Vüqar Rəhimzadə: “Belə bir qurumun yaranması İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda dünya üçün əhəmiyyətlidir”
İslam ölkələri jurnalistləri birləşir
Aydın Quliyev: “Artıq bu ideya gerçəkləşir”
Vüqar Rəhimzadə: “Belə bir qurumun yaranması İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda dünya üçün əhəmiyyətlidir”
Vüqar Rəhimzadə: “Belə bir qurumun yaranması İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda dünya üçün əhəmiyyətlidir”
Oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı baş tutub. Konfransı İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov açaraq qurumun fəaliyyəti, qarşıya qoyduğu məqsədlər barədə məlumat verib. Sonra F. Abbasovun İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaranma zərurəti, məqsədi və vəzifələri ilə bağlı məruzəsi dinlənilib. O qeyd edib ki, regional, dini baxımdan bir çox jurnalist təşkilatları, birlikləri yaradılıb. Bu təşkilatlar əsasən onların öz maraqlarını ifadə edir.
Bununla da jurnalist peşəkarlığı, doğru, dəqiq xəbər yayılması ilə bağlı hüquqlar pozulur. Bundan ən çox zərər çəkənlərin isə islam ölkələrinin olduğunu desək, səhv etmərik. İslam ölkələrinə yönələn bu siyasətə qarşı fəaliyyət göstərən, haqq səsini ucaldan media qurumu isə yox dərəcəsindədir. AZƏRTAC-ın baş direktoru Aslan Aslanov da qeyd edib ki, İslam
Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransının keçirilməsi təşəbbüsü həqiqətən təqdirəlayiqdir. Baş direktor əminliyini ifadə edib ki, bu sahədə görüləcək işlər müsəlman dünyası üçün çox xeyirli və faydalı olacaq: "Yeni Assosiasiya islam ölkələrinin peşəkar jurnalistlərini, aparıcı xəbər agentliklərini, beynəlxalq və regional media təşkilatlarını bir araya toplayaraq həqiqəti əks etdirən informasiya mübadiləsi aparmağa, qloballaşan dünyada islam aləminin üzləşdiyi yeni təhdidlərə qarşı mübarizədə birlik və həmrəyliyə nail olmağın yollarını tapmağa imkan verəcək nüfuzlu platformaya çevriləcək. İslam ölkələri jurnalistlərinin birliyi və həmrəyliyi indi həmişəkindən daha aktual və vacibdir. Çünki son illərdə dünyanın bir çox yerlərində, xüsusilə də islam ölkələrinin bir çoxunda siyasi-iqtisadi təbəddülatlar, terror hücumları, hərbi toqquşmalar baş verir. Yaxın Şərqdə böyük qaçqın kütləsi yaranıb. Həll olunmamış problemlər, münaqişələr təkcə həmin ölkələr üçün deyil, həm də bütövlükdə region üçün ciddi təhlükə törətməkdədir”. Assosiasiyanın yaradılması istiqamətində bir sıra mühüm işlərin görüldüyünü deyən A.Aslanov diqqətə çatdırıb ki, qurumun saytının yaradılması və orada Azərbaycan, ingilis və ərəb dillərində informasiyaların və videoxəbərlərin yerləşdirilməsi təqdirəlayiq haldır.
Assosiasiyanın gələcək fəaliyyəti ilə bağlı bir sıra təkliflərini səsləndirən AZƏRTAC-ın baş direktoru deyib: "Assosiasiyaya üzv qəbul olunan və olunacaq ölkələrin media qurumlarının hər birindən hər gün bütövlükdə islam dünyasının ictimai, siyasi, iqtisadi, mədəni həyatının aktual məsələlərini özündə əks etdirən 8-10 informasiya və videoxəbər alınaraq sayta yerləşdirilsin”. Assosiasiya çərçivəsində islam ölkələri jurnalistlərindən ibarət çevik qrupun formalaşdırılmasının vacibliyini qeyd edən A.Aslanov bildirib ki, bu, üzləşdiyimiz və üzləşəcəyimiz hadisələr haqqında vaxtaşırı informasiya mübadiləsinə, ictimai rəyin düzgün istiqamətə yönəldilməsinə imkan verər.
"APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı çıxış edərək bəyan edib ki, hər bir dövləti təmsil edən media qurumu öz ölkəsi ilə bağlı mühüm informasiyaları işıqlandırır: "İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması ölkələrimiz üçün strateji əhəmiyyət daşıyan xəbərləri ilk mənbədən mübadilə etməyimiz üçün transmilli media orqanlarının manipulyasiyasının qarşısının alınmasında mühüm rol oynaya bilər. Assosiasiyanın yaradılması bu baxımdan vacibdir. Həmçinin Assosiasiya vasitəsilə jurnalistlərin biri-birinin ölkələrini, cəmiyyətlərini tanıması, qarşılıqlı səfərlərin təşkili də mümkündür.
Sonra "İrşad” Dini Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev "Dünyada islamafob meyillərin artması və İslam ölkələrinə tətbiq edilən ikili standartlara qarşı mübarizədə jurnalistlərin rolu” mövzusunda məruzəsində bu cür platformanın yaradılmasının vacibliyini vurğulayıb: "Bir sıra ölkələrdə yayılan islamafobiya meyillərinin artdığı bir dövrdə islam ölkələrinin jurnalistlərinin üzərinə çox böyük bir vəzifə düşür. İslam dininin dəyərlərinin, onun mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması çox önəmli məsələdir.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib ki, təəssüflər olsun, bu gün islamafobiya islam dünyasına qarşı siyasi mexanizmə çevrilib: "İslam ölkələrinin media mənsubları bunu düzgün şərh etməlidirlər. Əgər bunu dərk etməsələr, o zaman o transmilli media axınında boğularaq, heç nəyi dərk edə bilməyəcəyik. Ona görə də məsələyə qlobal kontekstdə yanaşmaq və birgə zəruri addımlar atmaq lazımdır. Yeni Assosiasiya da bu işə xidmət edəcək”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli diqqətə çatdırıb ki, əgər islam dininin daşıyıcısı olan ölkələrin media mənsubları səylərini birləşdirərlərsə, hazırladıqları informasiyaların müxtəlif aparıcı dillərdə internet resursları vasitəsilə yayılmasını təmin edərlərsə, bu, bir sıra mənfi halların qarşısını ala bilər: "Yeni Assosiasiya bu məsələlərə ciddi önəm verməlidir”.
Türk Xalqları Ümumdünya Konqresinin prezidenti Yəhya Əliyev də islam ölkələrinin jurnalistləri arasında həmrəyliyin vacibliyindən danışıb.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli dünyada islam dininə qarşı ayrı-ayrı mənfi təzahürlərin formalaşdığı bir dövrdə islam ölkələri jurnalistlərinin belə bir Assosiasiyada
birləşməsi addımını yüksək dəyərləndirib. O, islam dininin humanist dəyərlərinin, mədəniyyətinin təbliğinin də aparılmasının önəmini qeyd edib.
"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Şərq”ə açıqlamasında bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının əhatəsində olan dövlətlərin belə bir qurum yaratması çox əhəmiyyətlidir: "Çox sevinirəm ki, bu qurumun yaradılmasının təşəbbüskarı Azərbaycan olub. Dünən, mən də o tədbirin iştirakçısı olmuşam. Bu fikirdəyəm ki, niyyət konfransı olaraq çox yüksək səviyyədə reallaşdırıldı. Bilirsiniz ki, Prezidentin köməkçisi, Əli Həsənovun kifayət qədər dolğun məruzəsi oldu. Həmin məruzədə bu təşkilatın fəaliyyət prinsipləri, qarşısına qoyduğu məqsəd, məram və bütövlükdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində görüləcək işlərlə bağlı kifayət qədər məlumat verildi. Ona görə də mən bir qəzet redaktoru kimi məmnunam və hesab edirəm ki, çox vacib işlərdir. Dünyanın nizamının pozulduğu bir vaxtda, müəyyən fəsadların baş alıb getdiyi bir dövrdə və islam ölkələrinə qarşı Qərb ölkələri tərəfindən anti-təbliğat kampaniyasının aparıldığı bir vaxtda bu cür assosiasiyanın yaradılması