“İxtisarlar hər yerdə gedir”

Fazil Mustafa: “Maaşsız insanları kitabxanada saxlamanın mənası qalmır”


Mirzə Fətəli Axundov adına Milli kitabxanada ixtisarlara başlanılıb. Kitabxanada qənaət rejiminə keçildiyi üçün 5 şöbə ləğv olunaraq əvəzinə 3 şöbə təsis edilib. Bir çox işçi aprel və may aylarında öz hesablarına məzuniyyətə göndərilirlər. İşçilərə 10 günlük məzuniyyət deyilsə də, bu dəqiq deyil.

Məsələ ilə bağlı kitabxananın Elmi katibi Əminə Cəfərova işin həcminə görə ixtisarların getdiyini bildirib: "Bəli, ixtisarlar olur, şöbələr birləşdirilir. Heç kəs işsiz qalmır, heç kəs bayıra atılmır. Yəni şöbə birləşdirilib, bölmə olub. 5 şöbə birləşdirilib, 2 şöbə olub. Bu dəqiqə bütün respublikada gedən prosesdir. Bir daha vurğulayıram ki, heç kəs işdən çıxarılmayıb. İlin-günün bu vaxtı kimi işdən çıxartmaq olar?”

Elmi katib əlavə edib ki, kitabxanada, sadəcə, şöbələr birləşdirilib:

"Günün tələbinə cavab verən bölmələr yaranıb. Bu gün funksiyasını itirmiş adı olub, özü olmayan bölmələr var idi ki, onlar ləğv olunub, struktur dəyişikliyi edilib. Ləğv edilən şöbələrin işçiləri, birləşdirilən şöbə və bölmələrdə işlərlə təmin olunacaqlar. Heç kəsin işdən çıxarılması ilə bağlı söhbət belə getmir”.

Milli kitabxanada şöbələrin ləğv edilməsinə münasibət bildirən millət vəkili Fazil Mustafa ixtisarlara səbəb kimi vəsait azlığını qeyd edib. Onun sözlərinə görə, kitabxana sahəsi üçün ayrılan vəsait az olduğu üçün belə bir addım atılıb: 

"Görünür ki, Mədəniyyət Nazirliyinin özünə də ayrılan vəsait büdcədən xeyli azdı. Bu zaman isə maaşsız insanları orda saxlamağın bir mənası qalmır. Kitabaxana işçilərinin maaşları olduqca azdı.
Amma kitabxanaları qorumaq lazımdır. İxtisarlar hər yerdə gedir. Məsələnin konkret motivini bilmədiyimə görə geniş şərh verməkdə çətinlik çəkirəm”.

Yeganə Bayramova