İsrail və Türkiyə barışdı

“Çox güman ki, bu yaxınlaşmada Vaşinqtonun təsir və maraqları var”



Uzun müddət davam edən gərginlikdən sonra İsrail və Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılmasına dair razılaşma əldə olunub. Danışıqlar iyunun 26-da Romada baş tutub.

Anlaşmaya əsasən, İsrail "Mavi Marmara” hücumunda həyatını itirənlərin ailələrinə təzminat ödəməyi və Türkiyənin Qəzzadakı humanitar vəziyyətə müdaxiləsini qəbul edib. İsraillə əldə olunan razılaşma Türkiyənin diplomatik uğuru kimi dəyərləndirilir. İsrail-Türkiyə arasındakı gərginliyin aradan qaldırılmasını şərh edən politoloq Elşən Manafov bildirib ki, İsrail-Türkiyə münasibətləri bir qayda olaraq strateji tərəfdaşlıq ampluasında olub: "İsrail gözəl başa düşür ki, Türkiyənin iştirakı olmadan regiondakı dövlətlərə təsir etmək, ciddi geopolitik təsir bağışlayan və ciddi mahiyyət kəsb edən məsələlərin həllində nailiyyətlər əldə etmək mümkün deyil. İsraillə Türkiyə arasında olan münasibətdəki gərginlik İsrailin ən yaxın müttəfiqi olan ABŞ-ın da maraqlarına cavab vermirdi. Çox güman ki, bu yaxınlaşmada Vaşinqtonun təsir və maraqları var. Hazırda Türkiyənin Avropa İttifaqı ilə münasibətlərində problemlər yaşanır. ABŞ Avropa İttifaqının Türkiyəyə qarşı həyata keçirdiyi siyasəti bəyənmir və anlayır ki, Türkiyə ciddi strateji imkanları olan, hərbi resurslara malik bir dövlətdir. Türkiyəsiz NATO-nun Qara dəniz boğazında, Şərqi Avropada, Balkanlarda Rusiya təsirinə qarşı mübarizə aparmaq imkanları yetərincə məhduddur. Bu mənada istisna etmirəm ki, Türkiyə-İsrail arasındakı gərginliyin aradan qalxmasında ABŞ siyasətçilərinin müstəsna rolu var”. Ekspert vurğulayıb ki, hər iki ölkə biri-birinə ehtiyac duyur: "Türkiyənin İsraillə münasibətlərində strateji tərəfdaşlıqla yanaşı, hərbi sahədə əməkdaşlıq da mövcud olub. Türkiyə İsrailin hərbi kompleksinin silahlarını alıb, eyni zamanda İsrail Türkiyənin istehsal etdiyi F16-lara böyük maraq göstərir. İsrailin uzun müddət içməli suya olan təminatında da Türkiyənin rolu çox ciddi olub”.

Politoloq bildirib ki, Azərbaycan tərəfi Türkiyə-İsrail arasındakı gərginliyin davam etməsində heç vaxt maraqlı olmayıb: "Azərbaycan bu məsələyə bir qayda olaraq enerji tərəfdaşlığı kontekstindən yanaşıb. Bakı-Tbilisi-Ceyhan xətti ilə gedən neftimizin 23 faizini İsrail alırdı. Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq var. İsrailin pilotsuz hərbi təyyarələrini alırıq. Azərbaycan İsraillə münasibətinə eyni zamanda erməni lobbisinin siyasətinin alternativi kimi yanaşır. Yəhudi lobbisinin ABŞ konqresinə təsir imkanları nəzərə alınarsa, niyə də bu lobbinin imkanlarından erməni lobbisinə qarşı mübarizədə istifadə etməyək? Qarabağ probleminin çözülməsində İsrailin mövqeyi bəllidir. Bir sıra hallarda İsrailin mövqeyi hətta məlum müsəlman ölkələrinin mövqeyindən daha kəskin və obyektiv olub. Bu baxımdan qardaş ölkə ilə sıx əlaqələrimiz olan İsrail dövlətinin yaxınlaşması Azərbaycanın maraqlarına uyğundur”.

İsmayıl