çox yaxşı hal oldu. Bu qurumla bağlı yaradılacaq sayt da dünya media müstəvisinə böyük töhfə verəcək. Eyni zamanda mərkəz rolunu oynayan bir deyil, bir neçə media quruluşunun yaradılmasını vacib hesab edirəm. Ola bilər ki, bir mərkəzi televiziya yaradılsın. Bununla yanaşı düşünürəm ki, digər regional televiziyaların formalaşması da çox önəm kəsb edir. Bütövlükdə belə bir qurumun yaranması İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda dünya üçün əhəmiyyətlidir. Bilirik ki, Ərəb və Yaxın Şərq ölkələrindən Avropa ölkələrinə üz tutan miqrantlara qarşı, qadın və körpələrə qarşı xoş olmayan münasibətlər bugünkü cəmiyyətin tarazlığının pozulmasına çox böyük təsir göstərən amillərdir. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin dünya mədəniyyətinə verdiyi töhfələr və dünya tarixində qoyduğu dəyərli işlər bugünkü müasir cəmiyyətdə önəm kəsb edir. Belə bir qurumun yaradılması və eyni zamanda bunun əhatəsində yaradılacaq media quruluşlarının da fəaliyyəti önəm kəsb edir. Ona görə də bu təşkilatın yaranmasını yüksək dəyərləndirirəm. Xeyirli, uğurlu olsun. Arzu edirəm ki, bu təşkilata daxil olan ölkələr çox fəal şəkildə vahid platforma çərçivəsində çıxış etsinlər və bir daha islam mədəniyyətini, islam tarixini, islamın dünya birliyində rolunu bir daha ortaya qoysunlar və bu, dünyanın bütün ölkələrində təqdim olunsun”.
"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, bu işin ən əhəmiyyətli cəhətlərindən biri odur ki, ideya Azərbaycana məxsusdur: "Tehranda oxşar formatda toplantı zamanı Azərbaycan nümayəndəsi bu təkliflə çıxış edib. Prezidentin köməkçisi Əli Həsənov belə bir təkliflə çıxış etmişdi və yaxşı bir haldır ki, artıq islam dövlətlərinin koordinasiyası ilə məşğul olan rəsmi şəxslər bu ideyanı dəyərləndirib. Artıq ideya gerçəkləşib. Birincisi, Azərbaycanın növbəti bir ideyasının reallaşması kontekstində bizim üçün əhəmiyyətlidir. Çünki heç də bütün ölkələrin verdiyi ideya və təkliflər ciddi qəbul olunmur. Amma Azərbaycanın bu təklifinin gerçəkləşməsi həm də Azərbaycanın gücünə, sanbalına verilən bir dəyər kimi anlaşıla bilər. Digər tərəfdən, yeni yaradılmış bu format islam ölkələrinin, o cümlədən Azərbaycanın medianın inkişafı sahəsində əldə etdiyi qabaqcıl təcrübənin başqa dövlətlərlə mübadiləsi üçün çox əhəmiyyətli bir platformadır. Azərbaycan kimi İslam Əməkdaşlıq Təşkilatında az dövlətlər mövcuddur ki, onların çox uzun milli mətbuat tarixi var. İslam ölkələri arasında Azərbaycan qədər qədim milli mətbuat tarixi olan bir neçə dövlətin adını çəkmək mümkündür. Sözsüz ki, bu, Azərbaycana milli media sahəsində çox böyük təcrübə qazandırıb. Düşünürəm ki, həmin platforma çərçivəsində Azərbaycanın media sahəsində əldə etdiyi uğurların başqa ölkələrlə mübadilə edilməsi çox əhəmiyyətli olacaq. Eyni zamanda bu format islam dövlətlərinin Azərbaycan da olmaq şərtilə islam dövlətlərinin özlərinin biri-birini daha yaxşı tanıması, ölkələrin bugünkü reallıqlarına qiymət verməsi kontekstində çox gözəl bir platformadır. Və nəhayət, onu deyim ki, bu format bütün müsəlman dövlətlərinin marağında olan islam həqiqətlərinin dünyada müdafiə olunması və islamafob dairələrin islam ölkələrinin birliyini pozmasına yönəlik addımlarının qarşısını almaqda önəmli rol oynayan platformaya çevrilə bilər. Bir sözlə, Azərbaycanın ideyası kimi həyata keçən bu format düşünürəm ki, yalnız Azərbaycana deyil, bütün islam dövlətlərinin maraqlarına uyğun olan nəticələr ortaya qoya bilər”.
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb