Kral heç də parlaq siyasi fiqur deyildi

Ekspertlər Türkiyənin matəmə bürünməsində qaranlıq məqamlar axtarır



Xəbər verdiyimiz kimi, ötən il 90 yaşını qeyd edən Səudiyyə Ərəbistanın Kralı Abdullah bin Əbdüləziz Əl-Səud yanvarın 23-də vəfat edib. Onun ölümünə dair öz ölkəsində nə matəm elan olunub, nə də bayraqlar endirilib. Ailəsi bunu vəhhabi ənənəsi ilə izah edib.

Buna rəğmən Kralın vəfatı ilə əlaqədar bir sıra islam ölkəsi əməlli-başlı yasa bürünüb. Məsələn, qonşu Türkiyə onun vəfatına görə bir günlük matəm elan edib. Bu səbəbdən ölkədə bayraqlar yarıya qədər endirilib. Şübhəsiz ki, rəsmi Ankaranın təəccüb doğuran addımı birmənalı qarşılanmayıb. Kralın Türkiyə üçün ciddi əhəmiyyətə malik siyasi fiqur olmadığını düşünən bəzi ekspertlər Ərdoğan iqtidarını tənqid atəşinə tutublar. Qonşu ölkəni dünyəvilikdən uzaqlaşmaqda ittiham edirlər. Buna səbəb kimi isə Kralın hakimiyyətə seçki deyil, varislik yolu ilə gəlməsini göstərirlər. Maraqlıdır, görəsən, rəsmi Ankaranın Kral "sevdası” haradan qaynaqlanır? Hakim AKP hökumətinin təşəbbüsü nəyə hesablanıb?

Addımın gizlinlərini aydınlaşdıran politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, gülünc doğurur. Onun sözlərinə görə, öz ölkəsinin matəm etmədiyi halda digər ölkələrin yasa bürünməsi düşündürücüdür: "Doğrudur, o, iki müqəddəs yerin - Məkkə və Mədinənin xadimi

titulunu daşıyırdı. Lakin bu əsas vermir ki, bütün müsəlman ölkələri matəm elan etsin. Kral heç də parlaq siyasi fiqur deyildi. O monarx idi. Hakimiyyətə varislik yolu ilə gəlmişdi. Ona görə, rəsmi Ankaranın belə addım atması anlaşılmır. Özünü dünyəvi və hüquqi dövlət sayan Türkiyənin məlum davranışı qəbulolunmazdır”.

Ekspertin qənaətincə, Ərdoğan iqtidarının təşəbbüsündə müəyyən müəmmalı mətləblər yer alıb. Lakin indiki halda bu sirr pərdəsinin açılması məqsədəuyğun deyil: "Yalnız onu deyə bilərəm ki, qonşu ölkədə hüquqi dövlətçilik və dünyəvilikdən uzaqlaşma meyilləri mövcuddur. İslama daha kəskin dönüş tendensiyası müşahidə olunur. Sözügedən məsələyə görə, Türkiyəni qınayanlar çoxdur”.

Ayyət Əhməd