Kimin pulu var gedir film çəkir, mahnı yazdırır, belə olmaz
Şeyx Əbdül: “Təklif edirəm ki, parlamentdə bir şöbə yaradılsın və bu şöbəyə də gecə-gündüz yaltaqlıq edənlər yox, normal adamlar dəvət olunsun”
Parlamentin yaz sessiyasında millət vəkili Məlahət İbrahimqızı paytaxtımızın kino fəaliyyətindəki durumla bağlı öz fikirlərini bildirib. Xanım deputatın sözlərinə görə, bu gün televiziyalarda yayımlanan seriallar ailə dəyərlərimizi korlamaqdadır.
"Bakıda kino salonları fəaliyyət göstərir ki, bu, təqdirəlayiq haldır. Amma paytaxtımızın kino salonlarında uşaqlar üçün verilən filmlər rus, ingilis dilindədir. Hətta aparılan monitorinqlər nəticəsində məlum olub ki, çox az hallarda belə filmlərin altında Azərbaycan dilində tərcümə gedir. Bu məni narahat etməyə bilməz”.
Azərbaycan dili ilə bağlı qanunvericiliyin olduğunu xatırladan millət vəkili qeyd edib ki, öz dilimizi unutmamalı, belə hallara yol verməməliyik. M.İbrahimqızı yerli seriallar haqqında da tənqidi fikirlərini vurğulayıb:
"Azərbaycanın müxtəlif kanallarında çəkilən seriallarda ailə institutuna zidd olan məqamlar var. Buna yol verməmək üçün təklif edərdim ki, belə seriallar çəkildikdən sonra hansısa şura tərəfindən baxıldıqdan sonra kanallara buraxılsın”.
Xanım deputatın səsləndirdiyi fikirlərə münasibətini bildirən kinorejissor, ssenarist Şeyx Əbdül Mahmudbəyov parlamentdə kino sahəsi ilə bağlı məsələlərin gec də olsa müzakirə edilməsinin sevindirici hal olduğunu vurğulayıb. Ssenaristin sözlərinə görə, kino sahəsi xalqımızın mədəni tarixi və milli-mənəvi dəyərlərinin göstəricisidir. Lakin indiki zamanda bu sahə ilə bağlı müəyyən çatışmazlıqlar var və çox təəssüf ki, onların aradan qaldırılması üçün gərəkli tədbirlər yerinə yetirilmir:
"İndi Azərbaycan kinosuna heç bir aidiyyəti olmayan adamlar rəhbərlik edir. Məlahət xanım da çox sağ olsun ki, bu məsələyə diqqət yetirib. Xalq bilməlidir ki, hər şeydə müəyyən bir güzəşt və haqq-nahaq ola bilər. Amma o şey ki, bilavasitə xalqın mədəni tarixi və mənəviyyatı, milli-mənəvi dəyərləri ilə bağlıdır, orada heç bir güzəşt, təsadüf, soyuqqanlılıq və özbaşınalıq ola bilməz. Biz həmişə gözləyirik ki, nə vaxt boğulub öləcəyik! Hətta ölüm məqamında da öz ambisiyamızdan əl çəkə bilmirik. Təbii ki, kino sahəsində iş görmək lazımdır. Lakin qeyri-peşəkarcasına, heç bir elm, sənət bilməyən, kinodan xəbəri olmayan adamların qeyri-qanuni yollarla hardansa pul tapıb film çəkmələri sadəcə gülüncdür. Kim verir o pulları? Nəyə görə eybəcər şoulara pul verirlər, amma ciddi film və verilişlərə pul vermirlər? Çörəyi çörəkçiyə vermək lazımdır. Bu gün verilişlər var ki, 18 yaşında qızlar 3 uşaqla ortalıqda qalıb. Ata oğulu qəbul eləmir, gəlin ananı qəbul eləmir. Aləm biri-birinə qarışıb. Bunun konkret səbəbi bizim sosial faciəmiz və ideologiyamızdadı. Bu, ideologiyamızın, dövlət qanunlarımızın yerlərdə planlı şəkildə təhrif olunmasından irəli gəlir. Bunları deyəndə mənə düşmən kimi baxırlar, evimi başıma uçurdublar”.
Ə.Mahmudbəyov həmçinin qanunların kağız üzərində qaldığını və onların heç bir şəkildə icra edilmədiyini bildirib:
"Gözəl qanunlarımız, Prezidentin sərəncamları var. Bəs bu qanunun yüzlərlə icra strukturları, məsul olan vəzifəli şəxslər nə işlə məşğuldurlar? Sadəcə olaraq tədbirdən-tədbirə yığılırlar. Məlahət xanım bu işi başlayıbsa, zəhmət çəksin, bizi də dəvət eləsin. Peşəkar kino xadimləri var. Məlahət xanım kino mütəxəssisi deyil axı. Film sahəsində peşəkar olanları çağırsın və müzakirələr aparılsın. Mən konkret olaraq film sahəsində nələrin icra edilməli olduğunu deyim. Həqiqətən də canı yanırsa və iş görmək istəyirsə, onda buyursun, dəvət eləsin”.
Yerli seriallarımızla bağlı şura yaradılmasının vacibliyini deyən rejissor 5 il öncə ölkə Prezidentinin milli kinomuzun inkişafı ilə bağlı sərəncam imzaladığını da diqqətə çatdırıb:
"Sərəncamda milli kino sahəsi üçün müəyyən vəsaitin olduğu qeyd olunmuşdu. Amma bu pulu yedilər, dağıtdılar. Hələ də kino ilə bağlı pul tapılmadı. Hər bir qanun, ideya və təşəbbüs o vaxt dəyərli olur ki, icra olunsun. Əgər icra olunmursa, boş-boş yalan təbliğatdırsa, partlayan ürəklərimizi partlatmaq üçün deyilən sözlərdirsə, ənənəvi olaraq bundan bir neçə adam sui-istifadə edib gündəmə gəlirsə, bunlar hamısı boş cəfəngiyyatdır. Mən Prezidentə müraciət edirəm. Vəzifədə olanların əksəriyyəti oturub hakimi-mütləqlik edir. Nə yanlarına getmək, nə də qəbullarına düşmək olur. Haqqımızı tələb edə bilmirik.
Əgər biz həqiqətən də milli ideologiyamızı, təbliğatımızı, dəyərlərimizi müdafiə eləmək istəyiriksə, filmlərə nəzarət edən və heç bir təmənna güdməyən Şura yaranmalıdır. Necə ki, sovet hökumətinin vaxtında var idi belə şura və dövlət mükafatlarını, tədbirləri onlar edirdi. Gec də olsa, Milli Məclisin bu işə qayıtması məni çox sevindirir, hətta kövrəldir. Təklif edirəm ki, parlamentdə bir şöbə yaradılsın və bu şöbəyə də gecə-gündüz yaltaqlıq edənlər yox, normal adamlar dəvət olunsun. O ki qaldı serialların çəkilməsinə, bunu dayandırmaq olmaz, proses getməlidir. Lakin bu iş peşəkarların, savadlı insanların əli ilə yerinə yetirilməlidir. Yəni, kimin pulu varsa, getsin özünə kino çəksin və mahnı yazıdırsın... Belə şey ola bilməz, xalqı məhv edirik. Gələcəkdə nəvə- nəticələrimiz bizə baxanda nə deyəcəklər?!”.
Yeganə Bayramova