Kulturoloq Prezidentə təşəkkür etdi: "...İnsanların qələbə çalmasını görürük "







"Uyuşdurucu maddələrdən tutmuş, energetik içkilərə qədər - insan üçün zərərli vasitələrin ziyanlarından bəhs edən müxtəlif maarifləndirici, sosial çarxlar, videolar hazırlanır, yayımlanır”.

Bunu "Sherg.az”a televiziya və radiolarda tütün və digər zərərli vərdişlərin istifadəsinin ziyanları barədə videoçarxlar hazırlanmasından danışarkən kulturoloq Aydın Xan Əbilov deyib.

 O bildirib ki, həmin sosial çarxların, verilişlərin hazırlanmasında xərclənən vəsaitin 80-90 faizi zərərli vasitələri istehsal edən müəssisələrin öz hesabına ödənilir:

"Düşünürük ki, bu, düzgün addımdır. İllərlə biz tütün məmulatlarının, siqaretin piştaxtalardan yığışdırılması, açıq məkanlarda reklamının qadağan olunması üçün mübarizə apardıq. Təşəkkür edirəm ki, cənab Prezident bununla bağlı fərman imzalayıb, ciddi tədbirlər həyata keçirir. Aparılan maarifləndirici işin ilkin mərhələsində tütünə qarşı olan insanların qələbə çalmasını görürük. Amma bu yalnız qanunvericilik səviyyəsində həll edilməli məsələ deyil. Bunun üçün ictimai qınaq, güclü iş aparılması vacibdir. Sözsüz ki, hər siqaret çəkilən yerdə bir polis məntəqəsi yaradıla bilməz. Qanun qəbul olundu, dəyişiklik edildi, bundan sonrası cəmiyyətin özündən asılıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanununun tətbiqi barədə imzaladığı fərmana əsasən Azərbaycan ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə bu nazirliklərin elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalı və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdırlar.

 Bu verilişlərin 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında yayımlanmalı və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilməlidir.
Bundan başqa, Təhsil Nazirliyi tərəfindən tədris proqramları hazırlanarkən tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular tədrisin məzmununa daxil edilməlidir.


Aysel Aslan