinin məmurların şəxsi maraqları ilə həyata keçirildiyini dəfələrlə vurğulayıb. Bir necə il əvvəl məlum oldu ki, 95 faiz yoxlayıcı orqanların bu və ya digər formada şəxsi maraqlarını təmin etmək üçün qanuni yoxlamalar aparılmır. Bu da sahibkarlara psixoloji təsir göstərir. Çünki sahibkar dövlət maşını ilə üzbəüz qalır və məhkəməyə müraciət etdikdə məhkəmələr dövlət orqanlarının tərəfini tutur. Hər sahibkar dövlət orqanları ilə hüquqi mübarizə apara bilməz. Bunun üçün vəkil, ayrıca vəsait və vaxt lazımdır. Belə hallar isə sahibkarların fəaliyyətini məhdudlaşdırdığından yoxlamaların aparılması doğru hesab edilmir. Əslində bu tipli yoxlamalar ölkədə cəmiyyətin maraqlarına xidmət etmir. Dövlət orqanlarının başında duran məmurların şəxsi biznesini genişləndirmək və konkret rəqiblərini bazardan sıxışdırmaq məqsədi daşıyırdı.
- Son bir neçə ildə müşahidə olunan inflyasiya demək olar ki, bütün sahələrə təsir göstərdi. Bu il benzinin bahalaşması nəqliyyat sektorunda qiymət artımına səbəb oldu...
- Hesab edirəm ki, enerji daşıyıcılarının qiymətinin bahalaşması zərcirvari bahalaşmaya təsir edir. Tarif Şurası qiymətləri artıran zaman İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri bunun digər sahələrə təsiri olmayacağını dedilər. Bu, yanlış fikirdir. Həmin yanacaqdan istifadə etməyən insanlar belə başqa sahələrdə bahalaşmanı hiss etdilər.
Azərbaycanda ədalətli qiymətin formalaşması üçün bazar demonopolizasiya olunmalıdır. Yəni inhisarlaşma tamilə ləğv edilməlidir. Bunu yaradan məmur oliqarxlardır. Onlar dövlət vəsaitləri hesabına öz şəxsi bizneslərini idarə edirlər. Bu insanlar biznesdən kənarlaşmasa, vəziyyət olduğu kimi davam edəcək. Əslində, biznesi olan məmurlar dövlət vəzifəsindən uzaqlaşıb, bizneslə məşğul olsalar, daha yaxşı olar. Yaxşı biznes qurub, vergi ödəməklə dövlət büdcəsinə qatqıları artar. Ona görə, biznes sahəsində çalışan şəxsləri dövlət işləri ilə yükləmək müsbət effekt vermir.
Elə şəxslər var ki, de-fakto holdinqlər idarə edirlər. Həmin şirkətlər onların qohumlarının, ailə üzvlərinin adına olsa da, hamı bilir ki, dövlət strukturlarının hesabına ayaqda qalıb. Normal rəqabət mühiti formalaşarsa, məmurların biznesi də aradan qalxacaq. Həmin şirkətlərin mövcud olması digər şirkətləri sıxışdırır. Ona görə, hamı üçün eyni hüquq və vəzifələr müəyyən olunmalıdır. Ancaq bu hüquqları müəyyən edən orqanların rəhbərləri bizneslə məşğuldursa, düzgün yoxlama da mümkün olmayacaq.
- Azərbaycan neftinin qiyməti 50 dolları keçə bilərmi?
- Neftin qiymətinin oynaması müvəqqətidir. Beynəlxalq Enerji Agentliyinin dəfələrlə yaydığı məlumata görə, 2025-2030-cu ilə qədər neftin ortalama qiyməti 50 dollardan yuxarı olmayacaq. Neftdən daha çox istifadə edilən avtomobil sənayesində böyük neft idxal edən ölkələr sürətlə alternativ enerjiyə keçid siyasəti aparır. Məsələn, İsveç kimi ölkələr artıq 45 faiz alternativ enerjiyə keçib. Əksər ölkələrin bu addımı atması ilə istehlak azalacaq və qiymətlər aşağı düşəcək.
Avropa Birliyinə daxil olan ölkələr gələn ildən bütün ictimai binaların bərpa olunan enerji ilə qızdırılması üçün layihələr həyata keçirir. Bir neçə belə binanın üzərində artıq təcrübələr aparılıb. Termal enerjinin və Günəş enerjisinin sayəsində fərdi evlərin qızdırılması təcrübələri də reallaşa bilər. Bununla həm ekoloji ziyan, həm də neft-qaz məhsullarının istehlakı azalacaq.
2019-cu ildən belə layihələrə daha çox üstünlük veriləcək. Bu, xam neft istehsal edən və satan ölkələrin hökumətlərinə mesajdır ki, iqtisadiyyatınızı şaxələndirin. Xam neftdən gələn gəlirlər getdikcə azalacaq və ölkənin getdikcə "bankrot" vəziyyətə düşməsinə səbəb ola bilər.
- Benzinin qiymətinin bahalaşması dizel yanacağı ilə işləyən avtomobillərə tələbatı azaltdı. Amma müqayisə etdiyimiz kimi Avropada artıq demək olar, belə maşınlar istehsal edilmir. Dizel yanacağından intensiv istifadə ekoloji ziyana səbəb ola bilərmi?
