“İŞİD-in Azərbaycanda qüdrətli bazası yoxdur”
“Ciddi təhdid olduğu zaman Amerika və Türkiyənin xüsusi xidmət orqanlarının yardımı ilə Azərbaycanın kəşfiyyat qrupu bundan xəbər tutacaq”
"İraq Şam İslam Dövləti”nin (İŞİD) daxili işlər naziri Abdul Vahid Xudayar Əhməd Azərbaycandan olan yaraqlıları bir yerə toplayaraq onları tərifləyib və Qərbin dəstəklədiyi Azərbaycan hakimiyyətinə qarşı silaha sarılmağa çağırıb. Artıq İŞİD-in Yaxın Şərqə ayaq açdığını iddia edən kəşfiyyatçı-ekspertlər neftlə zəngin Qafqaz regionunu gözlənilən təxribat təhlükəsi ilə bağlı ayıq-sayıq olmağa çağırıblar.
Məlum olduğu kimi İŞİD keçmiş SSRİ respublikalarında, o cümlədən, Bəşər Əsəd tərəfdarlarına qarşı döyüşlərdə iştirak etmək üçün yüzlərlə vətəndaşının Suriyaya yollandığı Azərbaycanda mövcud sabitliyi pozmaq üçün konkret planlar hazırlayır. Abdul Vahid Xudayar Əhməd də öz çıxışında Bakının əfsanəvi neft yataqlarından danışıb və xatırladıb ki, İkinci Dünya müharibəsi vaxtı Hitler Almaniyası da ona sahib olmağa çalışıb: "Biz Bakını, islamın ən qiymətli şəhərlərindən birini xilas etməliyik. Heç şübhəsiz, Azərbaycanın və onun təbii sərvətlərinin islam dünyasındakı yeri bərpa olunacaq”.
İslam cihadçılarını yönləndirən və maliyyələşdirən Səudiyyə milyonçularının hələ 1998-ci ildən etibarən Azərbaycanda gizli radikal mücahidlərin hazırlanmasına və formalaşdırılmasına başladıqlarını vurğulayan kəşfiyyatçı-ekspertlər hesab edir ki, sonradan Suriyaya yollananlar məhz həmin dəstələrdə hazırlıq keçənlərdir.
İŞİD rəsmisinin dedikləri nə dərəcədə realdır? Doğrudan da, terror təşkilatı Azərbaycanın neft yataqlarını vura bilərmi? Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki, politoloq İlham İsmayılın qənaətincə isə İŞİD tərəfdən Bakının neft yataqlarının ələ keçirilməsi ilə bağlı deyilənlər, sadəcə fantastikadır. Bu sahədə narahatlıq üçün heç bir əsas olmadığını vurğulayan ekspert İŞİD-in Azərbaycanda hər hansı bir terror törətmə ehtimalını da istisna etməyib: "Azərbaycanın neft yataqlarını vurmaq üçün coğrafi məkan İŞİD-ə şərait yaratmır. Ən azı İŞİD terrorçuları İraqda, Suriyada həyata keçirdikləri əməliyyatları Azərbaycanda da həyata keçirə bilməzlər. Uzağı, Azərbaycanda İŞİD tərəfdarları, onların tərkibində döyüşüb geri qayıdan insanlar hansısa bir təxribat törədə bilər ki, onların da hər biri nəzarət altındadır. İŞİD-lə əlaqəsi olan gizli qruplaşmalar ortaya çıxıb, ölkədə hansısa terror törədə bilərlər, amma onun da genişmiqyaslı ola biləcəyini güman etmirəm. Çünki İŞİD-in Azərbaycanda o qədər də qüdrətli bazası yoxdur”.
