Liftlə bağlı Sherg.az-a şikayət olundu: "Hər an şaxtaya düşə bilərik"

Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 19 saylı binanın sakinləri lift problemi ilə bağlı Sherg.az-a şikayət ediblər. 
Onlar bildiriblər ki, dəfələrlə rəsmi qurumlara və aidiyyatı orqanlara müraciət etsələr də, şikayətlərinə baxan olmayıb.
"Dəfələrlə yaşlı sakinlər, uşaqlar saatlarla liftdə qalıblar. Onların çıxarılması problem olub. Binada xəstə sakinlər yaşayır. 8-ci mərtəbədə Nazilə xanım ürək xəstəsidir, yeni əməliyyatı olunub. Yuxarı mərtəbədə yaşayan yaşlı Validə xanım da eyni şəkildə ağır əməliyyat keçirib. Onun həyat yoldaşı da xəstədir. 7-ci mərtəbədə yaşayan Rza dayı da taqətsizdir və liftdən istifadə edə bilmir. Xüsusilə, yuxarı mərtəbələrdə yaşaması səbəbindən qalxıb, düşmələrində çox çətinlik çəkirlər. Nəzərə alsaq ki, artıq yay gəlir, həmin yaşlı sakinlər, uşaqlar ən azından aşağı düşməli, açıq havada gəzməlidirlər. Onların yuxarı mərtəbələrdən pilləkanla çıxıb, düşməsi problemdir. Blokda eyni zamanda azyaşlı körpələri olan ailələr də var. 
Onların bağçaya, məktəbə aparılıb, gətirilməsi valideynlər üçün çətinlik yaradır. Blokun liftləri Sovet dövründən qalan köhnə liftlərdir. Qapılar demək olar ki, həftədə 3-4 dəfə xarab olur. Liftin düymələrini blok sakinləri bir neçə dəfə özləri pul yığıb düzəltdiriblər. Liftin "tros"unun düzəldilməsi üçün sakinlər pul yığdılar, problem həll olunsun. Liftin təmirinə dəfələrlə şəxsi təşəbbüslər göstərilsə də, liftimiz yenə də normal vəziyyətdə deyil. Hər an liftin "tros"u qırılıb, şaxtaya düşə bilər. Ona görə də biz aidiyyatı qurumlara müraciət edirik ki, lift problemimizi həll etsinlər”.
Aysel Aslan