"Kirayələrdə yaranan ədəbiyyatla hara qədər gedə bilərik? !" - Naşirin təklifinə münasibət

"Qanun” nəşriyyatının direktoru, tanınmış naşir və ictimai xadim Şahbaz Xuduoğlu "Sherg.az”a müsahibəsində ədəbiyyat və ya ədəbi nümunələrlə bağlı maraqlı təkliflə çıxış edib. o qeyd edib ki, Azərbaycanda da yazıya dəstək verən proqramlar olmalıdır: "Yazıçı deyil, yazıya dəstəkdən söhbət gedir. Bu, başqa ölkələrdə mövcuddur. Fransada Mədəniyyət Nazirliyinin yaxşı yazı və ya əsərlərlə bağlı proqramı var. Hansı bir mövzuda yaxşı yazı varsa, ona imkanlar yaradılır. Bizdə də yazıya dəstək institutu olmalıdır və o, inkişaf etdirilməlidir. Yazıya dəstək olarsa, çox maraqlı yazılar ortaya çıxa bilər. İndi üzdə olan yazılardan da maraqlı, zövqlü yazılar görə bilərik".
Naşirin təklifini dəyərləndirən gənc yazar Sevinc Elsevər "Sherg.az"a söyləyib ki, Fransa kimi ölkələrin nümunəsini Azərbaycanda reallaşdırmağa maraq yoxdur. Onun sözlərinə görə, xüsusən, Azərbaycan Yazıçılar Birliyindən (AYB) kənarda yazıb-yaradan qələm adamlarına ən cüzi dəstək də yox səviyyəsindədir:
"Hətta kitab çap etmək bizim üçün müşkül məsələdir. Hazırda şeir kitabımı hazırlayıram. Məcburam, özüm hardansa çap xərcini tapam. Kitab satışının necə olması da hər kəsə aydındır. Bir dəfə mənə çox yaxın bir adam gülüb, ələ saldı: "Diri pulunu ölü biznesə qoyub kitab çıxarırsan, qiymətli kağızını aparıb kağız-kuğuza (kitabı nəzərdə tuturdu) verirsən". İnanın, sarsıldım. Adamı bu cür söhbətlər ruhdan salır. Hətta 13 yaşlı qızım mənə deyir ki, ana, sən yenə də kitab yazırsan? Düşünün, uşaq belə anlayır ki, işimi önəmsəyən yoxdur.
Sağ olsun, Kitabsevərlər qrupu. Onlar özləri iki məktəblə danışıblar. "Donu qırmızı” adlı kitabımın müzakirəsini təşkil ediblər. Həm də, təmənnasız. Təsəvvür etməzsiniz, bu, mənə nə qədər stimul verir.
"Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bu günə qədər 4 kitabımı çap etdirib. Amma bu ayrı-ayrı adamların könüllü gördüyü işlərdir. Ümumiyyətlə, bu gün Azərbaycan ədəbiyyatı könüllülərin hesabına mövcuddur, ayaqdadır. Vay, o gündən ki, hamı ruhdan düşə. Bu hal son vaxtlar çox yayılıb. Dostlarımız gözümüzün qabağında bir-bir ruhdan düşürlər. İstedadlı qələm adamları yazmır, jurnalistika, tərcümə ilə məşğul olur, çörək dalınca qaçırlar. İntihar edənlər,
ölkəni tərk edənlər də kifayət qədərdir. Ona görə, ədəbiyyata qayğının artırılmasına ehtiyac var”.
Azərbaycanda dövlət siyasəti olaraq, ədəbiyyata böyük pullar ayrıldığını vurğulayan yazar Cəlil Cavanşir xatırladıb ki, 30 nəfər yaşlı, 20 nəfər gənc yazıçıya hər ay 200-300 manat məbləğində təqaüd ayrılır:
"Eyni zamanda dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən AYB, "Ulduz”, "Azərbaycan”, "Ədəbiyyat” qəzeti, və "Qobustan” jurnalına da maliyyə vəsaiti ayrılır. Bu vəsait kifayət qədər böyükdür.  Dövlət siyasəti olaraq, ölkədə ədəbiyyata qayğı yüksək səviyyədədir. Kənardan baxanda bu belə görünür, əslində isə elə deyil. Yaxşı olar ki, bu sahə ilə əlaqədar nazir tərəfindən məsələ şəffaf şəkildə araşdırılsın, təqaüd və yazarlar cəmiyyətə təqdim olunsun. Bunu bacarmırlarsa, Fransa, digər Avropa ölkələrində olan variantlardan istifadə edək. Müsabiqələr təşkil olunsun, nəticədə normal yaza bilən ədəbiyyat nümayəndələri mükafatlandırılsın. Beləliklə, daha ciddi şəkildə ədəbiyyata töhfə vermək olar.
