Ramin Hacılı və Həcər Abbaslı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır
Ölkədə bələdiyyə seçkiləri ilidir. Seçkilərə sayılı günlər qalıb. Ancaq Dağlıq Qarabağ münaqişəsi və illər öncə başlanan müharibə nəticəsində evlərindən didərgin düşmüş məcburi köçkünlər növbəti dəfə bu seçkilərdən kənarda qalacaqlar.
Seçki Məcəlləsində bələdiyyə seçkilərində iştirak etmək üçün bələdiyyənin ərazisində daimi qeydiyyatda olmaq tələb olunur. Məcburi köçkünlər məskunlaşdığı ərazilərdə müvəqqəti qeydiyyata alındıqları üçün, onların vaxtilə daimi qeydiyyatda olduqları ərazilər işğal altında olduğundan seçkilərdə iştirak edə bilmirlər. Cəbhə bölgəsində, atəş xətti altında olan bir sıra ərazilərdə də seçkilər keçirilmir. Bu səbəbdən Ermənistan Avropa Məhkəməsinə verilir. Məcburi köçkün olduqları üçün seçkidə iştirak edə bilməyən "Ümid” Partiyası təmsilçiləri Ramin Hacılı və Həcər Abbaslı beynəlxalq məhkəmənin anonsunu da veriblər. R.Hacılı qeyd edib ki, problemlə bağlı Ermənistanın Avropa Məhkəməsinə verilməsi istiqamətində iş gedir və hüquqşünaslarla məsləhətləşmələr aparılır: "Biz bu istiqamətdə hüquqşünaslarla məsləhətləşirik. Detallı araşdırma aparılmasını istəyirik. Gələn ilin yanvarında məhkəməyə müraciət edəcəyik. Hələ araşdırırıq ki, müraciət hansı instansiyaları keçməlidir. Azərbaycanda hansı aidiyyəti strukturlara müraciət edilməlidir, yaxud birbaşa Avropa Məhkəməsinə müraciət etmək olarmı? Yaxud bununla bağlı vətəndaş iddia ərizəsi ilə ilk olaraq hara müraciət etməlidir? Məhkəməyə verilən tərəf hara olmalıdır və proses haradan başlamalıdır ki, Avropa Məhkəməsinə gedib çıxa bilsin? Yəni çoxsaylı suallar var. Bu, sadə bir məsələ deyil. Həm də araşdırırıq ki, Ermənistanı birbaşa məhkəməyə vermək imkanlarımız necə mümkündür”.
Addımı müsbət dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq”ə söyləyib ki, ədalətli qərar gözləmir: "Ermənistanın törətdiyi terror faktlarına görə, Azərbaycan indiyə qədər dövlət səviyyəsində beynəlxalq məhkəmələrə müraciət etməli idi. Bu haqda beynəlxalq tribunalın yaradılmasına nail olmalı idi. O səviyyədə işlər görülməli idi. Məsələyə sistemli şəkildə yanaşılmalı idi. Əfsuslar olsun ki, olmadı. Hazırkı təşəbbüs isə mahiyyət etibarı ilə çox yaxşıdır. Bir daha qeyd edirəm ki, nəticə gözləməyə dəyməz”.
Ayyət Əhməd