İran üzdə özünü dünyaya humanist dövlət kimi göstərməyə çalışır

Amma ermənilərin əli ilə pərdə arxasında Türkiyə və Azərbaycanın əleyhinə işləyir



İran İslam Respublikası tərəfindən Azərbaycanın maraqlarına zidd olan addım atılıb. İslam Respublikasının paytaxtı Tehranda keçirilən 48-ci erməni Olimpiya Oyunlarına separatçı Dağlıq Qarabağ "Respublikası”ndan da idmançılar dəvət edilib. "Artsax Respublikası” yığması adı altında oyunlara qatılan idmançılar arenada qondarma rejimin bayrağını da dalğalandırıblar.

10 günlük oyunlar çərçivəsində İran, Ermənistan və Gürcüstan idmançıları mübarizə aparıb. Qeyd edək ki, Tehranda yerləşən "Ararat” klubunda 48-ci erməni olimpiadasının açılış mərasimində Tehranın erməni pravoslav yeparxiyasının nümayəndəsi arxiyepiskop Sebuh Sarkisyan, Ermənistanın İrandakı səfiri, İranın Ermənistandakı səfiri, İran Milli Olimpiya Komitəsinin prezidenti Kiamərz Haşimi, İran Prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri Əli Yunisi və Ermənistan atletləri iştirak ediblər. Qeyd edək ki, İran rejiminin bu addımı Azərbaycana qarşı hörmətsizlik kimi dəyərləndirilib və ciddi etirazlara səbəb olub. Erməni Olimpiya Oyunlarının 1964-cü ildən keçirildiyini vurğulayan "Orta Doğu” Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltanın sözlərinə görə, İran rejimi bu yolla özünü dünyaya dini və milli azlıqların haqqını müdafiə edən bir dövlət kimi göstərmək istəyirlər: "Adətən, bu tədbirləri Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətini, "Çaldıran” döyüşü keçirilən ərazilərdə baş tutub. Bu yarışlarda da bir qayda olaraq bütün dünyadan, o cümlədən Azərbaycanın işğal altında olan ərazilərində ermənilərin iştirakı müşahidə olunurdu. Hətta həmin tədbirlərdə İran rəsmiləri də iştirak edərək, çıxışlar edirdilər. Onu da əlavə edim ki, İran Konstitusiyasında ermənilər üçün kvota ayrılıb və İran parlamentində Ermənistanı iki millət vəkili təmsil edir”.

Politoloq hesab edir ki, son vaxtlar ermənilərin İran ərazisində keçirdiyi tədbirlərin əksəriyyətində hədəf birmənalı olaraq Türkiyə və Azərbaycandır: "İstər 24 aprel tarixində İranda ermənilərin keçirdiyi tədbirlər olsun, istərsə də Olimpiada adı ilə ermənilərə meydan verib, separatçıların bayrağının dayandırılması olsun. Başqa sözlə desək, İran hakimiyyəti ermənilərin bu sayaq tədbirlərini dəstəkləməklə üzdə özünü dünyaya humanist bir dövlət kimi təqdim edir. Pərdə arxasında isə Türkiyə və Azərbaycana təsir göstərməyə çalışır. İran hakimiyyəti bu tip məsələlərlə Azərbaycana və Qarabağ probleminin ədalətli həllinin tərəfdarı olan dövlətlərə, qurumlara özünün sətiraltı mesajını göndərir ki, Dağlıq Qarabağda yaşayan erməniləri də dəstəkləyə bilər. Bir ölkəyə ki, özlərinin dediyi kimi, hakimiyyətin, təhlükəsizlik rəsmilərinin icazəsi olmadan heç kim daxil ola bilmirsə, o ölkənin daxilində qondarma Dağlıq Qarabağ ermənilərinin öz simvolları ilə iştirak etməsi hansı anlama gələ bilər? Yalnız və yalnız hakimiyyətin, bu işi təşkil edənlərin buna göz yumması kimi qiymətləndirmək olar. Bunu edirlər və adını da qoyurlar ki, guya, İranda dini və etnik azlıqların hüquqları qorunur, onlara sayqı göstərilir. Bunu da o kontekstdən izah edirlər”. S.Soltanın sözlərinə görə, bizim üçün narahatlıq doğuran İranın mərkəzində ermənilərin Olimpiya Oyunları keçirməsi deyil. Əsas məsələ sözügedən oyunlarda separatçı Dağlıq Qarabağ "Respublikası”ndan idmançılar dəvət edilməsi və "Artsax Respublikası” yığması adı altında oyunlara qatılan idmançıların arenada qondarma rejimin bayrağını dalğalandırmasındadır: "Bu, birbaşa İran tərəfinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı sayğısızlığın göstəricisidir. İran faktiki olaraq bu addımı ilə Azərbaycanın suveren hüquqlarını tapdamış oldu. Hesab edirəm ki, bu biabırçılığa görə İran hakimiyyəti və tədbirin təşkilatçıları Azərbaycan dövlətindən və Azərbaycan xalqından üzr istəməlidir. İranın Azərbaycandakı səfiri mediaya açıqlama verərək rəsmi Tehranın bu addımını malalamağa çalışır ki, guya, İranda bütün milli azlıqların hüquqları eyni dərəcədə qorunur. Səfir verdiyi açıqlamada bildirib ki, bu, İranın daxili məsələsidir və Ermənistandan, Gürcüstandan qonaqlar dəvət olunub. Amma konkret olaraq Dağlıq Qarabağdan gedən ermənilərin və formalarında daşıdıqları qondarma Dağlıq Qarabağın rəmzləri məsələsinə münasibət bildirməyib. Halbuki İranda ermənilərdən başqa hansısa millətdən olanlar bir tədbir keçirmək istəsə, İran rejimi bürokratik əngəllərlə onların qarşısını almağa çalışır. Bu işi görən isə o dövlətdir ki, Azərbaycan türkləri milli-mədəni məsələlərlə bağlı istənilən addımı atanda təqib və təzyiqlərə məruz qalıb. Bu o deməkdir ki, İran hakimiyyəti bütün bunları görür və bilir. Sadəcə
olaraq, onlara göz yumur. Göz yummağın da əsasında dayanan səbəblərdən biri İran hakimiyyətinin Dağlıq Qarabağ məsələsinə münasibətdə qeyri-səmimiliyidir və buna ürəkdən yanaşmamasıdır. Bu da müəyyən mənada İran hakimiyyətinin Azərbaycanın ədalətli mövqeyinə yanaşmasının təzahürüdür. Hesab edirəm ki, Azərbaycan tərəfi bu işin üstündən keçməməlidir. İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmalı, müvafiq izahatlar alınmalıdır. Üstəlik də, yuxarıda da qeyd etdiyim kimi, ermənilərin Azərbaycanın ərazi bütövlüyünü pozmasına şərait yaradan Olimpiada təşkilatçıları və bu rüsvayçılığa göz yuman İran rejimi Azərbaycandan üzr istəməlidir. Bu işi belə qoymaq olmaz”.

Şəymən