İşə Ağır Cinayətlərdə baxılacaq

Kamran Həsənli 7 il azadlıqdan məhrum edilə bilər




Müğənni Samir Piriyevin şoumen Kamran Həsənli ilə istintaq işində adı hallanan teleaparıcının Türkiyədə yaşayan bacısı Gülər Həsənli Bakıya gətirilib. S.Piriyevin hüquqşünası Ruslan Əhmədoğlu "Şərq”ə açıqlama verdi:

"Əvvəla, mətbuatda bəzən qeyd edirlər ki, məhkəmə istintaqı. İstərdim əvvəl bu məsələyə aydınlıq gətirim. Kamran Həsənliyə qarşı mülki qaydada iş açılmayıb ki, buna görə məhkəməyə müraciət olunsun. Kamran Həsənliyə qarşı cinayət işi açılıb. Bakı Baş Polis İdarəsində məsələylə bağlı cinayət işi açılıb və Prokurorluğun nəzarətində istintaq işi davam edir. Yəni burada dələduzluq maddəsi ilə işə baxılır. Eyni zamanda söhbət külli miqdarda məbləğdən gedir. Ona görə də mətbuatın bu məsələyə bir qədər düzgün yanaşmasını istəyirik. Bu işi məhkəmə predmeti olaraq deyil, cinayət işi olaraq təqdim etsinlər. Qaldı, Gülər Həsənliyə, istintaqın dəvətindən sonra Kamran Həsənlinin bacısı Azərbaycana qayıdıb, Bakı Şəhər Baş Polis İdarəsində dindirilib və istintiqa ifadə verib. Əvvəllər göstərilən məsələlərlə bağlı suallara Gülər xanım heç də Kamran Həsənlidən fərqli cavablar verməyib. Əslində başa düşmək olur. İfadə verənə qədər bacı-qardaş arasında danışıq aparılıb ki, nə deyək, necə izahat verək.

