"Kreml Azərbaycanı əhəmiyyətli ölkə hesab edir” - Politoloq





"Rusiyada ölkəmizə qarşı separatçı və etnik düşmənçiliyi qızışdıran şəxslər həbs olunmalıdır”.

Bunu "Sherg.az”a politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Rusiya ilə ölkəmiz arasında ikitərəfli əlaqələrdə inkişaf tendensiyası müşahidə edilir:

"Rusiya ilə bir çox sahələri əhatə edən sənədlər imzalanıb. Soçi görüşündə tərəflər arasında imzalanan sənədlər göstərir ki, iki ölkə əhəmiyyətli şəkildə iqtisadi-siyasi tərəfdaşlıqda strateji xətt götürüb. Rusiya Cənubi Qafqazda Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycanla iqtisadi əlaqələri dərinləşdirmək siyasətinə sadiqdir. Rusiya prezidenti Vladimir Putinin ötən ayın 27-sində Bakıya səfəri zamanı iqtisadi əməkdaşlığı xüsusi qeyd etməsi göstərir ki, Kreml Azərbaycanı əlverişli və stabil iqtisadiyyat baxımından əhəmiyyətli ölkə hesab edir”.

Analitik hesab edir ki, iqtisadi əməkdaşlıq siyasi əlaqələrin dinamizminə səbəb olmalıdır: 

"Dövlətlərarası və prezidentlərin şəxsi münasibətlərinin yüksək olduğu indiki mərhələdə Rusiyada Azərbaycanın ərazi bütövlüyünə zərbə vuran, milli etnik zəmində düşmənçiliyi qızışdıran separatçı qurumların və onların informasiya mərkəzlərinin fəaliyyət göstərməsi ölkəmizi narahat edən faktordur. Ölkəmizə qarşı separatizmi və etnik düşmənçiliyi təbliğ edənlər bu gün Rusiyada yüksək səviyyədə himayə olunurlar. 

Əgər belə olmasaydı, onların fəaliyyət azadlığına imkan verilməzdi. Rusiyada erməni lobbisinin maliyyə hesabına çalışan, özlərini talış qardaşlarımızın "himayəçisi” adlandıran anti-milli ünsürlərin əsl məqsədi separatizm siyasətini həyata keçirməkdir. Onlar heç vaxt talış qardaşlarımızın təmsilçiləri ola bilməzlər. Rəsmi Bakı birmənalı şəkildə Rusiyadan öz ərazisində Azərbaycan əleyhinə fəaliyyət göstərən bu şəxslərlə bağlı izahat tələb etməlidir”.

İsmayıl