Heç bir dövlətin terrordan sığortalanmadığını vurğulayan ekspert əlavə edib ki, hazırkı mərhələdə Azərbaycan üçün heç bir terror faktı gözlənilən deyil. Gələcəkdə İŞİD-in Azərbaycan üçün real təhlükəyə çevrilmə ehtimalına gəldikdə isə İ.İsmayıl bildirib ki, yaxın gələcəkdə İŞİD-in özünün sonu olacaq: "Hazırkı dönəmdə İŞİD məsələsi bütün dünya ölkələri üçün potensial təhlükədir və bu sona qədər belə gedə bilməz. Çox güman ki, beynəlxalq güclər İŞİD-i tarixin arxivinə göndərəcəklər”.
Azərbaycanda həyata keçiriləcək hər hansı bir terror hadisəsinin qarşısını almaq üçün ölkədəki xüsusi xidmət orqanlarının və təhlükəsizlik sisteminin bütün lazımi addımları atdığını vurğulayan İ.İsmayıl deyib ki, Azərbaycan anti-terror koalisiyasına qoşulub və terrorla mübarizə üçün digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdədir: "Azərbaycanın təhlükəsizliyi üçün ciddi təhdid olduğu zaman Amerika və Türkiyənin xüsusi xidmət orqanlarının yardımı ilə Azərbaycanın kəşfiyyat qrupu bundan xəbər tutacaq. Daxildə isə bu məsələ kifayət qədər nəzarət altındadır. Suriyaya gedib gələnlər, İŞİD-ə qoşulanlar, hətta Bəşər Əsəd ordusunun tərkibində döyüşüb, ölkəyə qayıdanlar belə xüsusi xidmət orqanlarının əməkdaşlarının nəzarətindədir. Azərbaycanda məhz bu istiqamətdə fəaliyyət düzgün qurulub”.
Terror hədəfinin əvvəlcədən məlum olmadığını vurğulayan ekspertin sözlərinə görə, konkret hədəfin hansısa obyekt və ya fərd olacağı heç kəsə bəlli olmur: "Bu günlərin əsas dəbi şəhərin mərkəzində hansısa obyektin kamikadzelər vasitəsilə partladılmasıdır. Bizdə isə kamikadze əhval-ruhiyyəsi yoxdur. İŞİD tərəfdən döyüşən insanlar belə, kamikadze olmazlar”.
Azərbaycanda Yay Avropa Olimpiya Oyunlarının keçiriləcəyini xatırladan İ.İsmayıl deyib ki, onsuz da bu beynəlxalq tədbirlə bağlı bütün şəhər nəzarətə götürülüb: "Baş verəcək terrorun qarşısını almaq üçün bizim "Avroviziya” təcrübəmiz var. Həmin vaxtlarda Avstriya polisi bir müddət bizimkilərə təlimlər də keçmişdi. Düzdür, ən güclü dövlətlərdə belə terror törədilir. Bu baxımdan, Azərbaycanın təhlükəsizlik orqanları hər nə qədər təcrübəli olsalar da, İŞİD Azərbaycanda terror törətmək istəsə, bunu edəcək. Amma bir şeyi unutmayaq ki, heç bir terrorist əvvəlcədən bəyanat yaymır. Terrorun məqsədi ölkədə ajiotaj yaratmaqdır. Bunun üçün adi bir maşını da partlada bilərlər. Terrorun həyata keçirilməsində əsas məqsəd isə hansısa bir hadisəyə etiraz etmək və nəsə tələb irəli sürməkdir. İŞİD-in Azərbaycanda terror törətməsi üçün isə heç bir zəmin yoxdur. Bizdən nə tələb edəcəklər? Uzaqbaşı, konstitusiyamızın dəyişilməsini istəyəcəklər. Azərbaycan isə nə dövlət, nə də millət olaraq şəriət dövlətinə gedəsi deyil. Maraqlı qüvvələrin bu siyasətinin qarşısı dəfələrlə alınıb, bundan sonra da alınacaq. Əslində, bundan sonra Azərbaycan qarşısında hansısa qüvvənin bu tələblə çıxış edəcəyi də inandırıcı deyil”.
Şəymən