İşin üzərinə getmək lazımdır

Ukraynada oğurlanan azərbaycanlı sıradan bir iş adamı deyil
“Bu cinayətin tam açılmasında və sadəcə onu törədənlərin deyil, sifarişçilərin də ifşa olunmasında Azərbaycan tərəfi maraqlı olmalıdır”



2017-ci il dekabrın 11-də Kiyevdə yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanan Azərbaycanın Ukraynadakı diasporunun üzvü Hikmət Abdullayev azad olunub. Cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin köməkliyi və Ukrayna hüquq-mühafizə orqanlarının səyi nəticəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri öz nəticəsini verib və cinayətdə şübhəli bilinən dəstə zərərsizləşdirilib. Hazırda müvafiq əməliyyat tədbirləri davam etdirilir. Məlumdur ki, Ukraynada bizneslə məşğul olan, diaspora fəaliyyəti göstərən azərbaycanlıların oğurlanması, döyülməsi, ciddi təzyiqlərə məruz qalması dəfələrlə baş verib. 

Bir çox cinayətlərin üstü hələ də açılmayıb. İddialara görə, soydaşlarımızın zaman-zaman hədəf alınması Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun himayəsi altında reallaşır. Daha doğrusu, məhz onun "dəstəyi” və proseslərə göz yumması nəticəsində varlı azərbaycanlılar "haqq” qarşılığında oğurlanır, incidilir. Ancaq törədilən cinayətlərə görə, heç kim məsuliyyətə cəlb olunmur.

Mövzunu "Şərq”ə şərh edən siyasi ekspert, AMİP funksioneri Əli Orucov bildirib ki, bu məsələdə birtərəfli qaydada mülahizə yürütmək doğru deyil. Politoloqun fikrincə, iş adamları arasında maliyyə və iqtisadi sahələrə nəzarət uğrunda həmişə rəqabət olub:

"Təəssüflər olsun ki, bu rəqabət bəzən qanunlardan kənara adlayıb. Eyni zamanda kriminal ünsürlər də əksər hallarda iş adamlarının "ovuna” çıxırlar. Lakin Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun hadisələrdə bu və ya digər şəkildə iştirakını istisna etmək olmaz. Ermənilər əllərinə imkan və fürsət düşən kimi öz xislətlərini büruzə verirlər. Ehtimal ki, Ukraynada Azərbaycan diasporasının güclənməsini istəməyən qüvvələr var. 

Bu qüvvələr həm də Ukrayna-Azərbaycan münasibətlərini korlamağa çalışırlar. Oğurlanan şəxs sıradan bir iş adamı deyil, Azərbaycan diasporasının təmsilçisidir. Ona görə də bu cinayətin tam açılmasında və sadəcə onu törədənlərin deyil, sifarişçilərin də ifşa olunmasında Azərbaycan tərəfi maraqlı olmalıdır. Bu işin üzərinə daha inadkarcasına getmək lazımdır. 

Çünki xarici diasporamızın güclü olması Azərbaycanın həmin ölkələrdə mövqelərinin güclü olması deməkdir. Odur ki, bu həm də bizim milli məsələmizdir. Milli məsələdə isə heç kəsə güzəşt olunmur”.

İsmayıl