Bakıda dəm qazından zəhərlənərək ölən 5 kamerunludan 4-nün cəsədi hələ də ölkələrinə göndərilməyib. Onlardan yalnız birinin valideyni Bakıya gələrək övladının nəşini Kameruna apara bilib. Yanvarın 2-də dünyasını dəyişən 5 kamerunludan 4-nün meyiti hazırda Bakıda morqlardan birində saxlanılır.
Meyitlərin Bakıda qalma səbəbi isə ailələrin maddi imkansızlığıdır. Kamerundan olan 4 nəfərin ailəsi maddi imkansızlıqdan Bakıya gələ bilmir. Onlardan Bakıya gəlmədikləri halda meyitlərin Kameruna göndərilməsi üçün 6500 dollar tələb edilib.
Bir neçə gün öncə məsələ ilə bağlı "Şərq”ə açıqlama verən miqrasiya problemləri üzrə ekspert Azər Allahverənov qeyd etmişdi ki, bu işlə Xarici İşlər Nazirliyi və ya Daxili İşlər Nazirliyinin məşğul olmalıdır.
Problem öz həllini tapmadığı səbəbindən kamerunlu gənclərin meyitinin Bakıda qalma məsələsini yenidən gündəmə gətirdik və Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi mövqeyini öyrəndik.
"Şərq”ə açıqlama verən XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev hadisə ilə bağlı operativ şəkildə Kamerun hökumətinə məlumat verildiyini deyib:
" Bilirsiniz ki, Kamerunun Azərbaycanda səfirliyi və ya hansısa rəsmi təşkilatı yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyi Bakıda dəm qazından zəhərlənərək ölən 5 kamerunlunun ölümü ilə bağlı hüquq mühafizə orqanları ilə əlaqələndirilmiş formada Kamerunun Moskvada yerləşən səfirliyinə məlumat verilib. Kamerun hökuməti də öz xətti ilə dəm qazından dünyasını dəyişən gənclərin ailəsinə məlumat verib”.
Cəsədin Bakıdan götürülməsi və öz ölkələrinə çatdırılmasının bilavasitə gənclərin ailə üzvlərinin və Kamerun hökumətinin həyata keçirməli bir tədbir olduğunu vurğulayan XİN sözçüsü qeyd edib ki, Azərbaycan tərəfi öz üzərinə düşən vəzifə borcunu yerinə yetirib, yəni diplomatik kanallar vasitəsilə qarşı tərəfə operativ qaydada məlumat ötürüb.
Vətəndaşların Əmək Hüquqlarının müdafiə Liqasının sədri Sahib Məmmədov da hesab edir ki, bu məsələ birbaşa Kamerun hökumətinin səlahiyyətlərinə daxildir. Azərbaycanın hansısa dövlət qurumunun heç bir hüququ öhdəliyi yoxdur: "Bu cür hadisələr istənilən ölkə vətəndaşının başına gələ bilir. Dəfələrlə olub ki, Azərbaycan vətəndaşları Rusiyada, Türkiyədə və digər xarici ölkələrdə müxtəlif səbəblərdən vəfat edib, yaxud da qətlə yetirilib. Bu zaman dünyasını dəyişən şəxsin öz ölkəsinə gətirilməsi və torpağa tapşırılması onun ailə üzvlərinin üzərinə düşür. Ailələrin maddi imkanı olmayanda da səfirlik və ya konsulluq xidməti onlara kömək edir. Hətta elə ölkələr var ki, başqa bir dövlətdə dünyasını dəyişən vətəndaşının arxasınca Fövqəladə Hallar Nazirliyinin xətti ilə təyyarə də göndərir. Bəzi ölkələr də ümumiyyətlə reaksiya vermir və öz vətəndaşlarını taleyin ümidinə buraxır. Ekstardisiya məsələsi ilə bağlı bizə müxtəlif ölkələrdən müraciətlər daxil olur. Biz də Ədliyyə Nazirliyinə müraciət edirik ki, filan məhbusları cəzasını çəkmək üçün öz vətənlərinə göndərin. Nazirlik isə cavabında qarşı tərəfin buna razılıq vermədiyini deyir. Nigeriya, Banqladeş kimi zəif dövlətlər əcnəbi ölkələrdəki vətəndaşlarının qeydinə qalmır”.
S. Məmmədovun sözlərinə görə, bir müddət də keçəndən sonra Kamerun dövlətindən reaksiya gəlməsə, bizim müvafiq qurumlarımızdan hansısa həmin gənclərin dəfnini təşkil edə bilər. Düzdür, qurumlarımızın belə bir hüququ öhdəliyi yoxdur, sadəcə humanistlik nöqteyi nəzərindən bu addımı ata bilər: "Yaxud da kamerunlu gənclərin ölüm səbəbi araşdırıldıqdan sonra təqsirkar tərəf aşkarlanarsa, həmin adam məsuliyyətə cəlb oluna və meyitlərin Kameruna göndərilməsi məsələsi tələb kimi qoyula bilər”.
Şəymən