İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər





Azərbaycanda digər sahələrlə yanaşı, enerji sektoru da ulu öndər Heydər Əliyevin tərəqqipərvər siyasətinin ən layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin prioritet saydığı istiqamətlərdəndir. Məhz bu mənada ölkə başçısının uğurlu və uzaqgörən siyasəti nəticəsində ölkəmizin enerji sektorunda davamlı islahatlar həyata keçirilir. Belə ki, ölkə başçısı 2006-cı ildə paytaxt Bakıda "Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətinin bərpa olunmasına dair göstəriş verdi. Və bununla da qısa müddət ərzində paytaxtın işıq problemi həll edildi. Köhnəlmiş və təhlükə mənbəyini xatırladan naqillər dəyişdirildi. Yeni yarımstansiyalar inşa edildi. Ötürücülər tələbata uyğunlaşdırılaraq ən müasir texnologiyalarla əvəz edildi. Əhalinin elektrik enerjisinə olan tələbatı yüksək peşəkarlıqla təmin olundu.

Bir müddət sonra Bakı gecələri öz keçmiş şöhrətini geri qaytardı. Və hətta dünyanın ən çıraqban şəhərlərindən birinə çevrildi. Vətənimiz Azərbaycan son 12-13 ildə elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi. Amma respublikamızın regionlarında enerji təchizatında olan problemlər hələ də qalmaqda idi. Bu səbəbdən regionun ən inkişaf etmiş bir dövləti kimi nailiyyətlərin axarlı olması üçün yeni qərarların qəbuluna ehtiyac yaranmışdı. Bu mənada 2015-ci il fevral ayının 10-da cənab Prezident İlham Əliyev "Bakıelektrikşəbəkə”nin Bakıda həyata keçirdiyi uğurlu islahatları yüksək qiymətləndirərək onun bazasında "Azərişıq” ASC-nin yaradılması haqqında sərəncam imzaladı. Əlbəttə, bu da enerji sektoruna göstərilən ən böyük diqqət idi.

"Azərişıq” 10 illik fəaliyyət planı hazırlayıb

Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı respublikanın paylayıcı elektrik şəbəkələrinin yenidən qurulmasını zəruri edirdi. Tədqiqatlar da göstərirdi ki, respublikanın elektrik enerjisinə olan tələbatı ildə 2-3 faiz artımla müşahidə olunur. Belə bir vaxtda üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirən yeni yaradılmış "Azərişıq” ASC mövcud vəziyyəti və artan tələbatı dərhal öyrənərək qısa müddətdə fəaliyyət planı tərtib etdi. "Azərenerji” ASC-dən təhvil-təslim işlərinin başa çatmasını gözləmədən bölgələrin vəziyyəti göz önünə gətirildi. "Azərişıq” ASC yaradıldıqdan sonra regionlardakı elektrik şəbəkələrinin mövcud vəziyyətinin qısa müddət ərzində hərtərəfli təhlili aparıldı. Regionların elektrik enerjisinə olan tələbatının ödənilməsinə toxunan cəmiyyət sədri Baba Rzayev bildirib ki, "2015-ci ildən 2025-ci illəri əhatə edən fəaliyyət planına əsasən Azərbaycanda elektrik enerjisinə olan tələbatın 7 000 MVt-dan 10 000 MVt-a qədər artacağı proqnozlaşdırılır. Regionların elektrik enerjisinə olan tələbatın ödənilməsi və perspektivdə (2020-ci ilə qədər) yaranacaq elektrik yüklərinin qarşılanması üçün mövcud paylayıcı elektrik şəbəkələrinin təmirini və bərpasını, eləcə də yük mərkəzlərində yeni qida mənbələrinin - 35 və 110 kV-luq yarımstansiyaların tikintisini, yeni elektrik verilişi xətlərinin çəkilişini aktuallaşdırıb”.

