Kişi ikinci dəfə evlənəndə uşaqlar zədə alırlar

"Görünür, ata ikinci həyat yoldaşını zorakı şəkildə övladlarına qəbul etdirmək istəyib, onların fikirlərinə hörmətlə yanaşmayıb"



Ögey analarının uşaq dünyaya gətirməsinə etiraz edən bacı-qardaş özünə qəsd edib. Sabunçu rayonu Maştağa qəsəbəsində 19 yaşlı Asim Kərimovun özünü asaraq intihar etməsi, bacısı, 23 yaşlı Aysel Kərimovanın isə sirkə turşusu içərək intihara cəhd etməsinə atalarının ögey analarından uşaq dünyaya gətirmək istəməsi səbəb olub. 6 il əvvəl Asim və Aysel analarını itirib, ataları Bakir Kərimov isə həyat yoldaşının ili çıxmamış yenidən ailə həyatı qurub. Uşaqlarla ataları arasında ilk problem də həmin vaxtdan başlayıb. Lakin sonradan münasibətlər normallaşıb.

Bu ilin əvvəlində isə ögey anasının hamilə qaldığını öyrənən bacı və qardaşın ataları ilə münasibəti yenidən pisləşib. Mərhum Asim Kərimov atasına "o uşaq dünyaya gəlsə, özümü öldürəcəm” deyə xəbərdarlıq edib. Lakin B.Kərimov oğlunun etirazına məhəl qoymayıb. A.Kərimov yaşadığı evdə özünü asıb.

A.Kərimova isə qardaşı dəfn edilən gün sirkə turşusu içərək canına qəsd edib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov 23 yaşlı qızın vəziyyətinin yaxşı olduğunu, bir həftə xəstəxanada yatdıqdan sonra evinə getdiyini bildirib.

Hadisənin çox təsiredici olduğunu vurğulayan psixoloq Gülnarə Əliyevanın "Şərq”ə açıqlamasına görə, əksər hallarda intiharla sonlanmasa da, boşanmış və ya həyat yoldaşını itirən birinin ikinci dəfə evlənməsi zamanı uşaqlar mütləq travma alırlar: 

"Valideynləri boşanan uşaqlar bu travmanı nisbətən yüngül keçirdikləri halda anası dünyasını dəyişən uşaqlar ögey ananı qəbul etməkdə çətinlik çəkirlər”.

Konkret hadisəyə gəldikdə isə psixoloq deyib ki, azyaşlı uşaqlarla müqayisədə 19 və 23 yaşlı gənclərlə danışıb razılaşmaq, onlara reallığı izah etmək daha asan olur: 

"Ata öz övladları ilə münasibətlərini sağlam bağlar üzərində qursa, o uşaqlar atalarını başa düşərdilər ki, təklik Allaha məxsusdur. Görünür, ata ikinci həyat yoldaşını zorakı şəkildə övladlarına qəbul etdirmək istəyib, onların fikirlərinə hörmətlə yanaşmayıb. İntihar etməkdə məqsədləri də atalarına bir növ həyat dərsi vermək, onu bundan sonrakı ömrünü vicdan əzabı ilə yaşamağa vadar etmək olub. Sonda bu cür faciələr yaşanmasın deyə övlad sahibi olan tənha valideynlər ikinci dəfə evlənərkən uşaqları ilə danışıb, onların fikirlərini öyrənməli, ona uyğun addım atmalıdır. Axı uşaq da həmin evdə yeni ata və ya ana modeli ilə birlikdə yaşamalı olacaq. Həyat sizin həyatınız olsa da, övladlarınıza məcbur olduğu həyatı yaşada bilməzsiniz. Əks halda uşaqlar aqressivləşir və onlar pis yola düşür. Valideynini cəzalandırmaq məqsədi ilə intihar edən, maddə aludəçisi olan, evdən qaçan, oğurluq edən uşaqların sayı kifayət qədərdir”.

Bütün valideynlərə sözügedən hadisədən nəticə çıxarmağı tövsiyə edən psixoloq deyib ki, uşaqların qorxularını, fikirlərini, rədd etdiyi həyat şəraitini ciddiyə almaq lazımdır:

 "Daima uşaq gözündə gördüyünüz övladlarınızın bir şəxsiyyət olduğunu unutmayın. Təbii ki, övladların da öz məsuliyyəti var. Mən düşünmürəm ki, ata öz övladlarını bilərəkdən ölümə tərk etsin. Daha doğulmamış bir körpə üçün 2 gənc balasını qurban versin. 

Görünür, ata oğlunun dediklərini ciddiyə almayıb və ögey anası kimi zamanla həmin körpəni də qəbul edəcəyini düşünüb. Ögey analarının uşağı olacaq deyə, acıq edib özlərinə qəsd edən gənclərə də haqq qazandırmıram. Onlar yaxın qohumlarını, nənə-babalarını prosesə cəlb edib, birmənalı şəkildə həmin uşağı istəmədiklərinə atalarını inandıra bilərdilər. Ataları razılaşmasa belə evlərini ayırıb, qardaş-bacı başqa bir evdə həyatlarına davam edə bilərdilər”.

Şəymən