Komitə sədrinin açıqlaması təsadüfi deyil

“Bu gün dindən siyasi məqsədlər üçün istifadə edilir”




"Bu gün dünyanın əksər ölkələrində din siyasi məqsədlər üçün istifadə edilir. Azərbaycanda da bu faktlara rast gəlmək olur”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti” mövzusunda keçirilən konfrans zamanı deyib. M.Qurbanlının sözlərinə görə, bütün dünyada din pərdəsi altında siyasi məqsədlərini həyata keçirmək istəyən qüvvələr var.

Dinin siyasi məqsədlər üçün istafədə olunmasına daha çox islam ölkələrində rast gəlinir: "İslam ölkələrində çoxsaylı insanlar din pərdəsi altında gizlənənlərin və dinlərarası ayrı-seçkilik salanların qurbanı olurlar. Azərbaycanda dövlət-din məsələləri konstitusiyanın müddəaları ilə tənzimlənsə də, ölkəmizdə dinin siyasətə alət edilməsi halları müşahidə olunmaqdadır”.

Dini Komitə rəhbərinin açıqlamasına münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli də ölkəmizdə bu tendensiyanın olduğunu deyib. Amma onun sözlərinə görə, dövlətimiz kifayət qədər güclü olduğu üçün belə təhlükələr Azərbaycanda ciddi vüsət almır: "Dünyanın bir çox ölkələrində dinin siyasətə alət edilməsinin şahidi oluruq. Azərbaycanın qonşularında da bu proses həyata keçirilir. Əlbəttə, dinin siyasi məqsədlər üçün istifadə edilməsi təkcə həmin dövlətlər üçün yox, ümumilikdə region üçün ciddi təhlükə yaradır. Bu gün dini amillərdən siyasi maraqlar üçün istifadə edilməsinin ən bariz nümunəsi İŞİD-in timsalında özünü göstərir”.

E.Mirzəbəyli bildirib ki, geniş siyasi təcrübəyə malik olan Mübariz Qurbanlının bu məsələyə toxunması heç də təsadüfi deyil: "Təəssüflər olsun ki, ölkəmizdə dini siyasətə alət edərək öz məqsədlərinə çatmaq istəyən müəyyən insanlar var. Amma dövlətimiz güclü olduğu üçün bu proseslərin qarşısını alır. Mübariz müəllimin məsələ haqqında açıq şəkildə danışması və cəmiyyətə mesajlar verməsi müsbət haldır. Hesab edirəm ki, problemlər cəmiyyət üçün açıq olmalıdır ki, onlarla mübarizə aparmaq mümkün olsun. Çünki bu təhlükə ilə mübazirə aparmaq təkcə dövlətin işi deyil. Bütövlükdə ayrı-ayrı dövlət strukturları, siyasi partiyalar, media qurumları eyni cəbhədə mübarizə aparmalıdır. Biz şahidi olduğumuz problemlərdən nəticə çıxarmalıyıq”.

İsmayıl