“Lələtəpə yüksəkliyi uğrunda çox ağır döyüşlər aparmışdıq”

Üzeyir Cəfərov: “Amma indi o yüksəkliklər bizdədir. İndi biz onlara nəzarət edəcəyik”




Hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə ordumuzun ələ keçirdiyi Lələtəpə, Seysulan və Talış yüksəkliklərinin əhəmiyyətindən söz açıb. Ekspert bildirib ki, artıq Azərbaycan ordusu həmin istiqamətlərdə düşmənin bütün mövqelərini tam nəzarətdə saxlayacaq. Onun sözlərinə görə, ordumuz çox əhəmiyyətli yüksəklikləri ələ keçirib:

"Son 3 gün ərzində çox uğurlu nəticələr əldə etmişik. Düzdü, itkilərimiz də var. Amma bu, müharibədir. Savaşda itki də olur. Torpaq uğrunda ölən hər bir əsgər, zabit başımızın tacıdır. Onların əziz ruhları qarşısında baş əyirik”.

Ü.Cəfərov bəyan edib ki, cəbhədəki gərginliyin əsas səbəbkarları işğalçı Ermənistan və onun havadarlarıdır: "İlk olaraq düşmən ordusu Azərbaycan əhalisinin kompakt yaşadığı ərazilərə və əsgər yataqxanalarına zərbələr endirib. Bundan sonra ordumuz cavab tədbirləri görməyə başlayıb. Sözsüz ki, düşmən bizdən qat-qat ağır zərbələr alıb. Düşmənin müdafiə xətti yarılarkən xeyli itkiləri olub. Azərbaycan Silahlı Qüvvələri uzun illərdən sonra Seysulan yaşayış məntəqəsi, Füzuli, Xocavənd istiqamətində Lələtəpə deyilən strateji yüksəklik, Talış kəndi və yüksəklikləri də ordumuzun nəzarətinə keçib. Onlar çox strateji əhəmiyyətli yüksəkliklərdir. Füzuli briqadasının komandir müavini olduğum vaxtlarda Lələtəpə yüksəkliyi uğrunda çox ağır döyüşlər aparmışdıq. Lakin geri qaytara bilməmişdik. Düşmən həmin yüksəklikdən qoşunların təmas xəttinə yaxın yerləşən ərazilərimizi nəzarət altında saxlayırdı. Bu da bizə müəyyən problemlər yaradırdı. Amma indi o yüksəkliklər bizdədir. İndi biz onlara nəzarət edəcəyik. Azərbaycan ordusu üzərinə düşən vəzifəni yerinə yetirir. Kifayət qədər müasir silahlarımız var. Əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi müşahidə olunur. Yaxın günlərdə müsbət nəticələrin şahidi olacağıq”.

Ayyət Əhməd