"Jurnalistlər fəal olmalıdır"

Məzahir Süleymanzadə: "Xocalı soyqırımını daha fərqli şəkildə dünyaya çatdırmalıyıq"



Azərbaycanın Əməkdar mədəniyyət işçisi, "Səhər" qəzetinin baş redaktoru olmuş Məzahir Süleymanzadə qanlı Xocalı soyqırımı ilə bağlı "Şərq” qəzetinə açıqlama verib:

"Xocalı faciəsi mənim də taleyimdən keçib, həyatımda müəyyən iz buraxıb. Ona görə ki, Xocalı ilə bağlı hadisələri ictimaiyyətə ilk olaraq "Səhər" qəzeti çatdırıb. Həmin hadisə baş verdiyi gün Azərbaycan televiziyası, Kütləvi İnformasiya Vasitələri iki nəfərin həyatını itirdiyini deyəndə biz əhaliyə doğrunu çatdırdıq. İlk dəfə Xocalıda həlak olanların dəqiq sayı detalları ilə birlikdə "Səhər" qəzetində öz əksini tapıb, sonra ictimaiyyət arasında yayılıb. Sonra Milli Məclisdə bu məsələ müzakirəyə çıxarıldı. Xocalı soyqırımı dünyada misli görünməmiş bir faciədir. Hazırda soyqırımda 600-dən çox adamın həlak olduğunu desələr də, amma bu statistika dəqiq araşdırılmalıdır. Çünki Xocalı minlərin, milyonların faciəsidir. Bu olay bəşəri bir cinayətdir. Ona görə də bu faciəni yalnız azərbaycanlılara aid etmək olmaz. Çünki bu soyqırım insanlığa qarşı törədilmiş cinayətdir. Xocalı faciəsi azərbaycanlılar üçün bir ilk deyildi. Bu hadisəyə gələn yol 20 Yanvardan keçib. Azərbaycan xalqı 20 Yanvar gecəsi aqresiya, haqsızlıq, ədalətsizliklə üzləşib.

Amma Xocalıda dünyada misli görünməmiş bir cinayətlə üzləşmişik. Hər zaman Azərbaycan milləti Xocalıda amansızlıqla həyatını itirən vətəndaşlarımızın ruhunu yad edir, onları bir an belə olsun unutmur”.

M.Süleymanzadə onu da söyləyir ki, Xocalı soyqırımı dünyada öz siyasi qiymətini almayıb:

"Yəni bu hadisədən dolayı bir insan belə cəzaldırılmayıb, heç qınaq obyekti olmayıb. Bu da onu göstərir ki, Azərbaycan xalqı olaraq bu sahədə görəcəyimiz işlər çoxdur. Bunun üçün fəaliyyətimizi daha da gücləndirməliyik. Çünki dünyanın bütün ölkələrinin Xocalı faciəsi haqqında məlumatı yoxdur. Doğrudur, dövlət səviyyəsində bu istiqamətdə xeyli işlər görülür. 

Amma bunu daha da gücləndirməliyik, çoxşaxəli işlər aparmalıyıq. Millət vəkillərimiz və dövlət rəsmilərimiz beynəlxalq tribunalarda dönə-dönə bu məsələni qaldırmalıdır. Qəzetlərimiz hər dəfə bu məsələni eyni istiqamətdə yazdıqda bu hadisədən dünya agah olmur. Artıq müasir dövrdəyik, azad internet zonasındayıq. Məhz bu fürsətdən istifadə edərək jurnalistlərimiz Xocalı soyqırımını müxtəlif dillərdə qələmə alıb, dünyanın bir çox informasiya vasitələrində paylaşmalıdırlar. Çünki əvvəllər bu praktika olub. Keçmişdə jurnalistlərimizin məntiqlə həqiqəti əks etdirdiyi məqalələri ABŞ, Almaniya və bir çox dövlətlər nüfuzlu qəzetlərində dərc etdirib. Amma çox təəssüf ki, jurnalistərimiz bəzən bunu etmirlər. Ona görə də məsələ əhatəli şəkildə dünyaya çıxmır. Gənclərimiz müasir imkanlardan istifadə edib, çox işlər görə bilər. Hətta bir düyməni basmaqla Xocalı haqda məqalə dünyanın ən nüfuzlu informasiya vasitələrinə qədər yol tapa bilər”.

Tanınmış jurnalist onu da diqqətə çatdırır ki, Azərbaycan xalqı Xocalı hadisəsi ilə bağlı görülən işlərdən heç bir maddi maraq ummamalıdır: 

"Yalnız bu sahədə vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Çünki burada söhbət Azərbaycandan, Azərbaycan xalqından, onun üzləşdiyi faciədən gedir. Ona görə də bu məsələdə təmənnasız öz işimizi görməliyik. Məsələn, "Səhər” qəzeti xalqın ən ağır günlərində 2 milyon tirajla nəşr olunub. O qədər qəzet nüsxəsi əhaliyə tam pulsuz çatdırılıb. 

Bu faciə ilə bağlı 400-500 min tirajla jurnal şəklində rəngli nəşrlər çıxarıb, dünya ictimaiyyətinə çatdırmışıq. Həmin nəşrlər Baltikyanı ölkələrdə, Ukrayna, Türkiyə, İran kimi ölkələrdə fərqli dillərdə yayılıb. Bütün bu işlərdə heç bir təmənna güdülməyib. Bu gündə buna görə iftixar hissi keçiririk. Lakin düşünürəm ki, hazırda bu istiqamətdə gedən işlərin formasını dəyişdirmək lazımdır. Daha fərqli yanaşıb, sərt şəkildə bu məsələ dünyaya açılmalıdır”.

Kənan Eynuroğlu