"Dövlət strukturlarında aparılan islahatları zamanın tələbi hesab etmək olar”.
Bunu "Sherg.az”a açıqlamasında tanınmış sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyib.
Professor bildirib ki, paralel dövlət strukturlarında ixtisarlar aparmaq çox lazımlı işdir:
"Düşünürəm ki, bu cür islahatlar hələ davam edəcək. Çünki yeni şəraitdə idarəetmə strukturlarının təyinatında dəyişiklik vacibdir. Cəmiyyət dəyişilir, elmi-texniki metodlar yenilənir.
Bunun hesabına idarəetmənin prinsipləri də təzələnir. Əvvəllər bir çox kiçik təşkilarlar yaranırdı, müəyyən hesablamalar, təhlillər aparılır, idarəetmələr qurulurdu. Ancaq indi texnikanın, kompüter və internetin inkişafı idarəetmədə yeni metodları formalaşdırmaqdadır. Bir çox strukturlara ehtiyac qalmayıb. Lakin bu məsələlər elmi əsaslarla həyata keçirilməlidir. Çox güman ki, ixtisarlar nəticəsində işdən azad olunan kadrların sosial müdafiəsi məsələsinə geniş baxılacaq”.
Alim vurğulayıb ki, islahatlar optimal şəkildə aparılarsa, həm idarəetmənin çevikliyi artacaq, həm də büdcəyə fayda verəcək: "Bir-birini təkrar edən qurumların qalması indiki vaxtda daha çox problemlər yarada bilər. Hesab edirəm ki, gələcəkdə rayonlardakı paralel strukturlar da ləğv olunmalı, eyni qurumlar birləşdirilməlidir. Hətta üç-dörd rayonu vahid strukturun tərkinə daxil etmək mümkündür”.
İsmayıl