"Harold Kane kimi jurnalistlərə təşəkkür etmək lazımdır ki, işğal altındakı torpaqlarımızda hökm sürən real vəziyyəti dünya ictimaiyyətinə çatdırır”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Ceyhun Əhmədli deyib.
Analitik bildirib ki, bu, bizim ümumi işimizə verilən mühüm bir töhfədir:
"Azərbaycan dövləti illərdir Ermənistanın xalqımıza qarşı törətdiyi vəhşiliklərlə bağlı dünya ictimaiyyətini məlumatlandırmağa çalışır. Bu sahədə ciddi uğurların əldə olunduğunu da deyə bilərik. Məsələn, Xocalı hadisələrini insanlıq əleyhinə yönəlmiş soyqırımı cinayəti kimi tanıyan ölkələrin sayı hər il artır. Ayrı-ayrı beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və bəyanatlarda Ermənistanın Azərbaycana qarşı humanitar və ekoloji terrorizm siyasəti ifşa olunub. Təbii ki, bütün bunlar kifayət edə bilməz.
Çünki torpaqlarımız hələ də işğal altındadır və xalqımız hələ də Ermənistan dövlət səviyyəsində həyata keçirdiyi terrorizm siyasətindən əziyyət çəkməkdədir. Ən böyük problemlərdən biri Dağlıq Qarabağda demoqrafik vəziyyəti süni yollarla dəyişdirmək cəhdidir. Suriyada və digər Orta Şərq ölkələrində terrorçu təşkilatların sıralarında vuruşmuş erməni kökənli şəxslər işğal altındakı rayonlarımıza köçürürlər. Bu, bütün region üçün təhlükə deməkdir. İndi fərqinə çox ciddi varılmasa da, yaxın perspektivdə regionun təhlükəsizliyi baxımından ciddi təhdidlərin yarana biləcəyini deyə bilərik”.
Politoloqun sözlərinə görə, rayonlarımızın adları və sərhədləri qanunsuz şəkildə dəyişdirilir, tarixi-mədəniyyət abidələrimiz, məscidlərimiz dağıdılır:
"Bunu bilmək üçün heç işğal altındakı torpaqlara səyahət etməyə də ehtiyac yoxdur. İnternetin imkanlarından faydalanmaqla həmin faktlarla virtual şəkildə tanış olmaq mümkündür. ATƏT-in Faktaraşdırıcı Missiyası dəfələrlə işğal olunmuş bölgələrimizdə beynəlxalq humanitar hüququn tələblərinin pozulduğunu ehtiva edən hesabatlar hazırlayıb. Bütün bunlar reallıqdır. Və hollandiyalı jurnalistə bizim haqq mübarizəmizə dəstək verdiyi üçün dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Böyük Britaniyadan olan araşdırmaçı Harold Kane "Dağlıq Qarabağda cinayətkarlığa məruz qalma şoku” başlıqlı yazı yazıb. Müəllif yazıda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədilən cinayətlərin kataloquna işıq salıb. Tədqiqatçı bildirib ki, işğaldakı Azərbaycan torpaqlarında yol verilən özbaşınalıqlar və cinayətlər Qafqaz bölgəsindən kənara çıxır və beynəlxalq ictimaiyyətə də mənfi təsir göstərir. Müəllif əsasən bu ərazilərdə olan insan alveri, narkotik qaçaqmalçılığı, təbii ehtiyatların oğurlanması, maddi mədəniyyət abidələrinin dağıdılması və s. məsələlərdən də yazıb.
İsmayıl