Regionlarımız dayanıqlı enerji ilə təmin olunub

B.Rzayev onu da əlavə edib ki, regionlarda perspektiv və mövcud yükləri nəzərə almaqla 20 ədəd 110 kV-luq, 70 ədəd 35 kV-luq yarımstansiyaların yenidən qurulması və inşası, müxtəlif gücdə 4749 ədəd KTM-nin quraşdırılması, 110; 35; 10; 6 və 0.4 kV-luq elektrik verilişi xətlərinin tikintisi aparılmalıdır: "Tədqiq olunan ərazilərdə nəzərdə tutulan elektrik şəbəkələrinin yenidən qurulması, elektrik enerjisinə olan tələbatın ödənilməsinə, rayonların elektrik təchizatının yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azaldılmasına, şəbəkələrdəki texniki itkilərin minimuma çatdırılmasına imkan yaradacaq”. Qeyd edək ki, xeyli müddətdir ki, icrasına başlanılmış proqramın I hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edir. Bu da regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına gətirib çıxarıb.

Qazaxda iki yarımstansiya yenilənib

Qazaxın ən böyük kəndi olan Daş Salahlıda 110 / 66 kv -luq köhnə yarımstansiya tamamilə sökülərək müasir standartlara cavab verən yeni yarımstansiya tikilib. Bundan başqa, Qazaxın Ağköynək kəndində 35/10 kv-luq Qazax 1 yarımstansiyanın əvəzinə yeni yarımstansiya qurulub. Bir sözlə, Qazaxda dairəvi sistem yaradıldı. Əvvəllər yalnız Daş Salahlı yarımstansiyasından 8 yaşayış məntəqəsi qidalanırdısa, indi həmin yarımstansiya 22 yaşayış məntəqəsini qidalandırır. Qazaxda halqavari sistem yarandı. Enerji təchizatında çox ciddi dəyişikliklər oldu. Bu proses nəticəsində Daş Salahlı kəndində 37 transformator dəyişdirildi”.

Cəlilabadda elektrik təsərrüfatı yenilənir

Cəlilabadın Kazımabad kəndində 60-a yaxın abonent uzun illər idi ki, elektrik enerjisi sarıdan problemlər yaşayırdı. Elektrik dirəkləri və naqilləri istismar müddətini başa vurduğundan əraziyə verilən elektrik enerjisinin verilməsində mütəmadi fasilələr yaranırdı. Problem qış aylarında özünü daha qabarıq göstərirdi. Bu da sakinlərin haqlı narazıqlarına səbəb olurdu. Bu problemin aradan qaldırılması məqsədilə 40 ədəd yeni dəmir dirəklər basdırılıb və yeni qoruyucu kabellər çəkilib. "Azərişıq” ASC-nin Cəlilabad filialından verilən məlumata görə, son 6 ayda rayon ərazisində 450 ədəd dəmir dirək basdırılıb, 16 km kabel çəkilib, 1100 ədəd sayğac quraşdırılıb. İşlər artıq başa çatdırılıb.

Qəbələdə yarımstansiya və ofis istifadəyə verilib

May ayının 20-də Qəbələ şəhərində "Azərişıq” ASC-nin daxili vəsaiti hesabına yeni inşa edilmiş 35/10 kV-luq 2x10MVA "Qəbələ” yarımstansiyası və ofis binası istifadəyə verildi. Bu yarımstansiya Qəbələ şəhərinin elektrik enerjisinin dayanıqlılığını tam təmin edəcək. Yarımstansiya müasir elektrik avadanlıqlarıyla təchiz olunub. Qapalı şəraitidə fəaliyyət göstərəcək yarımstansiyada bütün təhlükəsizlik tədbirləri üçün hər cür şərait var. Qəbələ Elektrik Şəbəkəsinin əməkdaşlarının səmərəli iş fəaliyyəti üçün iki mərtəbədən ibarət ofis binasında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb, xidmətlər energetika sahəsinin avadanlıqları ilə bərabər kompyuter texnikası və internetlə təmin edilib.

