İtirən də çox olub, qazanan da...

İqtisadiyyatı idarəetmədə inzibati metodlar o qədər də effektli deyil






Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Ziyad Səmədzadə iclasda 13 qanuna dəyişiklik layihəsinin müzakirə edildiyi barədə mətbuatı məlumatlandırıb.

Millət vəkilinin sözlərinə görə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif edilir. Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.
Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir.

Ölkədə qeyri-neft sektorunun inkişafı və bu sahədə ixrac potensialının reallaşdırılması üçün həyata keçirilən tədbirlərin davam etdirildiyini vurğulayan iqtisadçı-ekspert Pərviz Heydərov "Şərq”ə açıqlamasında sözügedən təklifin təqdirəlayiq olduğunu deyib: 

"Xatırladım ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ilin oktyabrında Milli Məclisdə (MM) "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qəbul edilən Qanunun fəaliyyət müddəti başa çatır. Qeyd olunan sənəd vergi istisna olmaqla, dövlət orqanlarının sahibkarlıq subyektlərində həyata keçirdiyi yoxlamaların 2 il müddətinə dayandırılmasını nəzərdə tuturdu.

Dövlət başçısının parlament qarşısında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqda qanunvericilik təşəbbüsü ilə çıxış etməsi və 2015-ci il noyabrın 1-dən prosesin 2 il müddətinə saxlanılması fövqəladə hadisə idi. Bu, ölkədə sahibkarlıq fəaliyyəti üçün əlavə nəfəs verməklə yanaşı, sözügedən sahədə dövlət tərəfindən yeni bir stimul təsiri bağışladı...

Çünki məsələnin kökü dərində idi və inzibati yolla müvafiq qadağa qoyulmasa idi, heç nəyin xeyri olmayacaqdı. Ona görə ki, ölkədə bəzi sahibkarların özləri də müvafiq dövlət instansiyaları ilə "birgə fəaliyyətdə” maraqlı görünürdülər. Digərləri isə məhz bunun güdazına gedirdilər”.

Qeyri-neft sektorunun inkişafının kiçik və orta sahibkarlığın inkişafından asılı olduğunu qeyd edən iqtisadçı deyib ki, büdcə gəlirlərinin də əsasını bu sahədən gələn gəlirlər təşkil etməli olduğundan, kiçik və orta sahibkarlar daha çox diqqət mərkəzində olmağı tələb edir: 

"Sahibkarlıq fəaliyyətinə rəsmi orqanların müdaxiləsi və qanunsuz yoxlamalar isə ən çox məhz orta və kiçik sahibkarlığın "belini qırır” və bu istiqamətdə inkişafın qarşısını alırdı. Belə ki, iri sahibkarlar pis və yaxşı "çullarını sudan çıxara” bilirdilər. Orta və kiçik sahibkarların isə tab gətirməyə gücləri çatmırdı. Odur ki, Prezidentin 2015-ci ilin analoji dövründə müvafiq qanunvericilik təşəbbüsü, fikrimcə, ilk növbədə ötən 2 il ərzində ölkədə məhz kiçik və orta sahibkarlığın inkişafı və bunun genişlənməsi üçün stimul yaratdı. Bu isə real şəraitdə olduqca vacib şərt idi.

İndi məsələ bundan ibarətdir ki, qeyd etdiyim kimi, qanunvericiliklə irəli sürülən qadağanın vaxtı gələn ay bitir. Ötən müddət ərzində sözügedən tədbir nəticəsində itirən də çox olub, qazanan da... Odur ki, 2 il əvvəlki vəziyyətə qayıtmaq istəyən də var, istəməyən də”.

P.Heydərov müddətin uzadılmasına ehtiyac olduğunu düşünür: 

"Düzdür, iqtisadiyyatı idarəetmədə inzibati metodlar o qədər də effektli deyil. Uzunmüddətli perspektivdə isə, heç yararlı deyil. Lakin əvəzində bir sistem olmalıdır və yaxud mexanizm fəaliyyət göstərməlidir ki, hər şey öz-özü tərəfindən tənzimlənsin. Bu isə təəssüf ki, hələ yaranmayıb”.

Şəymən