Dünya bazarına “Cocuq Mərcanlı” adı altında məhsul çıxara biləcəyik
“Cocuq Mərcanlının Azərbaycan üçün mənəvi özəlliyi var. Bu kənd ərazilərimizin işğaldan azad edilməsi baxımından ən yaxşı modeldir”
Türkiyə Cocuq Mərcanlıda mühüm iqtisadi layihələr həyata keçirmək istəyir. İqtisadiyyat naziri Şahin Mustafayevin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşündə bildirilib ki, Türkiyə tərəfi arıçılıq, heyvandarlıq, kiçik istixana təsərrüfatı və suvenir istehsalı sahələrini əhatə edən layihə hazırlayıb. Vurğulanıb ki, layihəyə uyğun olaraq, Cocuq Mərcanlıda 15 ailə üçün arıçılıq təsərrüfatı yaradılacaq və lazımi avadanlıqlarla təchiz ediləcək.
Layihə çərçivəsində həmçinin, 150 başlıq südçülük təsərrüfatının yaradılması da nəzərdə tutulur. Bundan başqa, Cocuq Mərcanlıda 15 kiçik həcmli istixana qurulacaq və damcı suvarma sistemləri ilə təmin ediləcək, toxum, ştil və s. alınmasında dəstək göstəriləcək, ailələrə təlimlər keçiriləcək. İstixana təsərrüfatlarında kənd əhalisinin məşğulluğu təmin olunacaq, kənd əhalisinin bir sıra tərəvəz məhsullarına olan ehtiyacı yerli imkanlar hesabına ödəniləcək. Ən əsası isə odur ki, layihənin reallaşdırılması nəticəsində istehsal olunan bütün məhsullar "Cocuq Mərcanlı” loqosu ilə satışa çıxarılacaq. Şahin Mustafayev Cocuq Mərcanlıya göstərilən diqqətə görə Türkiyə tərəfinə minnətdarlıq edib və layihənin Cocuq Mərcanlının inkişafında, kənd sakinlərinin məşğulluğunun təmin edilməsində və sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətli olacağını, Azərbaycan tərəfindən layihəyə hər cür dəstək göstəriləcəyini vurğulayıb.
Layihə barədə "Şərq”ə danışan Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, Türkiyənin Cocuq Mərcanlıda həyata keçirəcəyi layihə iqtisadi tərəfi ilə yanaşı, həm də strateji və mənəvi baxımdan çox önəmlidir:
"Cocuq Mərcanlıya qoyulan sərmayə və burada istehsal olunan məhsulların dünya bazarına çıxarılması "Cocuq Mərcanlı” adı altında həm də bir Azərbaycanın brendinin tanınmasıdır. Şübhəsiz, layihə iqtisadi cəhətdən olduqca faydalı olacaq. Bununla yeni iş yerləri yaradılacaq, məhsul istehsalı çoxalacaq, ixrac potensialı artacaq, eyni zamanda əlavə vəsait əldə olunacaq. Lakin layihənin strateji və mənəvi çalarları daha çoxdur. İşğaldan azad edilmiş ərazilərimizin çox qısa zamanda cəmiyyətə inteqrasiyası, xüsusən qlobal bazarlara çıxışının təmin edilməsi ölkəmiz üçün mühüm strateji avantajdır. Nəzərə alaq ki, bu layihə qardaş Türkiyə tərəfindən Azərbaycana göstərilən mənəvi dəstəkdir. Cocuq Mərcanlının Azərbaycan üçün mənəvi özəlliyi var. Bu kənd ərazilərimizin işğaldan azad edilməsi baxımından ən yaxşı modeldir”.
İsmayıl