"Hamı bilir ki, Rusiya Qarabağ kartı ilə Cənubi Qafqazda sabitliyi pozub, indi də bu işlə məşğuldur”
Mübahisəli açıqlamalarla gündəmə gələn, əksər hallarda ciddi siyasi fiqur hesab edilməyən, ancaq bəzən Kremlin danışan dili hesab olunan Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski növbəti dəfə Dağlıq Qarabağ münaqişəsindən danışıb. Jirinovski bildirib ki, Qarabağ probleminin həlli bölgənin Rusiyanın tərkibinə daxil olması ilə mümkündür.
Lakin məsələ ondadır ki, Qarabağ Rusiyadan çox uzaqda yerləşir: "Ermənistan ölkədə Rusiya hərbçilərinin sayını artırmalı və hər zaman şimala - Moskvaya tərəf baxmalıdır. Moskva erməniləri istənilən zaman qoruyur, çünki cənub istiqaməti Rusiya üçün prioritetdir. Ermənistan bizim üçün vacib geostrateji nöqtədir. Məhz Rusiya erməni dövlətini gücləndirməyə və inkişaf etməyə yardım edib”. Partiya sədri etiraf edib ki, Ermənistanın siyasi xəritədə mövcudluğu Rusiyanın xidmətidir: "Ermənistan hər zaman dəstəyə görə Rusiyaya minnətdar olmalıdır”.
Əslində partiya sədrinin ermənilərlə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirir. Ancaq Qarabağ münaqişəsinin həlli ilə bağlı dilə gətirdiyi sərsəm ifadələr Kremlin "nəbz yoxlaması” kimi dəyərləndirilir.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, Rusiya Krımı ilhaq edəndən sonra da bu kimi fikirlər səsləndirib. Onun sözlərinə görə, bu yaxınlarda ermənilər də oxşar fikir söyləyib:
"Bunun heç bir halda mümkün olmayacağını Kremlin qeyri-rəsmi sözçüsü rolunda çıxış edən Jirinovski də bilir. 27 il əvvəl postsovet ölkələri SSRİ adı ilə Rusiyanın tərkibndə idi. Nəticədə nə oldu? İmperiya dağıldı. Qarabağ problemini hələ 100 il əvvəl, Azərbaycan Xalq Cümhuriyyəti dövründə məhz Rusiya yaradıb. Sovet dövründə Moskva bunu inkişaf etdirib. Rusiya Qarabağ kartı ilə Cənubi Qafqazda sabitliyi pozub. İndi də bu işlə məşğuldur. Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini istəmir, çünki bunu etsə, Cənubi Qafqazda erməni kimi sadiq qulunu itirəcək. Ona görə də Rusiya rəsmiləri gah deyirlər ki, Qarabağ münaqişəsini Azərbaycan və Ermənistan özləri həll etməlidir, gah da bu sayaq sərsəm fikirləri Jirinovskinin dili ilə gündəmə gətirirlər”.
Analitik hesab edir ki, Rusiya bu məsələni gündəmə gətirməklə Azərbaycana təzyiq etməyə çalışır:
"Prezident İlham Əliyev YAP-ın VI qurultayında bildirdi ki, İrəvan xanlığı, Zəngəzur və Göyçə tarixi torpaqlarımızdır. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirməliyik. Biz tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir”. Görünür, bu bəyanat Rusiyanın hakim dairələrini narahat etdiyi üçün Jirinovski belə fikir söyləyib. Əslində bu, Kremlin nəbzidir, Jirinovski isə bu nəbzin göstəricisidir. Moskva Rusiyanın keçmiş müstəmləkələrinə bu sayaq mesajlar verməklə vurur”.
İsmayıl