Xanım istintaqa elə bir ifadə verdi ki, onların bu işi planlı şəkildə qurduqları ortaya çıxdı. Onların Samir Piriyevin pulunu planlı şəkildə, dələduzluq yolu ilə və etibarından sui-istifadə edərək aldıqları açıq-aşkar bəlli oldu. Kamran Həsənli izahatında da bildirir ki, pulu türk şirkətinə şərik olmaq üçün alıb. Özü də həmin şirkətin sərmayəçilərindən biridir. İstintaq da tələb edir ki, şirkətin sərmayəçilərindən biri olduğunu sübut edən sənəd təqdim et, bir müqaviləni ortaya qoy. Belə bir sənəd isə yoxdu. Belə halda sənəd yoxdusa, demək ki, şirkətin şərik olmasından da söhbət gedə bilməz. İstintaq sual qoyur ki, əgər sizin o şirkətdə şərik olduğunuzu sübut edən sənəd yoxdusa, Samiri niyə bu işə cəlb edirdiz, şərik olmağı təklif edirdiz? Bu onu göstərir ki, dələduzluq yolu ilə Samiri aldadıb ondan pulu alıb. Kamran deyir ki, Samirin ona verdiyi pulu Türkiyəyə göndərib, hesab nömrəsinə köçürüb. Amma bu hesab nömrəsini təsdiq edən bir sənəd, bir qəbz belə ortalıqda yoxdu. Bu həm də onu sübut edir ki, Samirin Kamrana verdiyi pul ölkədən kənara çıxmayıb. Kamran bu məbləği hansısa hesab nömrəsinə oturtmalı idi. Belə bir hesab nömrəsi yoxdu. Samir Piriyevin şərik olduğunu deyirdi Kamran. Amma Kamranın özünün belə şərik olduğunun göstərib sübut edən bir sənəd, bir müqavilə belə bu günə qədər məhkəməyə təqdim olunmayıb. Kamran deyir ki, mən də Samir kimi o şirkətə pul qoymuşam, mənim də pulum batıb. Əgər sən Kamran Həsənli o şirəktə sərmayəçi olaraq pul qoymusansa, o sənədlər niyə ortaya çıxmır? Sən özün şərik olmadığın şirkətə niyə Samiri də cəlb edirdin? Sən deyirsən mənim pulum batıb. Sən o qədər böyük məbləği hansısa hesaba köçürməliydin. O hesab nömrəsini niyə göstərə bilmirsən? Çünki belə bir sənəd mövcud deyil. Burda Gülər xanımın da nüansını deyim, biləsiz. Mənim sizinlə dostluğum var və sizə təklif edirəm ki, Sumqayıtda bir məkana şərik pul qoyaq. Sən də, mən də 100 min qoyaq, iş quraq. Hər ikimiz də Bakıda qalırıq. Avtomatik bir sual meydana çıxır. Hər ikimiz Bakıdayıqsa, orda işə kim nəzarət edəcək? Onda Kamran bacısı Gülərin Türkiyədə bu işə nəzarət edəcəyini bildirir. Bu, normalda verilən sualdı. Kamran Samirin bu sualına da cavab verir ki, Gülər Türkiyədədi, işin başında Gülər duracaq. Gülər xanım da, deyilən türk iş adamını Samirlə görüşdürüb. Həmin o iş adamı istintaqa bir sənəd göndərib ki, mən Kamrana borcluyam. Amma hələ də bilən yoxdu ki, Gülər xanımla Kamranın təqdim etdiyi həmin iş adamının həmin şirkətdə vəzifəsi nədi? Gülərlə Kamran mütəmadi bu işlə bağlı da danışıqlar aparıb. Onlar burdan Samiri Türkiyəyə göndərirlər ki, get orda bu işə bax, maraqlan. Samir Kamrana deyir ki, mən pulu sənə razılıq verməyincə, Türkiyəyə göndərmə. Gedib görüm sonra. Türkiyəyə gedəndə Samiri orda Gülər qarşılayır və həmin adı hallanan türk iş adamı ilə görüşdürür. Yəni bu işləri Gülər xanım təşkil edir. Hələ Samirə orda deyilir ki, sən verdiyin məbləğdən əlavə də 125 min ver ki, şirkətə 10 faiz şərik ola biləsən. Samir məsələni belə görəndə deyir ki, mən bu işdə yoxam, istəmirəm, pulumu qaytarın. Türk iş adamı deyir ki, sən mənə pul vermisən? Kimə pul vermisən, get ondan da al. Samir dərhal Türkiyədən Kamrana telefon açır ki, sənə verdiyim pulu Türkiyəyə göndərmə, hesaba yatırtma, mən bu işdə yoxam. Kamran isə deyir ki, mən pulu artıq hesaba qoymuşam. Pul artıq hesaba oturub. Samir deyir ki, gəlirəm, hansı hesaba qoymusan, geri çək. Kamran deyir pul məndə deyil artıq. Faktiki olaraq Kamran əgər o pulu hansı hesaba köçürübsə, o hesab nömrəsini təqdim etməliydi istintaqa. O hesabı təqdim edə bilmir. Çünki elə bir hesab mövcud deyil. İstintaq belə bir sual da qoyur. Əgər Kamran həqiqətən Samiri aldatmayıbsa və özü də həmin şirkətə 300 min pul qoyubsa, Kamran niyə sürdüyü maşını satıb Samirin borcunun bir qismini qaytarıb, özü maşınsız qalır. Əgər Kamran da zərərçəkmiş adamdısa, niyə Samirin borcunu qaytarmağa çalışır. Hüquqi müstəvidə polisə müraciət etmir? Kamran bu suala cavab verəndə deyir ki, türk ondan xahiş edib ki, sən mənim yerimə bir az borcdan qaytar, mən sənə qaytaracam. Sənin Samirə borcun olmasaydı, sən heç vaxt altındakı maşını satıb ona borcunun bir hissəsini, 20 min qaytarmazdım. Yenə deyirəm, bu, cinayət işi olduğu üçün prokurorluğun nəzarəti ilə iş aparılır. Kamran başa düşür ki, bu iş artıq cinayət işidi. Kamran Həsənlinin vəkili də onu aldadır ki, narahat olma, hər şey həll olunacaq. Amma Kamran bilməlidir ki, vəziyyət ciddidir. O, cinayət işi olaraq istintaqa cəlb olunub. Burada söhbət külli miqdarda pulun mənimsənilməsindən gedir. Yəni dələduzluq maddəsi ilə Kamran həsənli məsuliyyətə cəlb oluna bilər. Məbləğ də böyük olduğu üçün ən azı 7 ildən başlayaraq bir az da çox Kamran Həsənli azadlıqdan məhrum oluna bilər. İstintaq işindən də bəlli olur ki, bütün faktlar Kamranın əleyhinədir. Ağır Cinayətlərdə bu işə baxılacaq”.

Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə Bakı Baş Polis İdarəsində cinayət işi başlanıb.

Tahirə Məmmədqızı