Şimal regionlarımızın işıq problemi qalmayıb

Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazilərinə daxil olan Sumqayıt, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı Elektrik şəbəkələrində genişmiqyaslı yenidənqurma işləri aparılıb. Elektrik şəbəkələrində 8 ədəd 35/10-6 kV-luq yarımstansiya inşa edilib. 58,15 km 2 və 1 dövrəli hava xətti çəkilib, 81 ədəd transformator təmir olunub, 165 ədəd 10/6-0,4 kV-luq KTM quraşdırılıb. 17 926 ədəd dəmir-beton dayaq basdırılıb. 646, 435 km uzunluğunda müxtəlif tipli elektrik xətləri çəkilib. Regionda 9055 ədəd yeni tipli sayğac da quraşdırılaraq istifadəyə verilib. 8641 ədəd dəmir-beton dayaq rənglənərək normal hala gətirilib. Görülən işlər istehlakçıların davamlı, etibarlı və təhlükəsiz elektrik enerjisi ilə təminatında böyük dönüş yaradıb. Bundan başqa, yerlərdə tikilmiş yeni inzibati binalar da xüsusi əhəmiyyət daşıyır. Yeni ofislərdə abonentlərə xidmət ən yüksək həddə qurulub. "Şimal” RETSİ üzrə Siyəzən və Xızı rayonlarında yeni ofis binaları artıq tikilərək istifadəyə verilib.

"Azərişıq” Aran rayonlarını da çıraqbana çevirib

Sabirabad Elektrik Şəbəkəsinin 35 kV-luq "Kürdüstan” hava elektrik veriliş xətti 6,5 km olmaqla tam yenidən qurulub. 110/35/10 kV-luq "Axtaçı” YS ilə yenidən qurulmuş 35/6 kV-luq "Axtaçı-Qaratuğay” yarımstansiyasının əlaqələndirilməsi üçün 0,65 km məsafədə yeni ikidövrəli 35 kV-luq xətt çəkilib. 35 kV-luq "757 saylı” hava xəttinin 4,4 km hissəsi, 35 kV-luq "758 saylı” hava xəttinin 2.8 km yararsız hissəsi yenidən qurulub. Ağcabədi Elektrik Şəbəkəsində 110/35/10 kV-luq "Ağcabədi” YS-dən çıxan 35/10 kV-luq "Qış Yatağı” YS-ni qidalandıran, uzun müddət istismarda olan 35 kV-luq "Qış Yatağı” hava elektrik veriliş xətti yenidən qurulub, 21,5 km məsafədə yeni 35 kV-luq hava elektrik veriliş xətti çəkilib. İmişli-Saatlı avtomobil yolunun kənarında 7,5 km, Bəhramtəpə-Beyləqan yolunun kənarında 4.0 km, Kürdəmir-Ağsu yolunun kənarında 8,0 km, Bakı-Kürdəmir yolunun kənarında 3,0 km, Mollakənd-Zərdab yolunun kənarında 6,3 km, Ağcabədi-Bərdə yolunun kənarında 5,8 km, Ağcabədi-Hindarx-Ağdam yolunun kənarında 6,5 km, Füzuli rayonu Araz-Dilağarda kəndi ərazisində 2,5 km, Beyləqan rayonu magistral yolunun kənarında 3,0 km, Bəhramtəpə-Horadiz yolunun kənarında 2,0 km məsafədə, ümumilikdə 48,6 km məsafədə yeni 10 kV-luq xətt tikilərək istismara verilib. İstehlakçıların enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə "Aran” RETSİ tərəfindən İmişli EŞ-də 45 ədəd, Saatlı EŞ-də 20 ədəd, Zərdab EŞ-də 11 ədəd, Sabirabad EŞ-də 20 ədəd, Beyləqan EŞ-də 15 ədəd, Kürdəmir EŞ-də 14 ədəd, Ağcabədi EŞ-də 28 ədəd, Füzuli EŞ-də 12 ədəd, Ağdam EŞ-də 19 ədəd, ümumilikdə 184 ədəd yeni KTM-lər quraşdırılıb. Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq "Horadiz” YS-də artıq yüklənən 2 saylı 4,0 MVA transformator 10 MVA transformatorla əvəz edilib.

