İran kartofları ağzımızın dadını qaçırıb
Fermer bilməlidir ki, yetişdirdiyi məhsulun alıcısı var. İşini də ona görə tarazlamalıdır
Evdar xanımlarımızın "İran kartofu ağzımızın da dadını qaçırıb, xörəklərimizin də” gileyini eşitmisiniz yəqin. Həqiqətən də, 90-cı illərdən başlayaraq ölkəyə ayaq açan yad məhsullar yerli bazarı sıxışdırıb aradan çıxardı.
Ucuzluğa qaçan camaat bahalı yerli məhsula nisbətdə ucuz xarici məhsulu seçdi. Kəndli də əkib-becərməkdən soyudu. İllər sonra anladıq ki, yox, yerli məhsulumuz sağlammış, keyfiyyətliymiş, bu dəfə də işbazlar meyvə-tərəvəzin qiymətini "göyə qaldırdı”. İndi çoxumuzun bazarda gözü yerli məhsul axtarır. Az-çox tapırıq, amma di gəl, qiymətini biləndə əlimizi geri çəkməli oluruq.
İran kartofundan canımız nə vaxt qurtaracaq?
Bu günlərdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri İran İslam Respublikasından idxal olunmuş kartofda kartof güvəsi aşkarlayıb və nəticədə 4 ton məhsul məhv edilib. Kartofda güvə olması görünməmiş hal deyil. Kartof becərənlər deyir ki, belə xəstəliklər yerli məhsullarda da olur.
Bəhlul Məmmədov adlı fermer kartof xəstəliklərindən danışıb və deyib ki, Azərbaycanın ən çox kartof becərilən qərb bölgəsində də vaxtaşırı kartof xəstəlikləri yayılır:
- Təkcə xarici ölkələrdən gətirilən məhsullarda deyil, yerli məhsullarda da zaman-zaman müxtəlif xəstəliklər olur. Bir müddət əvvəl Ağstafada becərilən kartofda zərərvericilər aşkarlanmışdı. Hətta Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi İdarəsinin əməkdaşları Ağstafa və Qazax rayonlarında güvəli kartof sahələrini nəzarətə götürmüşdü. Nazirliyin Fitosanitar Nəzarəti Xidməti zərərvericilərin qarşısının alınması üçün bölgələrdə xüsusi tədbirlər həyata keçirirdi. Kartof xəstəliyi və kartof güvəsi bir neçə ildir Azərbaycanda yayılıb. Təkcə qərb bölgəsində deyil, kartof istehsalı ilə məşğul olan bütün bölgələrdə bu zərərvericilərə rast gəlinir. Fermerlərə dəstək verilmədiyindən zərərvericilərlə mübarizə apara bilmirlər. Hər zaman kartof becərilməsində aqrotexniki qaydalara əməl etmək imkanı olmur. Bir fermer vaxtında dərman ala bilir, digəri ala bilmir. Bəzi hallarda dərman preparatlarının təsiri güclü olmur. Çünki bu dərmanlar da xaricdən, sifarişlə, özü də ucuz qiymətə gətirilir. Fermer çalışır, məhsul yetişdirir, amma keyfiyyətsiz olduğundan zərər çəkir. Meyvə-tərəvəzdəki müxtəlif xəstəliklər fermerlərə ciddi ziyan vurur. Keyfiyyətsiz məhsulu bazara çıxarmaq olmur.
İdxal olunan məhsullarda müxtəlif xəstəliklərin, zərərvericilərin olma ehtimalını nəzərə alaraq gömrük-buraxılış məntəqələrində fitosanitar nəzarət gücləndirilməlidir ki, zərərvericilər məhsulla birlikdə yayılmasın. Fermer deyir ki, yerli məhsul qıt olduğundan xarici ölkələrdən meyvə-tərəvəz idxal edilir. Kartof təkcə İrandan idxal olunmur, Rusiyadan, Gürcüstandan da kartof gətirilir. Gərək yerli məhsul bol olsun ki, kənardan gətirilən məhsullara tələbat da azalsın. Amma yerli fermerlər bol məhsul yetişdirməkdə maraqlı deyillər. Çünki bazara çıxış imkanları məhduddur. "Kəndçinin tonlarla məhsulu qalıb xarab olur. Dəyər-dəyməzinə alverçiyə satır. Bazarda alverçiyə yer var, bizə yoxdu”.
"Məhsuldarlıq ən böyük problemimizdir”
İqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında xarici məhsullara ehtiyacın bir neçə səbəblə bağlı olduğunu dedi:
- Bu məsələdə bir neçə istiqamətdə araşdırma aparılmalıdır. Birincisi, kəndlinin, fermerin bazara çıxış problemidir. Etiraf edək ki, fermerin bazara çıxış imkanları məhduddur. Fermerlə bazar arasında vasitəçilər - alverçilər var və onlar fermerdən daha çox qazanır. Fermerdən məhsulu ucuz qiymətə alıb bazara ikiqat qiymətə təklif edirlər. Bazardakı satıcı da malın üstünə həm satış qiymətini, həm də yer - icarə haqqını əlavə etdikdə qiymət 3 qat, 4 qat bahalaşmış olur. Bizdəki bahalığın birinci səbəbi budur; fermer istehsal etdiyi məhsulu sata bilmir. Bu problemin həlli satış mərkəzləri, super-marketlər şəbəkəsi ilə fermerlər arasında birbaşa əlaqənin yaradılmasıdır. Elə şərait yaradılmalıdır ki, fermer yetişdirdiyi məhsulu birbaşa özü bazara, satış nöqtəsinə gətirsin. Fermerə güzəştlər təklif edilməlidir - keyfiyyətli məhsula görə ondan icarə haqqı alınmayacaq və s. Belədə kəndli keyfiyyətli məhsul becərməkdə maraqlı olacaq. İkinci əsas problem, torpaq məsələsidir. Burada söhbət bərəkətli, münbit torpaqdan gedir. Bizim münbit torpaq problemimiz var. Aranda torpaq şorandır. Hələ sovet vaxtından Aran bölgəsində torpaqda şoranlaşma gedib. Şoran torpaqlar kultivasiya edilməlidir ki, əkinə yararlı olsun, amma bunun üçün külli miqdarda - milyardlarla vəsait lazımdır. Hazırda dövlət büdcəsinin imkanları ilə bu mümkün görünmür. İnandırıcı deyil ki, milyardlarla vəsait torpağın kultivasiyasına sərf edilsin. Üçüncü səbəb budur ki, son illər texniki bitkilərin becərilməsinə üstünlük verilməyə başlanılıb. Bu sahədə fermerlərə subsidiyalar təklif olunduğundan məhsul dəyişikliyi baş verir. Fermer harda gəlir varsa, ona keçir. Kənd təsərrüfatı məhsulları yerinə texniki bitkilərin becərilməsini seçirlər. Əkin sahələrinin istiqaməti də dəyişir. Məhsuldarlıq istər-istəməz azalır. Səhv bundadır ki, stimullaşdırıcı dotasiyalar əkin sahələrinin həcminə görə verilir. Bu, yanlışdır. Dotasiyaların əkin sahəsinin həcminə görə verilməsi kağız üzərində rəqəmlərin şişirdilməsinə gətirib çıxarır. Daha çox dotasiya almaq üçün əkin sahəsinin həcmini böyük göstərirlər.
Amma dünyada başqa praktikalar mövcuddur. Məsələn, qonşu Gürcüstanda və Türkiyədə dotasiyalar məhsulun keyfiyyətinə və həcminə görə verilir. Belədə fermer yaxşı və bol məhsul yetişdirməkdə maraqlı olur. Fermerlərə dəstək proqramları işlənməlidir. Burada fermerlərə əvvəlcədən sifariş etmək üsulu da keçərlidir. Fermer bilməlidir ki, yetişdirdiyi məhsulun alıcısı var. İşini də ona görə tarazlamalıdır. Fermerin məhsulunun alıcısı olduğunu bilməsi ona əlavə stimul verir. Yumşaq kredit siyasəti ən əsas stimullaşdırıcı vasitədir. Bunun da ən müxtəlif yolları var. Kreditlərin uzunmüddətli və ən aşağı faizlə verilməsi bunlardan biridir. Məsələn, Türkiyədə "Ziraat” bankası məhz bu işlə məşğuldur. Hökumət bilir ki, kəndlinin maddi imkanları sıfırdır. Onu ayağa qaldırmaq üçün mütləq maliyyə dəstəyi edilməlidir. Verdiyinin əvəzini onsuz da görəcəksən. Kənd təsərrüfatı sahəsində düzgün addımlar atılsa, əsaslı proqramlar işlənsə, biz artıq yayda və payızda bunun bəhrəsini görə bilərik. Ona görə də vaxt itirmədən aqrar proqramların icrasına başlanmalıdır. Kəndli əmin olmalıdır ki, becərdiyi məhsulun alıcısı olacaq, boşuna zəhmət çəkməyəcək.
