KTMT ətrafındakı müəmma...

"Görünür, Moskva Ermənistanı öz orbitində saxlamaq üçün baş katibliyi Belarusa verməyib""Təşkilat daxilində ciddi siyasi fikir ayrılıqları var və kollegial fikir birliyi yoxdur"
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaxın bir ildə baş katibsiz qalacaq. Çünki Belarus Təhlükəsizlik Şurasının sədri Stanislav Zas Ermənistan baş naziri Nikol Paşinyanın güzəştə getməməsi səbəbindən KTMT-nin baş katibi postuna təyin oluna bilmir. Təşkilatın baş katibinin postu artıq yarım ildir ki, boşdur. Növbəlilik qaydasına əsasən növbəti baş katib Belarus tərəfinin namizədi olmalıdır. Bu vəzifəyə Stanislav Zasın namizədliyi irəli sürülsə də, hələlik onun təyinatı razılaşdırılmayıb. Rusiya XİN-in açıqlamasına görə, KTMT-də artıq Ermənistanın mövqeyi ilə bağlı baş katibin olmaması reallığı ilə barışıblar. Məhz buna görə baş katibin səlahiyyətlərini yenə də Rusiya təmsilçisi Valeri Semerikov icra edəcək: "Təyinatın gələn il baş tutacağını gözləyirik. Təşkilatın işində heç bir kollaps və sıxıntı yoxdur, qurum plana uyğun fəaliyyət göstərir”. Bu arada Minsk ümid edir ki, yaxın vaxtlarda erməni tərəfi görüşün tarixi barədə məlumat verəcək: "Belarus qarşılıqlı anlaşmaya ümid edir və hesab edir ki, baş katib postu "oteldə bron edilməsi mümkün olan nömrə deyil”.
Qurum ətrafında gedən proseslərlə bağlı "Şərq”ə danışan Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Rusiya ilk günlərdən Belarus nümayəndəsinin baş katibliyə gəlməsinə icazə vermişdi. Hətta bu ölkənin Təhlükəsizlk Şurasının katibi general Stanislav Zaas KTMT-yə üzv dövlət başçıları ilə görüşərək razılıqlarını almışdı. Gözlənilirdi ki, baş katib Stanislav Zas olacaq: 
"Görünür, Moskva Ermənistanı öz orbitində saxlamaq üçün baş katibliyi Belarusa verməyib. Məhz hazırda Belarusla Ermənistan arasında siyasi böhran bundan qaynaqlanır. Digər üzv dövlət başçıları tərəfindən qəbul edilməsinə baxmayaraq Stanislav Zas Paşinyan tərəfindən qəbul edilməyib. Təbii ki, Paşinyan tərəfindən qəbul edilməməsi gözlənilirdi. Çünki rəsmi İrəvan öz nümayəndəsinin rəhbərliyə gətirilməsini israrla qeyd edirdi. Əgər Belarusun nümayəndəsini Paşinyan qəbul edərdisə, bu, onun imicinə mənfi təsir edəcəkdi.
Artıq aydın olur ki, baş katiblik nə Ermənistanda, nə də Belarusda olacaq. 2020-ci ilə qədər Rusiya nümayəndəsi KTMT-yə rəhbərlik edəcək. Proses Kremlin senarisi ilə Rusiyanın lehinə həll olunacaq. Bu, onu göstərdi ki, təşkilat daxilində ciddi siyasi fikir ayrılıqları var və kollegial fikir birliyi yoxdur”.
Analitik bildirib ki, Belarus generalının baş katibliyə gətirilməməsi Prezident Lukaşenkonun Rusiya əleyhinə sərt bəyanatları və iki ölkə arasında yaşanan siyasi problemlərdən dolayıdır: "Ermənistanın yeni nümayəndəsinə baş katibliyin verilməməsi də anlaşılandır. 
Bu ölkə sabiq baş katibi Yuri Xaçaturova qarşı cinayət işi qaldırmaqla təşkilatın imicinə siyasi zərbə vurub. KTMT bu gün heç də güclü siyasi-hərbi ittifaq deyil. Putin hakimiyyətdən getdikdən sonra bu təşkilat parçalanacaq. Birinci olaraq təşkilatı Ermənistan tərk edəcək. Son illərdə Azərbaycanın da bu təşkilata üzv olacağı deyilirdi. 
Hətta prosesin başlaması üçün müxtəlif səviyyələrdə hərəkətə keçilmişdi. Təşkilatın nizamnaməsində dəyişikliklər edilərək müşahidəçi statusu yaradılmışdı. Amma Prezident İlham Əliyev Davos forumunda "Rusiya TV”-yə verdiyi müsahibədə bu təşkilata üzvlük məsələsinin gündəmdə olmadığını qeyd edərək, bununla da KTMT-ni gündəlikdən çıxartdı”.
İsmayıl