Möhtəşəm üsullar var, icraya gəldikdə müsbət iş ortaya qoya bilmirlər. Sovetdən qalan ənənələrlə, tapşırıq, "day-day” kimi metodlarla tanınmayan, istedadsız, 1-2 şeiri çap olunmuş uşaqlara, qocalara təqaüd ayırırlar. Təklif edirəm ki, 1 il ərzində təqaüd alan şəxslər AYB və Mədəniyyət və Turizm Nazirliyinə, yaxud ictimaiyyətə hesabat versinlər".
Gənc yazar Taleh Mansur da ədəbiyyata dəstəyin az olmasından narahatdır. Yazarın fikrincə, ölkədə müəyyən sferalarda dəstək çap olunmaqla ölçülür:
"Çap olunursansa, dəstək verilmiş sayılırsan. Hər kəs bilir ki, ölkədə qonorarlar dilənçi payı kimi şeydir. Dilənçi payının qonorardan üstün cəhəti odur ki, çox adam verir. Qonorarı isə hər mətbu orqan vermir. Yazıçıya dəstək birbaşa yazıya dəstək deməkdir. Bizdə nə yaxşı yazara, nə yaxşı yazıya qiymət verilir. Mənim ölkəmdə özünü söydürə bilən, ədəbi yanacağı və qanacağı az olanlar dəstəklənir.
Bir dəfə özünü cəmiyyətə istedadlı gənclərin dostu kimi sırıyan məşhur sayt rəhbərinə bir köşə yazısı göndərdim ki, oxuyun, necədir? Oxuyub, cavab yazdı ki, gözlərim doldu, dəhşətlidir, filan... Yəni adamın dəstəyi bununla kifayətləndi. Halbuki, belə "dəstəyin” min qatını bir çilingər uzaq qohumum var, o da edir.
Əslində, Azərbaycan kimi işğala məruz qalmış məmləkətlərdə əsgər, qazi və şəhid ailələrinə, sonra ən çox yazarlara dəstək verilməlidir. Bu işə məsul şəxslər bir şeyi anlamalıdır ki, bütün istedadlı adamlar abrına bükülüb, qalmaq kimi "ömürlük cəzaya” məhkumdurlar. Özünü gözə soxanları deyil, özünü sözə və közə soxanları irəli çəkmək lazımdı. Demirəm yazıçı milyoner olmalıdır. Dediyim odur ki, yazıçı evin kirayəsini necə verəcəyini ayın əvvəlindən sonuna kimi deyil, heç olmasa tək ayın sonu fikirləşsin. Yazıçının evi olsun da demirəm. Bu ölkədə şair yazıçıların 90 faizi kirayələrdə yaşayır. Kirayələrdə yaranan ədəbiyyatla hara qədər gedə bilərik? Bu sualı cavablandırmaq, onu vermək qədər kədərlidir”.
Ədəbiyyata kifayət dəstək göstərildiyini düşünən gənc yazar Pərvin isə hesab edir ki, yazarların maddi çətinliklərinin səbəbi son bir neçə ildə ümumən ölkədə maliyyə problemlərinin yaşanmasıdır:
"Sənətə, ədəbiyyata, mədəniyyətə diqqətin, qayğının göstəricilərindən danışsaq, bir çox faktları sadalaya bilərik. Ədəbiyyat adamlarının mükafatlandırılması, prezident tərəfindən təqaüdlərə layiq görülməsi, müəyyən kitabların çapı istiqamətində işlər, Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə” müsabiqəsi, müxtəlif yazıcıların burada iştirak etməsi, müəyyən nəşriyyatların yazıçıların kitablarını çap edib, yayması və s. bu dəstəyə misal ola bilər.
Mədəniyyətə, incəsənətə qayğı isə teatrlara, kino sahəsinə dəstəkdə öz əksini tapır. Xarici ölkələrdən gələn qonaqlar teatrlarımızın yüksək səviyyələri texniki baza, binalarla təmin olunmasını təqdir edirlər. Teatrlarımıza olan qayğı, fərqli tamaşaların qoyulması, mədəniyyət sahəsində çalışanların prezident təqaüdünə layiq görülməsi – bütün bunlar dövlətin mədəniyyətə qayğısının nəticəsidir. Amma daha böyük layihələrə, işlərə, müsabiqələrə ehtiyac ola bilər. Bu da zamanla elə yaradıcı şəxslərin özlərinin ideyaları əsasında həyata keçəcəkdir”.
Aysel Aslan