"Yerli məhsul ağız dadımıza uyğundur”
N.Cəfərli ölkəyə hər hansı məhsulun idxal edilməsini tamamilə normal hesab edir:
- Heç bir ölkə özü, təkbaşına məhsul yetişdirib əhalisini təmin edə bilməz. Bütün ölkələr hardansa nəsə alır, nəsə satır. Bu, təbii bir prosesdir. Əgər hansısa məhsulun idxalı ucu başa gəlirsə və o məhsul da keyfiyyətlidirsə, niyə də almayaq?! Burada əsas məsələ, məhsulun keyfiyyəti və sərfəli qiymətidir. Yaxın zamanda Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olacaq. Yerli istehsalı süni şəkildə dəstəkləməklə vəziyyəti saxlaya bilmərik. Çalışmalıyıq ki, məhsullarımız rəqabətədavamlı olsun. Yerli istehsalçılar xarici istehsalçılarla rəqabət apara bilsin. Doğrudur, Azərbaycan insanı hər zaman yerli məhsula "qaçır”. Bu da bir ənənədir və yaxşıdır da. Xarici məhsullara etibar edilməməsinin bir səbəbi də bu məhsulların keyfiyyəti ilə bağlı şübhələrin olmasıdır. Çox zaman xarici məhsullar barədə "geni dəyşdirilmiş” ifadəsi işlədilir ki, bu da əhalini onlardan çəkinməyə vadar edir. Bir də ki, yerli məhsullar ağız dadımıza uyğundur, bizə doğmadır. Baxmayaraq ki, yerli məhsul xarici məhsullara nisbətən bahadır, əhali daha çox yerli məhsula üstünlük verir. Əslində, bu məsələdə də paradoks var. İqtisadi tərəfdən baxılsa, xarici məhsullar baha olmalıdır. Valyuta məsələsi, yol xərci, filan hesaba alınanda, xarici məhsulun qiyməti yerli məhsula nisbətən baha çıxır. Amma bizdə əksinədir - yerli məhsul həmişə bahadır. Bunun da əsas səbəbi məhsulun azlığıdır. Səbəbləri də bayaq dedik. Əkinə yararlı torpaq sahələrinin azlığı, fermerlərin bazara çıxış imkanlarının məhdudluğu, fermerlərin xərclərinin, itkilərinin qarşılanmaması. Azərbaycanda məhsuldarlıq ümumiyyətlə aşağı səviyyədədir. İsraildə 1 hektar əkin sahəsindən 74 sentner məhsul əldə edilir, bizdə isə 18 sentner. Kənd təsərrüfatı mütəxəssisləri bu problemin aradan qaldırılması yollarını tapmalıdır.
Şoran torpaqlarla nə edək?
N.Cəfərli bildirdi ki, şoran torpaqlarda ilk növbədə suvarma sistemi quraşdırılmalıdır. Bunun üçün də külli miqdarda vəsait lazımdır. Şoran torpaqların dirçəldilməsinin 2 yolu var. Ya gərək dövlət büdcəsindən vəsait ayrılsın, investisiya layihələri həyata keçirilsin, ya da xarici investorlar cəlb edilsin.
- Dünyada bu sahədə bir çox səmərəli praktikalar var. Məsələn, Qazaxıstan dövlət torpaqlarını 49 illiyinə xarici investorlara icarəyə verir. Bununla həm valyuta ehtiyatları artır, həm yeni iş yerləri çoxalır, həm də torpaq istifadəsiz qalmır, məhsul yetişdirilir. Torpaq canlanır. Kənd təsərrüfatını inkişaf etdirmək istəyiriksə, rentabelli layihələrə üstünlük verilməlidir. Baxın, ABŞ-da 15 hektar əkin sahəsinə 1 nəfər işçi düşür. Texniki imkanlar hesabına. Bizdə isə 1 hektar ərazidə 10-larla insan çalışır. Bu adamlara əmək haqqı verilməlidir axı. Nəticədə rentabellik aşağı düşür. Əldə ediləcək vəsait işçinin əmək haqqının ödənməsinə sərf olunur.
Məlahət Rzayeva