İşçinin aqibəti işəgötürənin vicdanına, insafına qalıb

Xidmət, iaşə sektorunda çalışanların da istirahət hüququ olmalıdır



Milli Məclisdə xidmət sektorunun iş və istirahət günlərinə dəyişiklik edilməsi təklifi səslənib. Millət vəkili Fazil Mustafa təklif edib ki, vacib xidmət sektoruna aid sahələr bazar günləri də işləsin. Deputat fikrini bununla əsaslandırıb ki, hazırda bir çox xidmət sahələrində çalışanlar yalnız bazar günləri işləmədiklərindən hansısa vacib iş, sənəd ardınca həftə içi gedə bilmirlər. Eləcə də bəzi vacib xidmət sahələri məhz bazar günləri istirahət edir. Nəticədə vətəndaşlar lazım olan sənədlərini ala bilmir, işlərini görə bilmirlər.

O, misal olaraq avtomobillərin texniki baxışdan keçirilməsini göstərib. "Bu xidmət sahəsi bazar günü işləmədiyindən vətəndaşlar ciddi problemlərlə üzləşirlər. Ona görə də təklif edirəm ki, vacib xidmət sektoru üçün bazar günü iş günü elan edilsin, əvəzində isə iş günlərinin birində istirahət verilsin”. Eləcə də, digər xidmət sahələrində çalışanların istirahət hüququnun pozulması hallarına da rast gəlinir. İaşə obyektlərinə aid xidmət sahələrində çalışanlar da həftənin demək olar bütün günləri iş başında olduqlarından şəxsi işlərini həll etməyə vaxt tapa bilmirlər. Belə çalışanlar məcburiyyət qarşısında növbə yoldaşından onu əvəzləməsini xahiş etməli olur ki, hansısa sənəd ardınca gedə bilsin. Yəni belə bir qarışıq vəziyyət hökm sürür.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov «Şərq»ə açıqlamasında «ASAN Xidmət» mərkəzlərinin yaradılması ilə vətəndaşların problemlərinin həllini tapdığını dedi:

- Bilirsiz ki, «ASAN Xidmət» mərkəzləri həftənin bütün günləri, bazar günü də daxil fəaliyyət göstərir. Demək olar, fasiləsiz, daim iş başında olan vətəndaşlar da «ASAN» xidmətindən istifadə etməklə problemlərini həll edə bilirlər. Amma bu, əsas vermir ki, işəgötürənlər işçinin istirahət hüququnu pozsun. Xidmət, iaşə sektorunda çalışanların əksəriyyətinin əmək müqaviləsi yoxdur, onlarla əmək müqaviləsi bağlanmır, bununla da əmək münasibətləri pozulur. Xidmət sektorunda gizli mühasibatlıq problemi hələ də qalır. 

Əvvəlcə əmək münasibətlərinin iştirakçısı olmaq lazımdır ki, bundan irəli gələrək də hüquqi münasibətlər formalaşsın. İşçinin istirahət hüququ, məzuniyyət hüququ təmin edilsin. Yoxsa hazırda işçinin aqibəti işəgötürənin vicdanına, insafına qalıb. İşəgötürən insaflıdırsa, işçiyə istirahət hüququ verir, insafsız da istirahətsiz çalışdırır. Əmək münasibətləri qanunla tənzimlənməlidir. Xidmət sahələrində istirahət günlərinin yerinin dəyişdirilməsi problem deyil. 

Məsələn, «ASAN Xidmət»də şənbə və bazar günləri qısa gündür. Əməkdaşların sayı yetərli sayda olduğundan fasilə və istirahət günü hüququndan hamı istifadə edə bilir. Xidmət və iaşə sektorunda ciddi nəzarət tələb olunur. Vergilər Nazirliyi indi bir sıra cəhdlər edir. Görək, nəticə necə olacaq.

Məlahət Rzayeva