Krediti ödədi, amma bank evini satışa çıxardı





Laçın rayonundan məcburi köçkün Budaqov Şakir Xanlar oğlu "Xalq Bank” ASC-nin Mingəçevir Filialından şikayətçidir.
Şikayətçi bildirir ki, onunla "Xalq Bank” ASC-nin Mingəçevir filialı arasında 26.01.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış 19.166 manat əsas, 2.223 manat 28 qəpik faiz borcu, borcun qaytarılmasının gecikdirildiyinə görə hesablanmış 314 manat 70 qəpik məbləğində cərimə ödənilsə də, bank evin sənətlərinin üzərinə qoyduğu girovluğu götürməyib.

Şakir Budaqov banka qarşı məhkəmədə iddia qaldırıb. Mingəçevir şəhər Məhkəməsinin 01 may 2015-ci il tarixli qətnaməsi ilə Ş.Budaqovun iddiası təmin edilib, Xammal və Əmtəə Birjası "Külək” MMC tərəfindən keçirilmiş Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 36 nömrəli evin 1 nömrəli mənzilinə dair 06.03.2012-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi qət edilib.

Bu qətnamədən "Xalq Bank” apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qətnaməsi ilə bankın apellyasiya şikayəti rədd edilib. Ş.Budaqov iddia edir ki, məhhəmə qətnaməsi bu günə kimi icra olunmayıb.

İşin halları ondan ibarətdir ki, "Xalq Bank”la Ş.Budaqov arasında bağlanmış kredit müqaviləsinə əsasən ona 19.800 manat məbləğində borc verilib və həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi bağlanmış ipoteka müqaviləsinə əsasən ailəyə məxsus Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən ev 36 ünvanında yerləşən 1 nömrəli mənzil bankın xeyrinə yüklü edilib.

Şakir Budaqovla "Xalq Bank” ASC-nin Mingəçevir filialı arasında 26.01.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış 19.166 manat əsas, 2.223 manat 28 qəpik faiz borcu, borcun qaytarılmasının gecikdirildiyinə görə hesablanmış 314 manat 70 qəpik məbləğində cərimə, dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun ödənilməsi təmin ediləndək əsas məbləğinə illik 40 faiz hesablanan cərimə məbləğinin ödənilməsi, ipotekaya qoyulmuş həmin mənzil 27 min manat məbləğinə qiymətləndirilmiş və açıq hərracda satılması qət edilib.

Budaqov Şakir Xanlar oğlu da qərardan şikayətçi olaraq məhkəməyə müraciət edib və məhkəmə onun lehinə qətnamə verib.

Bankdan şikayətçi bildirir ki, 7 il öncə götürdüyü krediti 4 il öncə ödəyib, məhkəmə lehinə qətnamə verib. Amma bank evin sənətlərinin üzərinə qoyduğu girovluğu hələ də götürməyib. Bu məsələ ilə bağlı aidiyyatlı dövlət qurumlarına edilən müraciətlər isə cavabsız qalıb.
Budaqov Şakir Xanlar oğlunun şikayəti əsasında "Xalq Bank”a göndərilən informasiya sorğusu cavabsız qalıb.