Kiyevdə sakitlik pozulub

Saakaşvili və millətçilər Ukraynanı qarışdırmağa can atır
Hələ ki, Poroşenkonun vaxtından əvvəl vəzifədən getməsi variantı Qərbdə ciddi müzakirə olunmur


Bu etirazların kütləviliyi, təsir gücü Vaşinqton və Avropa İttifaqının mövqeyindən asılı olacaq


Ukraynanın paytaxtı Kiyevdə, Ali Radanın binası qarşısında böyük aksiya keçirilib. Radikal millətçilər meydanda Rusiya bayrağını yandıraraq Kreml əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar Donbasın xüsusi statusuna dair layihənin qəbulu ilə bağlı hökumətə etiraz ediblər. Polislə mitinqçilər arasında toqquşma yaşanıb. Qarşıdurma parlament yaxınlığındakı Konstitusiya meydanında baş verib.

Qanunun qəbulu ilə bağlı tələblərə görə, polis şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib. Ukraynalı deputat Semyon Semençenko feysbuk səhifəsində vəziyyətin nəzarətdən çıxdığını deyib. Onun sözlərinə görə, ölkədə vəziyyətin gərginləşməsi sadəcə Saakaşviliyə və Rusiya hökumətinə sərf edir. Xatırladaq ki, xüsusi status Donbasın bəzi rayonlarına daha çox iqtisadi və humanitar hüquqların verilməsini nəzərdə tutur.

Ukraynadakı qarışıq vəziyyəti "Şərq”ə dəyərləndirən politoloq Zaur İbrahimli deyib ki, Ali Radaya təqdim olunan qanun layihəsi birinci oxunuşda qəbul olunub və gözlənildiyi kimi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Ekspertin fikrincə, qanun layihəsinə 673 düzəlişin təklif olunması da, birmənalı olmayan münasibətin göstəricisi sayıla bilər: 

"Poroşenko komandası bəyan edir ki, sözügedən qanun Kiyevin beynəlxalq miqyasda mövqeyini möhkəmləndirəcək. Əsir və girovların azad olunması, regionda sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələlərini həll etməyə imkan yaradacaq. Bununla belə, radikal millətçilər rəsmi Kiyevi ərazilərin işğal faktı ilə barışmaqda, mövcud vəziyyətin konservasiyasında daha irəli getməkdə və bunun üçün hüquqi zəminlər hazırlamaqda günahlandırırlar. Hazırda Poroşenko komandası Minsk prosesindən çıxmaq istəmir. 

Lakin Rusiyanın irəli sürdüyü tələbləri də tam yerinə yetirmək niyyətində deyil. Söhbət Donetsk və Luqansk vilayətlərinə xüsusi status verilməsindən gedir. Poroşenko isə xüsusi hüquqi yanaşma ilə vəziyyətdən çıxmağa çalışır. Bu cür yanaşma rəsmi Kiyevə həm Rusiyanın işğal faktını vurğulamağa, həm də Donetsk və Luqansk üçün gələcəkdə xüsusi status verilməsinə formal olaraq imkan yarada bilər. Radikal millətçilər isə Poroşenkodan bu məsələlərdə qəti mövqe tələb edirlər. Xatırladım ki, qanun layihəsinə çox düzəlişlər təklif olunub. Ola bilsin, son nəticədə Poroşenko komandası istəyinə qismən çatacaq”.

Z.İbrahimli bəyan edib ki, Saakaşvili və qatı millətçilər Ukraynadakı qarışıqlıqdan yararlanacaq: 
"Etirazlar, müxtəlif aksiyalar təşkil olunacaq və Poroşenkoya mümkün qədər çox zərbə vurmağa çalışacaqlar. Bununla belə, bu etirazların kütləviliyi, təsir gücü Vaşinqton və Avropa İttifaqının mövqeyindən asılı olacaq. Onların istəyi olmasa, daxildən nüfuzlu qruplaşmalar, çətin ki, tam dəstək verəcəklər. Növbəti "Maydan hərəkatı” isə bunsuz mümkün deyil. Hələ ki, ABŞ və Avropa İttifaqında Poroşenkonun vaxtından əvvəl vəzifədən getməsi variantının ciddi müzakirə olunduğu nəzərə çarpmır. Ruslar isə əlbəttə ki, bütün mümkün vasitələrlə bu cür narazılıqları qabartmağa, mərkəzi hökumətə inamsızılıq yaratmağa səy göstərəcəklər”.

İsmayıl