"Küçələrdə kənd toyuğu adı altında satılan toyuqlar ölüm saçır"

Eyyub Hüseynov: "Onların kənd toyuğu ilə heç bir əlaqəsi yoxdur və çox təhlükəlidirlər”


"Təhlükəli məhsulları təhlükəsizdən ayırd etmək asan deyil”.
Bunu Sherg.az-a küçə ticarətində təhlükəli qida məhsullarının satılmasına münasibət bildirərkən Azad İstehlakçılar Birliyin sədri Eyyub Hüseynov deyib. 

O bildirib ki, ölkədə qidanın təhlükəsizliyi haqqında qanun olmadığı üçün belə cinayət baş verir:

"Üstəlik biznes qurmaq üçün rahat toxunulmaz şərait yaradılıb ki, heç nə yoxlamaq olmaz. Bundan biznes qurumları, pul qazanmaq istəyən insanlar sui-istifadə edirlər. Təhlükəli mallar, qidalar istehsal edirlər. Kənd toyuğu adı altında kənd məhsulları mağazalarına mənşəyi məlum olmayan toyuq ətlərinin satılması halları var. Bundan sonra camış yağlarının içərisində külli miqdarda bitki yağları qarışdırılıb, satılır. Bunlarla bağlı bizə mütəmadi məlumatlar daxil olur. Kənd toyuğu adı altında küçələrdə satılan toyuq ətlərinin əksəriyyəti Bakı ətrafında anti-sanitar şəraitdə böyüdülən toyuqlardır. Onların kənd toyuğu ilə heç bir əlaqəsi yoxdur və çox təhlükəlidirlər”.

E. Hüseynov bu ilin fevral ayında ölkə prezidentinin imzaladığı fərmanı xatırladıb. O qeyd edib ki, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması nəzərdə tutulur. Agentlik 2018-ci ildə işə başlayacaq:

"Azad İstehlakçılar Birliyi həmin agentlikdə təmsil olunmaq fikrindədir.

Ölkədə at və eşşək əti satışının qarşısını almaq üçün hazırlıq işləri aparılır. Bu da xüsusilə xaricdən istehsal olunur. İstehlakçılar kənd məhsulu adı altında satılanlara aldanmasınlar. Təsadüfən alınan süd-qatıq məhsulları, yağlar, ət məhsulları təhlükəli ola bilər. Ən böyük istehlakçı aldadılmasının biri ölkədə "İvanovka” adı altında satılan mallardır. Təxminən 13-ə qədər bu brendlə əlaqəsi olmayan məhsul növləri satılır. Təəssüf edirəm ki, dövlət orqanları arasında dəfələrlə məsələ qaldırılmasına baxmayaraq bunun qarşısı alınmayıb. Qida Təhlükəsizliyi Agentliyi yaradılandan sonra təhlükəli qidaların əhaliyə satılmasının qarşısını almaq mümkün olar”.

Aysel Aslan