"İran ərazi bütövlüyümüzü tanıyır, amma işğalçını göstərmir"




"Prezidentin kim olması İranın daxili və xarici siyasətinə güclü təsir göstərmir”.

Bunu Sherg.az-a İranda keçiriləcək prezident seçkilərini şərh edərkən Yaxın Şərq və İran üzrə ekspert Sədrəddin Soltan deyib. 

O bildirib ki, bu ölkədə prezident ölkənin birinci şəxsi deyil:

"Bu baxımdan prezident yalnız ölkənin ali rəhbəri və ona bağlı idarəetmə institutlarının müəyyən etdiyi daxili və xarici siyasət kursunun icraçısıdır. O, bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edə bilər. Amma onu qərar kimi həyata keçirə bilməz. Çünki o, ölkənin əsas söz sahibi deyil. Ötən illərin təcrübəsi göstərir ki, İranda prezidentin kim olmasından asılı olmayaraq Azərbaycan işğal altında olan torpaqlarının azad olunmasına münasibət eyni olubdur. Həmçinin Ermənistanla İran arasında münasibətlər də dəyişməyib. 90-cı illərin əvvəllərindən bu günə qədər rəsmi Tehran və İrəvan arasındakı bütün əməkdaşlıq eyni səviyyədə davam edir, inkişaf yolu tutur. İranın Ermənistana yönəlmiş siyasəti müsbət istiqamətdə irəliləyir. Bu, həm də İranın Azərbaycan torpaqlarını işğalda saxlayan bir dövlətə yardımıdır. Bununla belə İran hakimiyyətinin mövqeyi var. Həmin mövqeyi İran rəsmiləri zaman-zaman dilə gətirirlər ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma işğalçını heç vaxt göstərmirlər. Bu ölkənin rəsmiləri, başda Ayətullah Seyidəli Xamənei olmaqla Ermənistanın işğalçı dövlət olduğunu dilə gətirmirlər”.

Şanslı namizədlərin kim olmasına da toxunan S.Soltan deyib ki, ən şanslı namizəd Həsən Ruhani sayılır:

"Çünki o ötən dörd il müddətində sınaqdan çıxmış dövlət adamıdır. Ondan sonrakı namizədlər- Məhəmməd Baqir Qalibaf 3 dəfə öz namizədliyini irəli sürüb. Digər namizəd İbrahim Rəisi Məşhəddəki İmam Rza Fondunun başçısıdır. İnqilabın ilk illərində müxalif düşüncəli insanları məhkəməsiz cəzalandıran komitənin üzvlərindən biri olub. O, sırf mühafizəkar xəttin təmsilçisidir. İshaq Cahangiri isə Həsən Ruhaninin müavinidir. Biri İslam Birliyi partiyasının namizədi Mustafa Mir Səlim, o biri isə keçmiş deputat Seyid Mustafa haşimidir.

Bütün bu namizədlərə nəzər saldıqda daha şanslı Həsən Ruhani sayılır. Rəqibi İ. Rəisi komitə üzvü olduğundan İran hakimiyyətinin mühafizəkar xəttinin etibar etdiyi nümayəndələrindən sayılır. Düzdür, o çıxışlarında deyir ki, İsraildən başqa bütün ölkələrdə münasibətləri təmin edəcək. Ümumilikdə seçkilərdə əsas məsələni həll edən nə Rəisi, nə də Həsən Ruhanidir. Bunu hakimiyyətin üst qatı - ayətullah Seyidəli Xamənei və onun ətrafı həll edir. Çünki İranda əsas söz sahibi İnqilab Keşikçiləri Qvardiyasıdır. "Sepah” da onun nəzarət altındadır və ali rəhbər müdafiə edir. Ona görə seçkilərin taleyini bir qayda olaraq, sayı 20 milyona yaxın olan qvardiya və onun kadr bazası sayılan "Bəsici” yarım hərbi könüllü dəstə həll edir. Heç şübhəsiz mayın 19-da da belə olacaq.

Bu iki təbəqənin üzvləri İranda fəal seçicilərin az qala 30 faizini təşkil edir. Onlar yuxarıdan deyilən nümayəndəyə səs verəcək. Yuxarının namizədi isə böyük ehtimalla Həsən Ruhani olacaq. Ölkədəki və bölgədəki gərgin vəziyyətin fonunda İranın yeni prezidenti hökumət başına gətirəcəyinə inanmıram. Ona görə xarici dövlətlərlə əlaqələr, xaricdə nüfuzu baxımdan Həsən Ruhani prezident olmaq üçün ən optimal namizəddir”.

Qeyd edək ki, İranda prezidentliyə namizədlərin qeydiyyatı aprelin 21-də başa çatıb. 5 gün ərzində 137-si qadın olmaqla 1636 nəfər prezidentliyə namizəd olmaq üçün üçün qeydiyyatdan keçib. Onlardan 6-sı prezidentliyə namizəd olub.

Ayyət Əhməd