Gəncə nura boyanıb

Gəncənin böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi, 35 kV-luq elektrik şəbəkələri ilə əlaqələndirilməsi məqsədilə 35/6 kV-luq "Üzgüçülük” yarımstansiyanın yerində müasir tipli tam qapalı 35/6 kV-luq 2x10 MVA gücündə yeni "Nizami” yarımstansiyası tikilib. Yarımstansiyanın tikintisinə 2015-ci ilin aprelində başlanılıb. Yeni yarımstansiya 6 mindən çox abonentin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq. Ümumi sahəsi 1700 kvadratmetr olan yarımstansiyada 35/6 kilovoltluq 10 MVA gücündə iki transformator və 35/6 kilovoltluq Almaniya istehsalı olan avadanlıq quraşdırılıb.

Cənub bölgəsində işıq təminatı yaxşılaşdırılıb

Lerik EŞ-də Lerik rayonunun böyük hissəsini qidalandıran 35 kV-luq Hamarat hava xəttinin yararsız vəziyyətdə olması ucbatından uzun illər problem yaşandığını nəzərə alaraq xəttin böyük bir hissəsində yenidənqurma işləri aparılıb. 54 ədəd dayaq basdırılaraq 30 km naqil dəyişdirilib. 35/10 kv-luq Lerik yarımstansiyasından çıxan 10 kV-luq 2, 3, 4, 5, 6, 7 və 8 saylı hava xəttində əsaslı təmir işləri aparılaraq 170 ədəd yararsız ağac dayaq yeni metal dayaqlarla əvəz edilib, 195 ədəd izolyator, 6,5 km naqil dəyişdirilib. Rayon ərazisində müxtəlif yaşayış məntəqələrində 8 ədəd yeni KTM quraşdırılaraq 470 ədəd 0,4 kV-luq dayaq basdırılıb və 5,4 km ÖİN (Sip) kabel çəkilib.

Masallı EŞ-nin xidməti ərazisində isə enerji təchizatının yaxşılaşdırılması məqsədilə 14 ədəd yeni KTM quraşdırılıb. Quraşdırılmış KTM-in 0,4 kV-luq tərəfində 745 ədəd 0,4 kV-luq dayaq basdırılaraq 13 km ÖİN (Sip) kabel xətləri çəkilib. Payız-qış mövsümünə hazırlıqla əlaqədar Astara rayonunun xidməti ərazisində də bir çox işlər görülüb. 35 kV-luq Lovain h/x-də "Azərişıq” ASC-nin İnvestisiya İdarəsi tərəfindən 18 ədəd dayaq basdırılaraq xəttin 2 km hissəsi yenidən qurulub. Eləcə də İnvestisiya İdarəsi tərəfindən 10 kV-luq Ərçivan, Təngərüd, Lovain və Səncərədi h/x-də 188 ədəd dayaq, 5,4 km naqil, 315 ədəd izolyator istifadə etməklə 10 km məsafədə yenidənqurma işləri aparılıb. Rayonun müxtəlif məntəqələrində 20 ədəd yeni 10/0,4 kV-luq KTM quraşdırılaraq şəbəkəyə qoşulub. 0,4 kV-luq hava xətti üzrə 2610 ədəd metal dayaq basdırılaraq 55,7 km ÖİN (Sip) kabel xətləri çəkilib.

Ödəmələrdə insan amili aradan qalxıb

"Azərişıq” ASC-nin "ASAN Xidmət” mərkəzləri vasitəsi ilə göstərdiyi xidmətlərdən yararlanmaq üçün göstərilmiş ünvanlara həftəiçi səhər saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə səhər saat 10:00-dan 17:00-dək müraciət etmək mümkündür. Yuxarıda sadalanan və bu kimi digər xidmətlər "Azərişıq” ASC-nin elektron saytı üzərindən onlayn qaydada da həyata keçirilir. "Azərişıq” ASC elektrik enerjisi haqlarının ödənilməsində də köhnə stereotipləri aradan qaldırıb. Vətəndaşlar "Azərişıq” ASC-nin Regional Enerji Təchizatı və Satışı İdarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində ödəmə həyata keçirə bilərlər. Bundan başqa, internet üzərindən azerishiq.az saytı vasitəsilə "onlayn” rejimdə də ödəmə aparıla bilər.

Ayyət Əhməd

Yazı "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.