İqtisadiyyatı inkişaf etmiş ölkələrdə dizel yanacağı ilə benzinin qiyməti arasında fərq elə də böyük deyil. Bizdə isə bu, yüksəkdir və yüksəlməkdə davam edəcək. Təbii ki, atmosferə tullantılar baxımından dizel yanacağı təbiəti daha çox çirkləndirir. Ona görə, benzin və dizel yanacağı arasındakı qiymət fərqi çox olmamalıdır. Dizel yanacağı ucuz olarsa, bununla işləyən avtomobillərə üstünlük veriləcək. Bu, həm səhiyyəyə ziyan vurur, həm də hökumətin ekologiya ilə bağlı xərclərini çoxaldır, sağlamlıq layihələrinə daha çox pul ayrılmasına səbəb olur. Bütün bunları nəzərə aldıqda, dizel yanacağının çox ucuz olması əslində ölkənin faciəsidir.
Sovet İttifaqının vaxtında 20 milyon ton xam neft emal edən Bakı neftayırma zavodları indi heç 5 milyon ton xam nefti belə emal etmir. Azərbaycana gələn investisiyalar əslində neftin dərin emalına yatırılmalı idi. Əksinə olaraq neftin xam formada satışı davam edir. Neft istehsalında Avro 4-5 standartları haqqında heç düşünmürlər. Hələ də Avro 2 standartlarına uyğun benzin və dizel yanacağı istehsal edilir. Bu isə vaxtilə hökumətin və neft sahəsinə cavabdeh qurumların – SOCAR-ın səhv siyasətidir. Boruların sayını çoxaldıb, Azərbaycandan ixrac olunan xam nefti və xam qazı xaricə göndərməklə iqtisadiyyatımızı digər ölkələrdən asılı vəziyyətə saldıq. Ona görə, neft ölkəsi olaraq, Aİ 95 və s. yanacaqları idxal etmək məcburiyyətindəyik. Təəssüf ki, buna cavabdeh şəxslər qonşu ölkələrə milyardlarla vəsait yatırırlar və bununla öyünməyə çalışırlar. Ancaq öz ölkəmizdə keyfiyyətli dizel yanacağı, benzin istehsal edə bilmirik. Məsuliyyətli şəxslər Azərbaycanın ümumi strategiyasını deyil, qısa müddətdə öz taktiki maraqlarını həyata keçirməklə ölkənin maraqlarına ciddi ziyan vurublar.
- Bir neçə gün əvvəl Federal Ehtiyatlar Sistemi rəsmiləri faiz dərəcəsinin artacağı ilə bağlı siqnallar verdi. Dekabrda dolların bahalaşması gözlənilir. Yeni devalvasiya ola bilərmi?
- İlin sonunda dolların qiymətinin bahalaşması obyektiv səbəblərdən də baş verə bilər. Çünki həm də müxtəlif dövlət qurumlarının, kommersiya banklarının xarici öhdəlikləri var və maliyyə ilinin sonunda onu qaytarmaq məcburiyyəti yaranır. Ona görə, dollara tələb artacaq. Yeni il qabağı proseslər buna təsir göstərir.
Obyektiv səbəblərdən biri də ABŞ-ın dollara olan uçot faizini artırmasıdır. Yəni dollar dünyada bahalaşacaq, Azərbaycan da bundan yan keçməyəcək. Devalvasiyanın qarşısını almaq mexanizmləri də var. Bu isə demonopolizasiya yaradılması və iqtisadi fəaliyyətin artırılmasından keçir. Azərbaycanda gündəlik tələbatlar daxil olmaqla müxtəlif məhsulların daxili istehsalını artırmaq lazımdır. Bununla sahibkarlar xaricdən mal gətirməkdə maraqlı olmayacaq. Bunları tənzimləmək üçün hökumətin əlində olan yeganə vasitə iqtisadi fəaliyyəti yüksəltməkdir.
- Bu mərhələdə sahibkarlara əlavə dəstək, bank sahəsinin sağlamlaşdırılması və ümumi iqtisadiyyatın inkişafı üçün hansı addımlar atıla bilər?
Sahibkarlara təklif olunan bank kreditləri yüksək faizlərlə verilir. Belə ki, biznes kreditləri 20 faiz civarında müəyyən olunub. Devalvasiya ehtimalı da üzərinə gəldiyindən banklar ehtiyatlı kreditləşmə həyata keçirir.
Təəssüf ki, Azərbaycanın xaricdə saxlanan 40 milyard dollardan çox vəsaitin xarici banklarda gəlirlilik faizləri yüksək deyil. Məsələn, Rusiyanın "BTB” bankında 500 milyon dollar vəsait saxlanır. Onun illik gəliri 0,83 faizdir. Digər ölkələrdə saxlanan vəsaitlərin gəlirliliyi də ortalama 1,5-2 faizdən çox olmur.
Ona görə, bu ucuz resursları Azərbaycan real iqtisadiyyatına yönəltmək üçün həmin vəsaiti kommersiya banklarına depozit şəklində aşağı faizlə yatırmaq lazımdır. Mərkəzi Bankın (MB) yaxud Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) müşahidəsi altında real iqtisadiyyata verilməlidir. Burada oliqarxlara məxsus şirkətlərdən söhbət getmir. Ümumən, real sahibkarlıqla məşğul olan insanlara şərait yaradılmalıdır. Buna görə, iqtisadi fəaliyyətin artırılmasının yolları da icazələrin, lisenziyaların azaldılması, sahibkarlıq mühitinin stimullaşdırılması, əmlakın qorunması addımlarıdır. Mülkiyyət hüququ pozulan ölkəyə heç kəs investisiya yatırmaz.
Azərbaycanın nicat yolu yerli sahibkarların təşviqindən, onlara normal resursların verilməsindən və dövlət himayəsindən keçir. Ölkə başçısı bütün çıxışlarında sahibkarlara maddi, mənəvi və siyasi dəstək haqqında bəyanatlar səsləndirib. Bütün bunlara rəğmən işi icra edənlər, müxtəlif qurumlar öz maddi maraqlarını daha üstün tuturlar. Bu məsələlər ona görə, reallaşmır.
Hazırladı: Aysel Aslan