Ekspert etiraf edir ki, son 3-4 il ərzində daşınmaz əmlak sahəsində xeyli islahatlar aparılıb
-Daha hansısa sənədi əldə etmək heç də çətin və üzücü deyil artıq...
"Kupça”ların verilməsi daha da asanlaşdırılır. Buna səbəb Prezident İlham Əliyevin "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləməsidir. Dəyişikliklərə görə, əmlakın qeydiyyatı və digər əməliyyatların müddəti azaldılır.
Bu vaxtadək daşınmaz əmlakın qeydiyyatı və çıxarışın verilməsi üçün maksimum müddət 20 gün idisə, indi həmin müddət 10 iş gününə endirilib. Bununla yanaşı, qeyd edilir ki, qeydiyyat prosesi üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar müddət 5 iş gününədək uzadıla bilər. Başqa bir dəyişikliyə görə isə qeydiyyat prosesi zamanı qeydiyyat orqanının, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sorğularına daha tez cavab vermək lazım gələcək. Belə ki, hazırda qanuna əsasən şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına göndərilən sorğulara 10 gün müddətində cavab verilməlidir. Dəyişikliklərdən sonra isə bu müddət 7 günə endirilib. İpotekanın qeydiyyatı üçün də maksimum müddət 5 iş günündən 3 iş gününə endirilib.
Məlum dəyişiklikləri dəyərləndirən "Əmlak” Ekspert Mərkəzinin rəhbəri Ramin Osmanlı "Şərq”ə açıqlamasında bildirdi ki, son 3-4 il ərzində daşınmaz əmlak sahəsində xeyli islahatlar aparılıb:
- Aparılan islahatlar vətəndaşların rahatlığı üçündür. Daşınmaz əmlak sahəsində onlayn sistemlə fəaliyyətin təşkili prosesi gedir və artıq bir sıra müsbət irəliləyişlər əldə edilib. Əvvəllər Forma 1-lərin alınmasında problemlər olurdu. Vətəndaşlar get-gələ salınırdı. Amma indi bu problemlər ümumiyyətlə yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Forma-1 arayışlarının verilməsi onlayn şəkildə həyata keçirilir. Rüsumlar banka ödənir, vətəndaş əlindəki qəbzlə rahat bir şəkildə arayış formasını əldə edir. Alqı-satqı işlərində də xeyli asanlaşma var. Vətəndaş ərazi üzrə notariat kontoruna gedir, ödəmə həyata keçirir, qəbzlə yaxınlaşır əməliyyatçıya və yarım saat ərzində məsələ həll olunur. İlk qeydiyyat prosesində müəyyən problemlər qalmaqdadır. Çalışırlar bunlar da aradan qalxsın. Yəqin ki, yaxın zamanda çıxarışların verilməsində də onlayn sistemə keçilməsinə başlanılacaq. Çıxarışların verilməsində müddətlərin qısaldılması vətəndaşlara əlavə üstünlüklər qazandırır. Təkrar qeydiyyat baxımından da çox müsbət haldır. Daşınmaz əmlakın qeydiyyatı və çıxarışların - "kupça”ların verilməsi üçün müddətin qısaldılması bu sahədə süründürməçiliyin aradan qaldırılmasına yönəlib. Vətəndaşlar çıxarışları adətən əlavə xidmət haqqı ödəməklə əldə edirdilər. Bu dəyişikliklərdən sonra əgər vətəndaşın ilkin sənədləri qaydasındadırsa, təkrar qeydiyyatda da heç bir problem olmayacaq. Çıxarışların, Forma 1-lərin alınması, təkrar qeydiyyat, alqı-satqı və s. bu kimi daşınmaz əmlak sahəsinə aid məsələlər vətəndaşların ən çox vaxt itirdiyi, təkrar-təkrar sənədlər tələb edilən, vergidən yayınmalara imkan yaradan bir sahə idi. Ancaq etiraf etməliyik ki, son illər bu sahədə müsbət irəliləyişlər var. Vətəndaşlar üçün notariat kontoruna, yaxud da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gedib hansısa sənədi əldə etmək heç də çətin və üzücü deyil artıq. Yetər ki, vətəndaşlarımız sənədləşmə işlərini hüquqi əsaslara dayanaraq aparsınlar.
Məlahət Rzayeva