İrana gedənlər sığortalanacaq

Sığorta şəhadətnaməsinin qiyməti 10-15 manat civarındadır



Bundan sonra İran İslam Respublikasına ayaq basan Azərbaycan vətəndaşları sığorta haqqı ödəməli olacaq. Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm şirkətlərinə müraciət edib. Fins.az xəbər verir ki, müraciət nazirliyin turizmlə iş sektorunun müdiri Bəxtiyar Qılıncovun adından edilib.

Müraciətdə bildirilir ki, Xarici İşlər Nazirliyi tərəfindən ünvanlanan məktuba əsasən, bundan sonra İran ərazisinə daxil olan Azərbaycan vətəndaşlarından icbari şəkildə "hadisə və sağlamlıq sığortası” tələb ediləcək. Yerli turistlər İranın istənilən sərhəd-keçid məntəqəsinə yaxınlaşarkən bu sığortanı xarici və ya İranın sığorta şirkətləri vasitəsilə əldə edə bilər.

Bu yenilik yalnız turist səfərinə gedənlərə, yoxsa İrana səfər edən hər bir Azərbaycan vətəndaşına istisnasız şamil ediləcək?

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin adıçəkilən şöbəsi ilə əlaqə saxladıq. Şöbənin əməkdaşı bildirdi ki, nazirlik yalnız öz səlahiyyət dairəsi çərçivəsində turizm şirkətlərini XİN-in məktubu ilə tanış edib və bundan sonrakı fəaliyyətlərini məlum qərara uyğunlaşdırmağı tövsiyə edib. Digər detallar barədə isə onlar məlumatsızdır.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə "Şərq”ə açıqlamasında İran İslam Respublikasının Bakıdakı səfirliyi tərəfindən Azərbaycan XİN-ə məktub daxil olduğunu dedi: "Həmin məktubda qeyd olunur ki, İİR-nin mövcud qanunlarına əsasən xarici ölkə vətəndaşları İİR-nə daxil olarkən sərhəd-keçid məntəqəsində sağlamlıq şəhadətnaməsi almalıdırlar. Bunu istər İranın, istərsə də xarici sığorta şirkəti vasitəsilə əldə etmək mümkündür”.

H.Hacıyev bundan əlavə heç bir şərh, izahat verilmədiyini bildirdi.

İİR-nin Bakıdakı səfirliyi ilə də əlaqə saxlayıb, detallara aydınlıq gətirməyə çalışdıq. Səfirliyin əməkdaşı "Şərq”ə açıqlamasında bildirdi ki, bu qaydalar artıq qüvvədədir. Xarici ölkə vətəndaşları İran sərhəd-keçid məntəqəsində sağlamlıq sığortasını əks etdirən şəhadətnamə almalı olacaqlar. Səfirliyin əməkdaşı məbləğin çox da baha olmayacağını - adambaşına təqribən 10-15 AZN dəyərində təyin edildiyini bildirdi. Lakin qaydanın istisnasız olaraq hamıya şamil edilməsi, xəstələrə, müalicə üçün İİR-nə gedənlərə şamil edilib-edilməyəcəyi barədə məlumatsız olduğunu dedi.
Deməli, İrana səfərə hazırlaşanlar adambaşına 15 manatı bəri başdan ciblərində hazır etsələr yaxşıdı.

Məlahət